Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Almaz” yenidən səhnədə

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.

    Fevralın 21-də nümayiş ediləcək ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

    Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunu Əməkdar artist Məsmə Aslanqızı canlandıracaq.

    Digər rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev, Aslan Şirin , Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova, Mətləb Abdullayev, Vüsal Məmmədov və Ənvər Məmmədli ifa edəcək.

    Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

     
  • Şahdağ milli parkında sərgi və piyada yürüş keçirilib

    “Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüş təşkil olunub. Şamaxı, Qəbələ və İsmayıllıdan olan təbiətsevərlərin Cavanşir qalasına piyada yürüşündən sonra milli parkda nümayiş etdirilən sərgiyə baxış keçirilib.

    Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib ki, sərgidə ətraf kəndlərdə yaşayan əhali tərəfindən hazırlanmış milli parkın atributları əks olunan əl işləri və müxtəlif rəsmlər nümayiş etdirilib.

    A.Məmmədov qeyd edib ki, Cavanşir qalasına yürüşün və sərginin təşkilində məqsəd bölgənin qədim tarixini təbliğ etmək, yerli əhalinin turizm xidmətləri sahəsində iştirakına şərait yaratmaq və Şahdağ Milli Parkına ekoturistlərin marağının artırılmasına nail olmaqdır.

     
  • Dövlət Kreml Sarayında Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

    Martın 14-də Dövlət Kreml Sarayında dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr edilən “Sənsiz mahnı yoxdur” adlı konsert proqramı təqdim ediləcək.

    Dövlət Kreml Sarayının saytına istinadla xəbər verilir ki, konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “TenorA XXI veka” art layihəsi tərəfindən təşkil olunacaq. Konsertdə Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriləcək.

  • Emil Qədirov Moskvada solo konsert proqramı təqdim edəcək

    Müğənni və gitaraçı Emil Qədirov martın 21-də Moskvada “Vegas City Hall”da solo konsert proqramı ilə çıxış edəcək.

    Musiqiçinin saytına istinadla xəbər verilir ki, iki hissədən ibarət konsertdə Emil Qədirov həm dünya hitlərini yeni tərzdə səsləndirəcək, həm də estrada kompozisiyalarından tutmuş instrumental musiqiyədək müəllif mahnıları ilə çıxış edəcək. Bu barədə məlumat “Vegas City Hall”un saytında da yer alıb.

    E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. O, Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olub, hazırda “Qradskiy Holl” teatrının solistidir. Həmvətənimizin repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir. 2017-ci ildə onun “Məhəbbət, sən nifrətlə dostluq edirsən...” albomunun təqdimatı olub.

     
  • ADU-da “Koreyaya nəzər” adlı elmi konfrans keçirilib

    Azərbaycan Dillər Universitetində (ADU) Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Koreyaya nəzər” adlı elmi konfrans keçirilib.

    ADU-dan bildirilib ki, konfransda çıxış edən Koreya Mədəniyyət Mərkəzinin müdiri Bahar Əliyeva rəhbərlik etdiyi qurumun son zamanlar akademik istiqamətdə fəaliyyətini vurğulayıb. O, gələcəkdə belə elmi konfrans və seminarların keçiriləcəyini qeyd edib.

    Konfransda “Koreyanın Azərbaycandakı imici” (Bahar Əliyeva), “Koreya və Azərbaycan dillərində atalar sözlərinin müqayisəsi” (Aytən Əlinəvəsi), “Koreya dilini öyrənən azərbaycanlı tələbələr üçün Koreya dili qrammatika dərsliyinin hazırlanması” (Nərmin Məhərrəmova), “Koreya dilini öyrənən başlanğıc səviyyə tələbələrinin qrammatik səhvlərinin tədqiqi” (Vüsalə Həsənova) və s. mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

    Tələbələr “Yumşaq güc” (Zərbəyim Həsənova), “Koreya dalğasının Azərbaycanda yaranması və yayılması” (Aydan Hacıyeva), “Konglish” (Elvin Nuh), “Cənubi Koreyada Yəmən qaçqın problemi: Jejudo adasında qaçqın krizisi” (Araz Hüseynzadə) və s. mövzularda çıxış ediblər.

    Konfransda İnha Universitetindən dəvət olunmuş professorlar da iştirak edərək fikir mübadiləsi aparıblar.

     
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək

    Fevralın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 167 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edəcək.

