Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi onlayn müzakirələrini davam etdirir

    Avqustun 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə regionda çalışan 90-dan çox gənc mədəniyyət könüllülərinin və “Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu”nun üzvlərinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev ilə görüş təşkil olunub.

    Tədbiri giriş sözü ilə açan mərkəzin elmi katibi Cavid Əliyev təmsil etdiyi qurum tərəfindən keçirilən reqemsal mədəni-kütləvi tədbirlərdə, təlimlərdə, konfranslarda, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllülərin fəal iştirakından danışıb. Qeyd edib ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

    Debat şəklində keçirilmiş görüşün təşəbbüskarı olan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verib.

    Konkret müəssisələr üzrə görülə biləcək birgə layihələr ətrafında aparılan müzakirələr çərçivəsində Heydər Əliyev mərkəzləri, muzeylər, kitabxanalar və mədəniyyət mərkəzləri kimi müəssisələrin fəaliyyətinin müasirləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Gəncləri mədəniyyət müəssisələrinə cəlb etməklə mədəniyyət sahəsinin aktuallığının artmasına nail olmağın mümkün olduğunu bildirən iştirakçılar mövcud istiqamətdə planlı şəkildə layihələrin reallaşdırılması zəruriyyətini də səsləndirib.

    Xüsusi olaraq müzakirə olunan mövzular sırasında müasir mədəni xidmətlər, mədəniyyət müəssisələrin sosial imici, mədəniyyət siyasətinin prioritetləri, müasir gənclər və bizim mədəniyyət, mədəniyyət sahəsi üzrə beynəlxalq tendensiyalar və s. mövzular yer tutub. Bu cür mövzular ətrafında regionlarda çalışan mədəniyyət işçiləri ilə birgə açıq müzakirələrin aparılmasının önəmliyini bildirən mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, məhz bu cür açıq təşəbbüslərə hər zaman açıqdır. Ölkə rəhbərliyinin sözügedən təşəbbüslərinin vətəndaşlarımızın, xüsusilə də gənclərimizin fərdi inkişafına xidmət etdiyini vurğulayaraq A.Usubəliyev bildirib ki, könüllülük fəaliyyəti peşəkarlığın qapılarını açan yoldur.

    Daha sonra Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupunun üzvləri tərəfindən maraqlı fikirlər səsləndirlmiş və canlı müzakirələr davam etdirilib. Öz növbəsində çıxış edən Ağstafa rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

    Xatırladaq ki, keçən il mərkəzin sayəsində könüllülər sırasına Lənkəran Dövlət Universitətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreografiya Akademiyasının və Bakı Humanitar kollecinin tələbələri də qoşulublar.

  • Kitabxana görkəmli dramaturq İlyas Əfəndiyev yaradıcılığına müraciət edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi görkəmli yazıçı, dramaturq İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” əsəri haqqında videoçarx hazırlayıb.

    "Dağlar arxasında üç dost" əsəri (1963) İlyas Əfəndiyevin ən çox sevilən romanlarından biri hesab olunur. Müəllifin digər roman və dram əsərlərində olduğu kimi bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu əsasən məhəbbət və ailə dramından ibarətdir. Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı, müxtəlif insan xarakterlərindən də söhbət açılır. Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.

     

  • “SABAH" qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edilib

    Təhsil Nazirliyinin "SABAH" qruplarında 2020-2021-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

    Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

    Qeyd edilən tələblərə cavab verən namizədlər avqustun 15-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər.

    Müsabiqə barədə ətraflı məlumatı http://sabah.edu.az/az/sabah-qruplarina-2020-2021-ci-tedris-ilinin-payiz-semestrine-muellim-qebulu linkinə daxil olaraq əldə etmək olar.

  • Bakı Dövlət Universiteti alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

    Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin bir qrup əməkdaşının məqaləsi "Web of Science", "Clarivate Analytics" elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

    Mustafa Muradov, Lalə Qəhrəmanlı, Ofeliya Balayeva, İlyas Nəsibov, Qönçə Eyvazova, İmaməddin Əmiraslanov, Zöhrab Ağamalıyevin "CdxZn1-xS/PVS nanokompozitlərinin SILAR üsulu ilə formalaşma mexanizmi" adlı məqaləsi "Results in Physics" beynəlxalq jurnalında dərc edilib. Jurnalın impakt faktoru 4.019-dur.

