Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 21-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən bildirilib ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 173) Yardımlı rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 214) Cəlilabad rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələrinin əməkdaşları ilə əlaqə saxlaya bilərlər.
Qazaxıstanın “Egemen Qazaqstan” rəsmi dövlət qəzetinin 11 fevral tarixli nömrəsinin bütöv bir səhifəsi Azərbaycana həsr olunub.
Qəzetdə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramovun geniş müsahibəsi yer alıb. Müsahibədə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycana keçməsi, bu çərçivədə planlaşdırılan layihələr, türkdilli dövlətlər arasında elm və təhsil sahəsində əməkdaşlıqla bağlı görüləcək işlər, türk dünyasının böyük şəxsiyyətlərinin ortaq yubileylərinin təşkili kimi məsələlərə toxunulub.
Qəzetdə, həmçinin AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikirlərinə də yer verilib.
Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin əhalisinin məşğulluğuna yardım sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası təşkil olunacaq.
MDB-nin İcraiyyə Komitəsinin saytına istinadla xəbər verilir ki, ekspert qrupunun iclası fevralın 20-21-də keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ölkəmizdə üzvi kimyaçılar məktəbinin qurucusu, Azərbaycanın ilk akademiklərindən biri, iki dəfə AMEA prezidenti olmuş Yusif Məmmədəliyevin “Seçilmiş əsərlər” üçcildliyi daxil olub. MEK-dən bildirilib ki, üçcildlik kitabxananın elektron kataloquna daxil edilib.
Akademik Yusif Məmmədəliyevin əsərlərindən ibarət kolleksiya AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar təkrar nəşr olunub.
Kolleksiya neft-kimya sahəsinin mütəxəssisləri, müəllimlər və universitet tələbələri üçün nəzərdə tutulur.
Gənclər üçün Prezident mükafatına layiq görülmüş Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin dissertantı və “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Sərvinaz Hacıyeva “Yeni makroheterotsiklik liqandların və müxtəlif nanohissəciklərin əsasında nanosupramolekulyar ansamblların sintezi və onların tibdə və əczaçılıqda tətbiqi” mövzusunda uğurlu elmi tədqiqat işi aparır.
BDU-dan bildirilib ki, S.Hacıyeva 2016-2018-ci illərdə universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasında magistratura pilləsində təhsil alıb. 2019-cu ildən fakültədə üzvi kimya ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirir.
Qeyd edək ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin politologiya ixtisası üzrə məzunu Sabir Rüstəmov da 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda koronavirus epidemiyası (2019-nCoV) ilə bağlı maarifləndirici tədbir keçirilib.
İnstitutdan bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və akademiyanın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Çindən başlayaraq dünyaya yayılan koronavirusla bağlı cəmiyyətimizdə maarifləndirmə işləri aparılmasının vacibliyini vurğulayıb.
Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri, həkim Sevinc Ağalarova və həkim-epidemioloq Kəmalə Cəlilova koronavirus, virusa yoluxmanın ilk simptomları, ondan qorunma yolları barədə məlumat veriblər. Bildirilib ki, ölkəmizdə bu virusla yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə göstəriş verilib. Bu virusa immunitet sistemi zəif olanların, xüsusilə qocalar və uşaqların yoluxma riski daha çoxdur.
Qeyd edilib ki, virusdan qorunmaq üçün tez-tez əlləri yumaq, bol maye qəbul etmək, gigiyenik qaydalara əməl etmək və immuniteti gücləndirmək vacibdir.
Sonda həkimlər iştirakçıların suallarını cavablandırıb, tövsiyələrini veriblər.
Cari ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün isə miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, ötən illərdə Azərbaycan vətəndaşı olan uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron sənəd qəbulu şəxsiyyət vəsiqəsi ilə yanaşı, doğum haqqında şəhadətnamə ilə də aparılıb. Yeniliyə əsasən isə qəbul prosesində ancaq şəxsiyyət vəsiqəsi ilə iştirak etmək mümkün olacaq.
Qeyd edək ki, ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, dövlət informasiya ehtiyatında və sistemində məlumatlar mübadiləsinin şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməsi tələb olunur.
2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüş gənclərdən biri Murad Ağazadə riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarında 5 qızıl və beynəlxalq fənn olimpiadalarında 5 gümüş, 6 bürünc medal olmaqla ümumilikdə 16 medal əldə edib.
Təhsil Nazirliyindən bildiriblər ki, M.Ağazadə bu qurumun tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir.
“SABAH” tələbəsi Ziya Ağayev də bu gənclər sırasındadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aktyor sənəti ixtisası üzrə IV kursda təhsil alır. “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi ADMİU, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin “SABAH” qruplarının tərəfdaşlığı ilə keçirilən “Bir günəş altında” layihəsinin iştirakçısı olub. Ötən il Moskvada keçirilən “Rusiya Dövlət Teatr Sənəti İnstitutu (DTSİ) ustad-dərsi” adlı MDB ölkələri tələbələrinin Teatr festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə akademik yazı üslubları, məqalələrinin xarici jurnalların tələblərinə uyğun formalaşması, elmi nəticələrin məqalə formasına salınması zamanı buraxıla biləcək səhvlər, uyğun beynəlxalq indeksli jurnalların tapılması və s. məsələlərə həsr olunmuş təlim keçirilib. Təlimdə universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər.
AzMİU-dan bildirilib ki, tədbirdə Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva mövzunun aktual olduğunu qeyd edib.
Təlimi “Clarivate Analytics” şirkətinin informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva aparıb. O, “Web of Science” platformasına daxil olmaq üçün elmi məqalələr qarşısına qoyulmuş tələblər, onları təqdimetmə qaydaları, seçim meyarları, “yırtıcı jurnallar”la bağlı problemlər, elmi məhsuldarlıqla əlaqədar digər göstəricilər haqqında məlumat verib. Təlim zamanı Valeriya Kurmakayeva onlayn rejimdə yuxarıda sadalanan problemləri həll etmək üçün “Web of Science” platformasında nəzərdə tutulmuş alətlərdən bəhs edib və sualları cavablandırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gedib.
Dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.