    BŞTİ-dən bildirilib ki, Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da başlayacaq. Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

    Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

     
  • Antonio Quterreş: XXI əsrin çağırışlarını uğurla həll etmək üçün gender stereotiplərini qırmaq lazımdır

    BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

    BMT-nin saytına istinadla xəbər verir ki, günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Bu isə o deməkdir ki, elmi sahələrdə daha çox qadın çalışmalıdır. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxardır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmdə iştirakını gücləndirməyin vacibliyini xatırladır.

    BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü münasibətilə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, elm kollektiv bilik sahəsidir. Ancaq elmin inkişafı kişi və qadın arasındakı fərqə görə ləngiyir. Tələbə qızların çox az hissəsi ali məktəblərdə elmi fənləri öyrənməyi seçirlər. XI əsrin çağırışlarını uğurla həll etmək üçün biz bütün potensialımızdan istifadə etməliyik. Bunun üçün gender stereotiplərini qırmaq lazımdır. Bu isə qadınların peşə karyeralarında alim və tədqiqatçı olmağı seçmələrinə kömək göstərməyi zəruri edir.

    Müraciətdə qadın və qızların təhsil, təlim və elmi sahədə peşəkar karyera əldə etmələrini təşviq etməyin, gender bərabərsizliyini aradan qaldırmaq üçün dünya ölkələrinin səy göstərməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, BMT-nin hesabatlarına görə, elm və gender bərabərliyi təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bəşəriyyətin son 15 ildə bu sahədə böyük nailiyyətlər əldə etməsinə baxmayaraq qızlar və qadınlar hələ də təhsil almaqda maneələrlə qarşılaşırlar. Dünyada elmi tədqiqatlarla məşğul olanların cəmi 30 faizi zərif cinsin nümayəndələridir. UNESKO-nun hesabatına görə, 2014-2016-cı illərdə ali məktəblərdə təhsil alan qızların cəmi 30 faizi elmi-texniki fənləri seçib. İnformasiya kommunikasiya texnologiyaları üzrə ixtisasları seçən qızlar 3 faiz, riyaziyyat və statistika üzrə 5 faiz, mühəndislik və sənaye üzrə isə 8 faizdir.

     
  • Tovuzda pediatriya üzrə distant kurs təşkil edilib

    Təhsil proqramlarının mənimsənilməsi tədris fəaliyyətini həyata keçirən müəssisələrdə müxtəlif yeni texnoloji vasitələrin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir.

    İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, pediatriya kafedrası tərəfindən Bakı şəhərində və Tovuz rayonunda çalışan pediatrlar üçün distant kurs təşkil edilib. Tovuzda həkimlərlə praktiki məşğələləri pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və assistent İlahə İsrafilbəyova aparıblar.

    Həkimlər distant kursların daha sərfəli və səmərəli olduğunu bildiriblər.

     
  • Alimlər qlobal istiləşməni Günəş fəallığının artması ilə əlaqələndirirlər

    Günəş fəallığının artmasının Yer üzündə qlobal istiləşmədə qismən rolu ola bilər.

    TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bunu Moskvada Kosmik Tədqiqatlar İnstitutunda “Günəş sistemində plazma fizikası” mövzusunda keçirilən konfransda Pulkovo Rəsədxanasının elmi işçisi Yuri Naqovitsın bildirib. Diqqətə çatdırıb ki, günəş enerjisi axınının çoxalması səbəbindən Yerin atmosferinin əksetdirmə xüsusiyyətləri azalır. Bu, qlobal istiləşməyə qismən təsir edə bilər.

    Günəş fəallığının artması 400-600 ildir müşahidə edilir. Eyni zamanda, üç min ildir ki, ulduzların fəallığı və Günəş sistemində planetlərarası maqnit sahəsində gərginlik azalmaqdadır.

    Kosmik Tədqiqatlar İnstitutunda elmi rəhbər Lev Zelenıy bildirib ki, Günəş fəallığından çox şey asılıdır – həm iqlim, həm də Yer ətrafı kosmik fəzanın mənimsənilməsi və Aya uçuşlar üçün radiasiya aktivliyi baxımından Günəşin hansı fazada olması vacibdir.

  • Polşada “Azərbaycan-odlar yurdu” adlı mühazirə oxunacaq

    Polşanın Lodz şəhər kitabxanasında fevralın 20-də “Azərbaycan-odlar yurdu” adlı mühazirə oxunacaq.

    Mühazirəni polşalı məşhur səyyah, bələdçi Matsey Klimçak oxuyacaq.

    Kitabxananın tədbirlər bölməsində dərc olunan elanda qeyd olunub ki, mühazirədə iştirak edənləri sirlərlə dolu qədim Odlar diyarına virtual səyahət gözləyir.