    Məqalədə CdxZn1-xS nanohissəciklərinin kristallizasiya mühitindən kationların birgə sorbsiyası üsulu ilə formalaşması zamanı nanohissəciklərin formalaşma mexanizmi araşdırılıb. Alınan zərrəciklərin kimyəvi tərkibi və optik xassələrinin kristallizasiya mühitində kationların nisbətindən (Cd2+/Zn2+) asılılığı müəyyən olunub. Nanohissəciklərin kimyəvi tərkibinə təsir göstərən amillərdən birinin sorbsiya mərkəzlərinin təbiəti olması göstərilib. Müəyyən edilib ki, polimer təbəqənin qalınlığı boyunca nanohissəciklərin paylanması qeyri-bircinsdir. Bu da nanohissəciklərin energetik vəziyyətinin səth və nazik təbəqənin daxilində müxtəlif olması ilə bağlıdır.

  • Son 3 ayda Azərbaycanın turizm imkanları 232 beynəlxalq onlayn tədbirlə tanıdılıb

    Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm imkanlarının hədəf bazarlarda və digər ölkələrdə virtual formatda tanıdılması fəaliyyəti onlayn vebinarlar və görüşlər vasitəsilə davam etdirilir.

    Iyul ayı ərzində bu fəaliyyət çərçivəsində xarici bazarlardakı turizm tərəfdaşları ilə 9 vebinar, 68 onlayn görüş keçirilib.

    Hədəf bazarları təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə keçirilən vebinarlara 249-dan çox iştirakçı qatılıb.

    Yaxın Şərq ölkələri, Hindistan, Çin, Rusiya, Belarus, BƏƏ, Cənubi Koreya, İsrail, Almaniya və Ukraynadan olan turoperatorlar və turizm şirkətləri ilə onlayn görüşlər baş tutub. Onlarla pandemiyadan sonrakı dövrdə turizm sənayesindəki dəyişikliklər, sanitariya və gigiyena məsələlərinin təmini formaları, dünya turizminin yeni inkişaf trendləri mövsuzunda müzakirələr aparılıb.

    Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Cənubi Asiya kimi regionlardan olan 50-dən çox ölkədən 1212 nəfər Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından (elearning.tourismboard.az) istifadə ediblər.

    Onlar Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, eləcə də regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıblar.

    Bundan əlavə, hədəf bazarları təmsil edən ölkələrin 55-dən çox turizm nümayəndəsi üçün onlayn formada 2 tanışlıq səfəri təşkil olunub.

    Ümumilikdə isə may, iyun və iyul ayları ərzində xarici bazarlardakı turizm tərəfdaşları ilə 56 vebinar, 176 onlayn görüş keçirilib və bu görüşlərə 2000-dən çox iştirakçı qatılıb.

    50-dən çox ölkədən 2000-ə yaxın şəxs isə Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platformasından (elearning.tourismboard.az) istifadə edib.

  • Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub

    Avropada klassik musiqinin beşiyi sayılan Vyana şəhərində ilin bütün mövsümlərində müxtəlif səpkili mədəniyyət tədbirləri, festivallar, konsert və tamaşalar təşkil olunur. Onların sırasında Vyana Şəhər Bələdiyyəsi önündə açıq havada təşkil olunan Vyana Film Festivalının özünəməxsus yeri var. Bələdiyyə meydanında quraşdırılmış böyük ekranda dünyanın müxtəlif ölkələrində istehsal olunmuş opera və balet tamaşalarından tutmuş klassik, caz və digər janrlarda ifa olunan konsertlər nümayiş olunur.

