Lvov Ukraynanın ən çox turist qəbul edən şəhərlərindən biridir. 2019-cu ildə Lvova 2,5 milyon turist səfər edib.
Bu barədə açıqlamasında Lvov şəhərinin meri Andrey Sadovoy məlumat verib.
Mer deyib ki, 73 mindən çox azərbaycanlı turist Lvov şəhərinə səfər edib. “Lvov şəhəri turizmin müxtəlif sahələrinə iqtisadi yatırımların qoyuluşu üçün əlverişli platformadır. Azərbaycanlı sahibkarlar bu platformadan səmərəli istifadə edə bilərlər”, - deyə o əlavə edib.
Mer qeyd edib ki, Lvovdan olan sahibkarların da Azərbaycana sərmayə yatırımı üçün müxtəlif layihələr üzərində iş gedir.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin “Banu” rəqs kollektivi Türkiyədə keçirilən tədbirdə uğurla iştirak edib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, festival Qəhrəmanmaraş şəhərində Milli Mücadilənin 100 illiyi münasibətilə keçirilib.
Festival çərçivəsində “Banu” rəqs kollektivinin bir-birindən maraqlı rəqs nümunələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.
Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyana Konserthausda çıxış edəcəklər.
Vyana Konserthausun saytına istinadla xəbər verilir ki, konsertin proqramına Cüzeppe verdi və Cakomo Puççininin əsərləri daxildir.
Anna Netrebko (soprano) yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. 2007-ci ildə ABŞ-ın “Time” jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
Yusif Eyvazovun (tenor) 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris və digər nüfuzlu opera teatrlarından dəvət alıb. Adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Martın 11-dən 22-dək İtaliyada Turin Kral Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş etdiriləcək.
Teatrın saytına istinadla xəbər verilir ki, martın 11, 13, 15, 18 və 22 tarixlərində səhnə əsərində Miminin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
Oktyabrın 9-dan 18-dək Bakıda növbəti caz festivalı keçiriləcək.
Bu barədə məlumat festivalın saytında yer alıb. Bu il festivalın təsis edilməsinin 15 ili tamam olur.
Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Jazz dünyası” jurnalı, A+A Events və “The Landmark Hotel-Baku”dur.
Mayın 6-dan 10-dək Berlində XJAZZ festivalı keçiriləcək.
Festivalın saytına istinadla xəbər verilir ki, mayın 7-də Azərbaycanın Əməkdar artisti İsfar Sarabski və Rusiyanın “Deeech” dueti (zərb alətləri ifaçısı Aleksandr Maşin və xoreoqraf Alina Sokulskaya) festivalda birgə konsert proqramı təqdim edəcək.
Beynəlxalq festivallarda uğur qazanmış Aleksandr Maşinin, həmçinin Azərbaycan musiqiçiləri ilə çıxışları olub. Alina Sokulskaya xoreoqraf, ifaçı, müəllim kimi fəaliyyət göstərir, Afroamerika rəqslərinin tədqiqatçısıdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Ə.Hüseynov adına 12 nömrəli Cəbrayıl tam orta məktəbin şagirdləri ilə birlikdə Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirib.
Tədbirdə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Məktəbdə, həmçinin şairin kitablarından ibarət “Bənzərsiz ömür yolu” adlı sərgi də təşkil edilib.
Tədbirdə əsas məqsəd şairin yaradıcılığını daha dərindən təbliğ etmək, şagirdlərə müəllifin əsərlərini oxumağı tövsiyə etməkdir.
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Qəşəm İsabəyli Hans Kristian Andersen mükafatına namizədlər sırasındadır.
Bu barədə məlumat Beynəlxalq Uşaq Kitabları Şurasının (International Board on Books for Young People – IBBY) rəsmi saytında https://www.ibby.org/awards-activities/awards/hans-christian-andersen-awards/hcaa-2020 yer alıb.
2020-ci il üzrə Hans Kristian Andersen mükafatı uğrunda 39 ölkədən 34 müəllif və 36 illüstrator mübarizə aparır.
İBBY tərəfindən 1956-cı ildə təsis olunmuş Hans Kristian Andersen mükafatı iki ildən bir təqdim olunur.
Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, “Cin” nağıl-povesti ilə Andersen Şərəf siyahısına düşüb. Onun “Balaca, bapbalaca” adlı ilk kitabı 1982-ci ildə nəşr edilib. Eyniadlı şeiri dilinin sadəliyi, ifadələrinin aydınlığı ilə seçilir. Sovet dövründə şeirləri “Murzilka” (Moskva, 1982) jurnalında dərc edilib. Beynəlxalq Uşaq Kitabları Şurasının “Bookbird” jurnalında (London, 2012) “Baba, sabahın xeyir!” hekayəsi ingiliscə çap edilib.
Q.İsabəylinin əsərləri rus, ingilis, Ukrayna, Belarus, qırğız dillərində çap olunub.
Gənc şair Fərid Hüseynin “Sevdiyim əsər” (müsahibələr) və “Təkrarın tənhalığı” (şeirlər) adlı kitabları işıq üzü görüb.
“Sevdiyim əsər” kitabında dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında tanınmış söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir.
“Təkrarın tənhalığı” kitabında Fərid Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.
Fevralın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası azyaşlı tamaşaçılar üçün növbəti dəfə təqdim olunacaq.
Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif yozumlarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluş və musiqi tərtibatı əsasında izləniləcək. Rejissor tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla tamam fərqli aspektdən yanaşıb.
Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayevin ifa etdiyi maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.
Qeyd edək ki, teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnələşdirilən tamaşanın bədii rəhbəri, teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu-baletmeysterləri, Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.