Fevralın 19-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 272 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Dil dövlətin təsdiqidir” adlı tədbir keçirib.
İdarədən bildirilib ki, tədbirdə Beynəlxalq Ana Dili Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Diqqətə çatdırılıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı "Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında" Fərmana əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Qeyd edilib ki, tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərə bu günün məqsədini anlatmaq və onlara öz doğma dillərini sevdirməkdir.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstanın Xalq şairi, bu ölkənin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevi fəxri fərmanla təltif edib.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı fəxri fərmanı Xalq şairinə onun Ankarada- TÜRKSOY-un mərkəzi qərargahında keçirilən yubiley mərasimində təqdim edib.
Fəxri fərmanda görkəmli qırğız şairinin Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliğində səmərəli fəaliyyəti ilə əlaqədar təltif edildiyi bildirilir.
Fevralın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib.
Nominantlar ansambl və fərdi şəkildə təşkil olunmuş skirpkaçılardan ibarət olub.
Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçılar iştirak edib.
Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.
Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
“Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan müsabiqənin bağlanış mərasimi filarmoniyada keçiriləcək.
Fevralın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin “III Riçard” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Səhnə əsərində əsas obrazları Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova və başqaları ifa edəcəklər.
Martın 4-dən 7-dək Bakıda ikinci İtaliya-Azərbaycan Beynəlxalq Film festivalı keçiriləcək.
Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.
Festival İtaliyanın Azərbaycandakı səfirliyi, “Imago Group” film istehsalı şirkəti, Venesiyanın Ca Foscari Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Cinema Plus” və “United Cultures”in birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.
Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib. Eyni zamanda, iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub.
Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.
Qeyd edək ki, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib.
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisi açılacaq.
Fevralın 24-də Xətai Sənət Mərkəzində açılacaq sərgi çərçivəsində işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədilə keçirilib.
Türkiyədə “Robinzon” olaraq tanınan 81 yaşlı Ziya Abayın həyatı ekranlaşdırılıb.
Uzun illər Türkiyənin Əskişəhər şəhərində antikvar əşya satan Ziya Abay 1995-ci ildə həyat yoldaşını avtomobil qəzasında itirib. Dörd uşaq atası olan Z.Abayın övladları təhsil almaq və işləmək üçün ölkənin müxtəlif bölgələrinə köçüblər. O, tək qaldıqdan sonra, 14 il bundan əvvəl ölkənin Elazığ və Tunceli şəhərlərini birləşdirən Keban Baraj gölü hövzəsinin ortasında yerləşən təxminən 80 hektarlıq quraq, yaşayışın olmadığı əraziyə köçüb. Ötən 14 il ərzində özünün inşa etdiyi kiçik bir daxmada yaşayan Z.Abay, burada 3500 ağac əkib. Bu müddət ərzində Türkiyəli “Robinzon” quraqlıq adanı yaşıllıq əraziyə çevirib.
Ziya Abayın həyatı milli və beynəlxalq mükafatlara layiq görülən, Sivas Dövlət Universiteti radio və televiziya bölümünün əməkdaşı Turgay Kural tərəfindən ekranlaşdırılıb. Adada çadır quran T.Kural 15 gün davam edən çəkilişlər zamanı Ziya Abayın həyatını sənədli film şəklinə gətirib. Elektrik enerjisinin olmadığı adada çəkilişlərin aparılması üçün günəş enerji panellərindən istifadə edilib.
“Adam” adlı ekran əsərində həyatını danışan Z.Abay rəhmətlik həyat yoldaşını çox sevdiyini və onun yoxluğu ilə heç bir zaman barışmadığını söyləyib. Adadakı ağacları “övladlarım” adlandıran Z.Abay həyat yoldaşının təbiəti çox sevdiyini və onun xatirəsini əbədiləşdirmək məqsədilə bu yolu seçdiyini bildirib.
2020-ci ildə qədim Buxara şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib.
Bununla bağlı İSESKO-nun yüksək səviyyəli nümayəndəsi Rixati Salix Najibin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Nümayəndə heyətinin Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova və Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin rəhbəri Şoazim Minavarovla görüşündə Buxara şəhərinin rəsmi olaraq İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təşkilati məsələlər müzakirə olunub. Bildirilib ki, bu ilin aprelin 14-də Buxara şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı təntənəli açılış mərasimində İSESKO-nun Baş direktorunun iştirakı gözlənilir.
Kamola Akilova bildirib ki, tədbirlər çərçivəsində Səmərqənd və Buxara şəhərlərində elmi-praktik konfrans da keçiriləcək. O deyib ki, qonaqlar bu qədim şəhərlərin təkrarsız abidələri ilə də tanış olacaqlar.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 22-də göstəriləcək səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.
Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.
Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.