    Builki festivalda ilk dəfə olaraq təşkilatçılar Azərbaycan klassik musiqisinə müraciət ediblər. Festival çərçivəsində avqustun 5-də görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə“ baleti nümayiş olunub. Tamaşa həm melodiya rəngarəngliyi, həm də səhnə tərtibatına görə tamaşaçılarda böyük maraq oyadıb.

    Qeyd edilməlidir ki, festivalda təqdim olunan “Min bir gecə” baleti ötən il Bakıda Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda təqdim olunub.

    İyulun 4-dən sentyabrın 6-dək davam edən Vyana Film Festivalının xüsusiyyətlərindən biri də Bələdiyyə meydanında qurulan kulinariya köşkləridir. Milli və beynəlxalq mətbəxin təqdim olunduğu həmin köşklər sayəsində festivala gələnlər həm musiqidən, həm də ləzzətli təamlardan zövq ala bilirlər.

  • “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsinin növbəti videoçarxı Polad Həşimovun xatirəsinə ithaf olunub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində baş vermiş döyüş zamanı şəhid olmuş general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

    Videoçarxda şəhid generalımızın həyat və döyüş yolu foto şəkillərlə işıqlandırılıb.

  • Respublika Gənclər Kitabxanası “Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlayıb.

    Videoçarx “Instagram” və “facebook” sosial şəbəkələri üzərindən geniş istifadəçi auditoriyasına təqdim edilib. Videçarxda Toğrul Nərimanbəyovun bir sıra kədərli hadisələr, repressiyalar, məhdudiyyətlər və ayrılıqlarla müşayət olunan uşaqlıq illəri, əzmkarlıq, zəhmət ilə çizilən gənclik illəri haqqında məlumatlar öz əksini tapıb. Hazırlanan çarxda görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənməsinə dair nümunələr gətirilib. Bundan əlavə, materialda istedadlı fırça ustasının həm də opera ifaçısı olması, klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa etməsi də vurğulanıb. Videoçarxda Toğrul Nərimanbəyovun təltif edildiyi mükafatlar haqqında da məlumat verilib. Sözügedən videoçarxda rəssamın əsərləri, həmçinin də özünün şəxsi foto şəkilləri və video materialları da yer alıb.

  • Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib

    “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlərin təşkili layihəsini davam etdirir.

    Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə icra edilir.

    Quba rayonunda icra olunan layihə çərçivəsində qədim və unudulmaqda olan xalça naxışları, xalçaların daranması, iplərin seçilməsi və yuyulması, xalçaların qayçılanması, xalçalara ilmə vurma, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması, xalçaların toxunma qaydaları mövzularında nəzəri və praktiki təlimlər keçirilib.

    Təlimlərdə layihə rəhbəri, Azərbaycanın ilk sahibkar qadını, Əməkdar mədəniyyət işçisi Fatimət Ağamirzəyeva bildirib ki, xalçaçılıq sənətinin xanımlar arasında təbliğ edilməsi və nəsillərə ötürülməsi bu qədim sənətin yaşadılması deməkdir. "Regionda və ucqar kəndlərdə sahibkarlığın inkişafına stimul vermək məqsədi ilə layihə iştirakçılarına peşə sahibi, peşəyə yiyələnməklə yanaşı, həmçinin bu sənətə sahib olmaqla gəlir əldə etmək imkanı qazandırmaq əsas vəzifəmizdir.

  • Coğrafiya İnstitutunda landşaft planlaşdırılması istiqamətində tədqiqatlar aparılır

    AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları karantin rejimi şəraitində COVID-19 pandemiyasının yayılmasına təsir edən landşaft planlaşdırılması mövzusunu əhatə edən layihə üzərində işləyirlər.

    “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” adlanan bu layihə AMEA və İtaliya Milli Tədqiqat Şurası arasında imzalanmış elmi əməkdaşlıq proqramı çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin qalibidir. Layihənin əsas məqsədi müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsini müqayisə etməkdir.

    Layihənin nəticələri torpaq örtüyündə gedən dəyişikliyi öyrənməyə, kritik sahələri müəyyənləşdirməyə, daha çox sahələrdə ətraflı tədqiqatlar aparmağa imkan verəcək.