YARAT Müasir İncəsənət Mərkəzində xarici ölkə istehsalı olan üç film nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, YARAT Film Klubu çərçivəsində nümayiş ediləcək ilk ekran əsəri rejissor İnqmar Berqmanın “Persona” filmidir.
Elizabet Foqler tanınmış aktrisadır. O hərtərəfli sağlamdır, lakin bir gün, Elizabet qəflətən susmağa başlayır... Heç kim onunla nə baş verdiyini anlaya bilmir. Elizabet gənc tibb bacısı Almaya həvalə olunur və psixiatr onları birgə dəniz kənarına göndərir. Elizabet daim susur, Alma isə ona öz həyatından müxtəlif hekayələri nəql edir, çox qəribə duruma düşən Elizabeti bu haldan çıxarmağa çalışır...
1 saat 25-dəqiqə olan ekran əsəri aprelin 15-də kinosevərlərin ixtiyarına veriləcək.
Bundan başqa, aprelin 22-də Fransa istehsalı olan "Yatmış adam", mayın 6-da isə “Nifrət” filmləri göstəriləcək.
Aprelin 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, Xalq artisti Şövkət Məmmədovanın 125 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətləri, habelə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə səmərəli fəaliyyəti haqqında məlumat verib.
Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən muzey direktoru onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. O deyib ki, Xalq artistinin həyatının keşməkeşli olmasına baxmayaraq, o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan A.Bayarmova onun pedaqoji fəaliyyətindən də danışıb.
Bildirilib ki, o, 1897 il aprelin 18-də Gürcüstanın Tbilisi şəhərində anadan olub. Atası Şövkətin musiqiyə həvəsini hiss edib, onu Bakıya gətirir. Tanınmış milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1911-cİ ildə Milanda musiqi məktəbinə göndərilib. Burada məşhur müğənni D.Ambroziodan dərs alıb. Şövkət Məmmədova sonra Kiyev Konservatoriyasında təhsil ala-ala R.Qlierlə birgə konsertlər verib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında kafedra müdiri, professor, Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova görkəmli sənətkarın həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətləri haqqında danışıb.
Qeyd edilib ki, unudulmaz müğənni mahir sənətçi operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O, eyni zamanda, bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da onun təşəbbüsü ilə yaradılıb. Burada Ü.Hacıbəylinin, M.Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb. Ş.Məmmədova 1981-ci il iyunun 8-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış videoçaarx vasitəsilə müşayiət olunub. Şövkət Məmmədovanın ifaları səslənən audio və videoyazılar səsləndirilib.
Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
prelin 30-da dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə elə həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası təqdim olunacaq.
Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Respublikanın Əməkdar artisti, istedadlı vokal ustası Ramil Qasımov ifa edəcək.
Tamaşada Xalq artistləri Əli Əskərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev və başqaları çıxış edəcəklər.
Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, "Koroğlu" Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Bu əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olub yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.
"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin 4-cü stansiyasında işlər nəzərdə tutulan plan üzrə davam etdirilir.
Report xəbər verir ki, bunu qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Xatırladaq ki, şərti adı "B-04" olan yeni stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə, Cəlil Məmmədquluzadə küçəsində inşa edilir.
Metro rəsmisinin sözlərinə görə, Bənövşəyi xəttin “Memar Əcəmi-2” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da “Qruntda divar” üsulu tətbiq edilir.
"Tikinti işləri qarşı-qarşıya dərin və ensiz xəndəklərin qazılmasından başlanır. Xəndək divarları bentonit məhlulu ilə emal olunmaqla möhkəmlənir, uçqun təhlükəsi aradan qaldırılır. Sonradan bu xəndəklərə dəmir-beton panellərin metal konstruksiyaları yerləşdirilir və xəndəklər beton məhlulu ilə doldurulur. İki divar arasında qalan sahədə qruntçıxarma işləri başlanır ki, bu da əvvəlki üsullarla müqayisədə daha az vaxt aparır və daha ucuz başa gəlir", - deyə o, qeyd edib.
“B-04” stansiyasının ümumi uzunluğu 170 metr, dərinliyi isə ərazinin relyefindən asılı olaraq 29-32 metr olacaq. Ən üst qatda - 1-ci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya 4 giriş vasitəsi ilə qəbul olunacaq. Burada döşəmənin betonlanma işləri başa çatdırılıb. Gələcəkdə zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində eskalatorlar quraşdıralacaq. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator üçün özül yeri ayrılıb.
