Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən formalaşdırılmasına dair iclas keçirilib.
Rəsədxanadan bildiriblər ki, iclasda ŞAR-ın elmi işlər üzrə direktor müavini, dosent Xıdır Mikayılov müəssisədə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən danışıb. O, müəssisənin gənc potensialının böyük olduğunu və onların fəaliyyəti üçün bütün imkanların yaradıldığını deyib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov ŞAR-ın gənc əməkdaşlarının səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclərin elmi potensialının artırılmasından, gənc alimlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Eyni zamanda, ŞAR-da Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvləri seçilib. Səsvermə nəticəsində elmi işçilər Əminə Hümbətova ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Nərgiz Tağıyeva sədr müavini, Aynurə Məsimova isə şuranın katibi seçiliblər.
Ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında V İngilis dili olimpiadası keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, məktəblilərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək və akademik ingilis dili biliklərinə yiyələnmələrinə kömək etməkdir.
Olimpiadanın aprelin 19-da keçiriləcək ilk turunda şagirdlər ingilis dilinin qrammatikası və oxu qabiliyyəti üzrə 50 sualı cavablandıracaqlar. İlk mərhələni uğurla keçən şagirdlərin II mərhələdə ingilis dilində dinləmə və yazı bacarıqları yoxlanılacaq. Olimpiadada iştirak etmək üçün məktəblilər martın 31-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən ilk 1500 şagirdin olimpiadada iştirakı təmin ediləcək.
Qaliblər ADA Universiteti və tərəfdaş qurumların nümayəndələrindən ibarət komitə tərəfindən seçiləcək. Olimpiadada I yerin qalibi ADA Universiteti və Bakı Təhsil və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Böyük Britaniyada keçiriləcək bir həftəlik “Qlobal gənc liderlər proqramı”nda iştirak imkanı qazanacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin müdiri, Yüksək Texnologiyalar Parkının direktoru, professor Elton Məmmədovun ukraynalı həmkarları ilə birgə ərsəyə gətirdiyi “Avtomobillərin texniki istismarında ağıllı nəqliyyat sistemləri” adlı monoqrafiya işıq üzü görüb.
AMEA-dan bildirilib ki, kitabın rəyçiləri P.Vasilenko adına Xarkov Kənd Təsərrüfatı Milli Texniki Universitetinin professoru Anatoli Lebedev, Xarkov Milli Avtomobil Yolları Universitetinin professoru Oleq Nikonov, elmi redaktoru isə professor Elton Məmmədovdur.
Monoqrafiyada avtomobil nəqliyyatı sistemlərində müasir informasiya-kommunikasiya texnologiyaları təhlil olunur və onların inkişaf perspektivləri araşdırılır.
Nəşrdə idarəetmə sisteminin kompleks təkmilləşdirilməsi və logistika problemlərinin telematik texniki vasitələr və IPI texnologiyaları əsasında həlli məqsədilə nəqliyyat vasitələrinin istismarı prosesində texniki məlumatların elektron avtomatik identifikasiyası və monitorinqinin nəticələri verilir. Nəqliyyat vasitələrinin texniki istismarının ağıllı nəqliyyat sistemlərinə inteqrasiyası üçün metodologiya təqdim olunur.
Monoqrafiya avtomobillərin texniki istismarının müasir vəziyyətini, onların intellektual nəqliyyat sistemlərinə inteqrasiyasının nəzəri və praktik əsaslarını, müasir informasiya sistemlərinə inteqrasiyasının metod və vasitələrini, ITS şəraitində nəqliyyat vasitələrinin xüsusiyyətlərinə dair metodların təhlilinə dair bölmələrdən ibarətdir.
Kitab tələbə və magistrantlar, texniki müəssisələrin elmi işçiləri, nəqliyyat vasitələrinin dizaynı və istismarı sahəsində çalışan mütəxəssislər, o cümlədən yol-nəqliyyat infrastrukturu sektorunun əməkdaşları üçün nəzərdə tutulur.
Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən bildiriblər ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunub. Proqramda iştirak etmək istəyənlər martın 13-dək müraciət edə bilərlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarı Təhsil Nazirliyinin saytından əldə etmək olar.
Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Ukraynanın paytaxtı Kiyevdə fəaliyyət göstərən 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyasının direktoru Alla Jukova ilə görüşüb. Bu barədə BSU-dan məlumat verilib.
Görüşdə BSU ilə 323 saylı Beynəlxalq Münasibətlər Gimnaziyası və Yaroslav Mudrı adına Beynəlxalq Xeyriyyə Fondu arasında elm və təhsil sahəsində üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin imzalanmasında məqsəd üçtərəfli münasibətlərin inkişafı, Azərbaycanda Ukrayna dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və ənənələrini tanıtmaq, ortaq tədris və mədəniyyət layihə və proqramlarının həyata keçirilməsi, istedadlı tələbə və gənclərə dəstək verilməsi, tələbə və müəllim heyətinin mübadiləsini reallaşdırmaqdır. Müqavilədə iki ölkənin mədəniyyətlərinin qarşılıq olaraq tanıdılması, pedaqoji sahədə təcrübə mübadiləsi, tərəflərin seminarlarda, konfranslarda, dəyirmi masalarda iştirakı, beynəlxalq tədris və innovasiyalar sahəsində bacarıqların öyrənilməsi məqsədilə nümayəndə heyətlərinin ezam edilməsi nəzərdə tutulub. Həmçinin hər iki ölkənin tarix və mədəniyyəti ilə tanışlıq, əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın istedadlı gənclərinə dəstək veriləcək, eləcə də təhsil və mədəniyyət sahəsində digər fəaliyyətlər həyata keçiriləcək.
Rektor Nurlana Əliyeva əməkdaşlıq haqqında imzalanmış bu müqavilənin bütün tərəflər üçün faydalı olacağını vurğulayıb. Bildirilib ki, üçtərəfli müqavilənin imzalanması BSU-nun beynəlxalq əlaqələrinin genişləndirməsi istiqamətində atdığı növbəti uğurlu addımdır.
Qeyd edək ki, görüşdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Lesya Kərimova, Azərbaycanda Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko iştirak ediblər.
Türkiyənin Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tərlan Məmmədov qardaş ölkədə koronovirusla bağlı tədqiqatlar aparır.
AMEA-dan bildirilib ki, alim tədqiqatlar nəticəsində koronovirusa qarşı hədəf zülallarını müəyyən edib. Bu yaxınlarda zülalların bitki yarpaqlarının hüceyrələrinə köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu hüceyrələrdə virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.
Qeyd edək ki, Tərlan Məmmədov, həmçinin hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir: “Bu vaksinin kliniki sınaqlarda istifadəsi artıq Türkiyə hökuməti tərəfindən dəstəklənir”.
Bununla yanaşı, azərbaycanlı alim martın 5-dən 7-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Biotexnologiya Konqresində “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində malyariya əleyhinə təklif etdiyi vaksinlə bağlı məruzə ilə çıxış edəcək.
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək məqsədi ilə Azərbaycan Beynəlxalq Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə bank kartları buraxıb.
Agentlikdən verilən məlumata görə, bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri nağdsız qaydada həyata keçirmək mümkündür.
Hər hansısa bank kartına sahib olmayan şəxslər kartı Azərbaycan Beynəlxalq Bankının icbari tibbi sığorta tətbiq edilən ərazilərdəki filial və şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz ala bilərlər.