2-ci səviyyə keçid funksiyalı olacaq. Buradan platforma və gözləmə zalı səviyyəsinə qədər inşaat işi aparılacaq. Bu səviyyə vasitəsilə həm də Konseptual inkişaf sxeminə uyğun olaraq, gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybəti birləşdirəcək Sarı xəttin “S-06” stansiyasına keçmək mümkün olacaq. İnşaat zamanı bu xüsusiyyətlər və digər xəttin stansiyasına keçid yerinin əvvəlcədən hazırlanması da nəzərdə tutulub.
Hərəkət məhdudiyyətli sərnişinlər Bənövşəyi xəttin əvvəlki stansiyalarında olduğu kimi, liftlərdən istifadə edə biləcəklər. Platformanın uzunluğu xəttin bütün stansiyalarında 144 metr olmaqla 7 vaqonlu qatar üçün nəzərdə tutulub.
Bakıda gender bərabərliyinə dair layihə çərçivəsində Latviyada çəkilmiş “Biele” bədii filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə filmin rejisoru İnara Kolmane də iştirak edib.
Latviyalı yazıçı Vizma Belşeviçanın öz həyatı mövzusunda yazdığı eyniadlı romana əsasən çəkilmiş filmdə 30-cu illərin sonunda Latviyada yoxsul bir ailədə böyüyən 7 yaşlı Biele adlı qızın yaşayışı təsvir olunur.
Qeyd edək ki, Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin Azərbaycandakı ofisi və Norveçin Tükiyədəki səfirliyilə birgə gender bərabərliyinə həsr olunmuş “O” beynəlxalq müasir incəsənət layihəsini həyata keçirir.
Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Mirnadir Zeynalovun YARAT Müasir İncəsənət Məkanının 10 illiyi çərçivəsində açılan “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi həm də bir il öncə əbədiyyətə qovuşan rəssamın 80 illiyinə həsr edilib.
Ötən ilin noyabrında açılan sərgi Abşeron təsviri sənət məktəbinin yetirməsi olan Mirnadir Zeynalovun daxili dünyasının bədii aynası kimi tamaşaçıların da ruhuna və şüuruna işıq tutur. Əlvan rənglərlə, mücərrəd formalarla, canlı ritm, emosional və ekspressiv rəmzlərlə zəngin olan bu əsərlərdə Mirnadir Zeynalovun özünəməxsus tərzi diqqəti cəlb edir.
YARAT Müasir İncəsənət Məkanının böyük sevgi ilə hazırladığı sərgidə müəllifin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mirnadir Zeynalovun özünün qalereyası, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsəri nümayiş olunur. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək bir neçə tematik zala bölünür. Sərgi zallarında divarlara kiçik həcmli şeirlər də həkk olunub. Bu şeirlər Mirnadir Zeynalovun əsərlərinin ideyalarını tamamlamaq, daha yaxşı qavranılmasına kömək etmək məqsədi daşıyır.
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü və Davud Qədiroğlunun təşkilatçılığı ilə aprelin 24-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası” adlı milli və dünya rəqsləri festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Bakıda fəaliyyət göstərən uşaq və gənclərin rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları, həmçinin sənətşünas-rəssam Məryəm Əsədovanın Azərbaycan rəqs tarixinə işıq tutan əsərlərindən ibarət sərgisi nümayiş olunacaq.
Festivalın təşkilində əsas məqsəd unudulmaqda olan Azərbaycan rəqslərinin uşaq və gənclər arasında tanıtmaq, mədəni, sosial müxtəlifliyə baxmayaraq rəqsin insanlar arasında emosional özünüifadə forması olduğuna diqqət çəkməkdir.
Rəqs kompozisiyaları münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin tərkibini Xalq artistləri Eldar Mansurov və Cəmilə Bayramova, Əməkdar artistlər Etibar Zeynalov və Eteri Cəfərova, ritm ifaçısı Cəfər Həsənov, rəqqasə, pedaqoq Səbinə İsmayılova təşkil edəcək.
Məlumat üçün qeyd edək ki, aprelin 29-u hər il dünyada “Beynəlxalq rəqs günü” kimi qeyd olunur.
UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası çərçivəsində ölkəmizin bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun bəyanatını səsləndirib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Qoşulmama Hərəkatının çoxtərəfli əməkdaşlığın əsl nümunəsi olduğu bildirilir. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə də daxil olmaqla Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin təşəbbüskarı kimi çıxış edir. BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycanın təşəbbüsü Qoşulmama Hərəkatı adından və 179 ölkənin dəstəyi ilə qəbul edilib.
Qeyd edilib ki, Qoşulmama Hərəkatı UNESCO-nun COVID-19 pandemiyasının onun mandat sahələrinə mənfi təsirlərini aradan qaldırmaq istiqamətindəki səylərini alqışlayır.
Qoşulmama Hərəkatı UNESCO və onun Qlobal Təhsil Koalisiyasının tərəfdaşlarının fəaliyyətini yüksək qiymətləndirir və Qlobal Təhsil Koalisiyası çərçivəsində “Gender Flaqmanı” vasitəsilə gender bərabərliyinə göstərilən diqqəti, xüsusən Afrika və Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində həyata keçirilən kampaniyanı dəstəkləyir.
Qoşulmama Hərəkatı UNESCO-nu Afrika və Gender Bərabərliyi kimi qlobal prioritetlərini davam etdirməyə və inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə prioritet verməyə çağırır.
Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı insan hüquqlarının və əsas azadlıqların ciddi şəkildə pozulması olan irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın, birtərəfli məcburi tədbirlərin və bununla bağlı hər cür dözümsüzlüyün bütün formalarını pislədiyini bir daha bəyan edir. Qoşulmama Hərəkatının üzv dövlətləri “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına ötürülməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının müddəalarının BMT üzv dövlətləri tərəfindən yerinə yetirilməməsi problemindən ciddi narahatlığını bildirir və UNESCO Katibliyini Konvensiyalara, xüsusilə də 1970-ci il UNESCO Konvensiyasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dövlətlərin milli irsinə və kimliyinə qarşı olan belə qanunsuz cinayətləri qətiyyətlə pisləmək üçün onların səsinə qoşulmağa çağırır.
NAM bütün dünyada qızlar üçün təhsildə hələ də mövcud problemlərdən narahatlığını ifadə edir və UNESCO-nun qızların təhsilinə, eləcə də təhsildə və təhsil vasitəsilə gender bərabərliyinə nail olunmasına sadiqliyini xatırladır.
Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyəti İsrailə beynəlxalq hüquq, o cümlədən UNESCO Konvensiyaları üzrə öhdəliklərini xatırlatmağa çağırır. Qoşulmama Hərəkatı işğal olunmuş ərəb ərazilərində ədalətin və ayrılmaz hüquqlarının, o cümlədən təhsil və mədəni hüquqların, habelə paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində Fələstin xalqının qanuni milli istəklərinin həyata keçirilməsinə çağırışını təkrarlayır.
Qoşulmama Hərəkatı UNESCO çərçivəsində koordinasiyasını artırmaq və təşkilatın mandatına uyğun olaraq müxtəlif sahələrdə gələcək fəaliyyətini genişləndirmək niyyətindədir.
Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.
Report xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə, Muzey və qalareyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva, layihənin kuratoru Angelo Bucarelli iştirak edib.
Şöbə müdiri Nərgiz Abdullayeva bildirib ki, layihə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq:
"Layihədə dünyanın ən məşhur fotoqrafları iştirak edəcək. Fotoqraflar Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadandır. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə birgə təşkil edilib. Layihəyə aprelin sonu, mayın əvvəli start veriləcək. Fotoqraf Şuşada bir neçə gün qalacaq və məkana ekskursiya təşkil ediləcək. Həmin fotoların dünya sərgilərində nümayişi gözlənir. Məqsədimiz Şuşanın təbliğidir".
Şöbə müdiri həmçinin qeyd edib ki, fotoqrafiya ilə peşəkar məşğul olan yerli fotoqraflar üçün xarici mütəxəssislərlə birgə işləmək şansı yaranacaq:
"Mütəxəssislər onlara təlim keçəcək və bu sahə ilə bağlı öz təcrübələrini bölüşəcəklər".
Angelo Bucarelli bildirib ki, layihə vasitəsilə Azərbaycan mədəni irsi dünyada daha yaxşı tanınacaq:
"Fotoqraflar müxtəlif ölkələrdən ölduğu üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər sezon üçün 30-40 keyfiyyətli fotolar seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək. Daha sonra Bakıdan başlayaraq və dünyanın bir çox ölkələrində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması planlaşdırılır".
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Vəsilə İsgəndərova Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar metodiki məktub hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məktub Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illiyi ilə əlaqədar imzaladığı müvafiq Sərəncamla başlayır. Məktubda şairənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Onun gördüyü xeyirxah əməllər, iştirak etdiyi ədəbi məclislər, dostluq etdiyi insanlar haqqında da məlumat yerləşdirilib.
Məktubda yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızının Xurşidbanu Natəvan haqqında yazdığı hekayə də yer alır.
Məktubun sonunda Natəvanın əsərlərinin siyahısı, onun haqqında olan ədəbiyyatlar, metodik tövsiyələr verilib.