“Nağdsız hesablaşmalar haqqında” qanunun tələbinə uyğun olaraq publik hüquqi şəxs statuslu tibb müəssisələrində nağdsız ödənişlərin aparılması üçün Azərbaycan Beynəlxalq Bankı müvafiq layihə çərçivəsində onları lazımi sayda POS-terminal və ödəmə terminalları ilə təchiz edib. Vətəndaşlar tibb müəssisələrindəki ödəmə terminalı vasitəsilə sözügedən karta vəsait yerləşdirdikdən sonra ödənişlər POS-terminalla aparılır. Həmçinin Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrində, “Cash in” tipli bankomatlarında, E-manat və Azericard ödəmə terminalları və “Card to card” vasitəsilə də bu karta vəsait mədaxil etmək mümkündür. Bank kartı əhaliyə gələcəkdə tibb sahəsində digər xüsusi imtiyazlardan, əlavə güzəştlərdən faydalanmaq imkanı da yaradacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın səhiyyə sisteminin nağdsız ödənişlərə keçidində bu kartların mühüm yenilik olduğunu qeyd edib: “Bank kartı tibb müəssisələrində nağdsız qaydada ödənişlərin aparılmasına imkan yaradacaq. Nağdsız hesablaşmaların aparılması tibb müəssisələrində maliyyə dövriyyəsinin şəffaflığını artıracaq və hesabatlılığı təmin edəcək”.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu bank kartları icbari tibbi sığortanın ölkəmizdə uğurla tətbiqinə töhfə verəcək. Yaxın gələcəkdə bir sıra aptek şəbəkələri, səhiyyə infrastrukturu ilə əlaqəli digər sahələr də bu kartlarla ödəniş sisteminə cəlb ediləcək. Beləliklə, bu sferada nağdsız ödənişlərdən geniş istifadə üçün əlverişli ekosistem formalaşacaq. Vətəndaşlar bu kartlarla ödəniş zamanı kəşbək faizləri qazanacaqlar. Bununla da tibbi xidmətə görə xərclərinə müəyyən qənaət etmiş olacaqlar. Bütün bunlar ölkəmizdə nağdsız ödənişlərin tendensiyasını genişləndirəcək”.
Müasir dövlət bankı olan Beynəlxalq Bankın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
“SpaceX” və “Space Adventures” kosmos turizm şirkəti 2021-ci ildə turistləri dünya orbitinə aparacaq səfərlərə start verəcəyini elan edib.
“Sputnik”ə istinadən xəbər verilir ki, turistlər “Crew Dragon” adlı kapsulda səyahət edəcəklər.
“SpaceX” rəhbəri Qvinn Şotvell “Space Adventures” şirkəti ilə əməkdaşlığa dair bunları söyləyib: “Bu tarixi vəzifə onu xəyal edən bütün insanlar üçün kosmos uçuşunu mümkün edəcək. “Space Adventures” komandası ilə bu vəzifəni yerinə yetirməkdən qürur duyuruq”.
Q.Şotvell bildirib ki, səyahətin müddəti müştərilərin istədikləri qədər olacaq.
Qeyd edək ki, 1998-ci ildə yaradılan “Space Adventures” şirkəti indiyədək Rusiyanın “Soyuz” kosmik raketlərində Beynəlxalq Kosmos Stansiyasına (ISS) 7 turist göndərib.
“SpaceX” şirkəti isə “Crew Dragon” kosmik gəmisində səyahət edən turistlərin sayının həmişəkindən daha çox, yəni 4 nəfər olacağını vurğulayıb.
“Crew Dragon” kapsulunda kosmosa səyahətin turistlər üçün nəzərdə tutulan məbləği barədə dəqiq məlumat hələlik verilməsə də, qiymətin 62 milyon ABŞ dollarından baha olacağı gözlənilir.
Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb.
Baş Nazir Əli Əsədov imzaladığı qərarla “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib.
Eyni zamanda, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional idarələrin aparatı üzrə cəmi 20 ştat vahidi, abidə mühafizəçiləri üzrə 195 ştat vahidi müəyyən edilib.
Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin 2020-ci ildə saxlanılması xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib.
Konsertdə Xalq artisti Gülyanaq Məmmədova və tələbələri Nuranə Tanrıverdiyeva, Rəvanə Vəliyeva, Suma Tapdıqova, Rüstəm Rüstəmzadə, Teymur Əziz, Murad Hacıyev, Həmzə Həsənov, Məlahət Mahmudova, İbrahim Həsənov, Çinarə, Əməkdar müəllim Qəzənfər Abbasov və tələbələri Zülfüqar Mahmudov, Səbinə Ərəbli, Nasir Ətapur, Murad Rüstəmzadə, Nüşabə Kərimova, Asim Abbasov, Əlisəfa Qasımov, Ülviyyə Məmmədzadə, Fərid Əliyev, Murad Kəngərli, Əməkdar artist Nuriyyə Hüseynova və tələbələri, Nurlana Kərimova, Fidan Rəhimova, Sevinc Abidinova, Gülgün Cümazadə, Nurlan Nəsibli, Vəsilə Quliyeva, Telli Əbilova, Aslan Abdullayev, Murad Muradov, İbrahim Həsənov, Nurlan Salahov və başqaları iştirak ediblər.