Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Muğam Mərkəzi ilə Braziliyanın ölkəmizdəki səfirliyi arasında memorandum imzalanıb
20.06.2022

Beynəlxalq Muğam Mərkəzi (BMM) və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Manuel Monteneqro imzalayıb.

Direktor Murad Hüseynov memorandumun mədəni əməkdaşlıqda mühüm töhfə olacağına əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, bu günə kimi BMM-in səhnəsində bir neçə dəfə braziliyalı musiqiçilərin konsertləri təşkil edilib: “Ötən ilin dekabr ayında pandemiyadan sonra, dekabr ayında “Rioda bir gecə” adlı konsert proqramı şəhər sakinləri və qonaqlara Cənubi Amerika ab-havalı musiqi axşamı bəxş etmişdi. Həmçinin Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Muğam aləmi" adlı beynəlxalq muğam festivalında, Ənənəvi Bakı Caz Festivallarında da braziliyalı musiqiçilər BMM-in qonağı olublar. Memorandum Azərbaycanlı muğam ifaçılarının Braziliyada braziliyalı musiqiçilərin isə Azərbaycanda milli musiqi ənənələrinin təbliğinə yeni imkanlar yaradacaq. İncəsənət fərqli mədəniyyətlərin dialoqunu yaradır. Musiqiçilər isə bu dialoqun ən gözəl nümunələrini təqdim edirlər”.

Səfir Manuel Monteneqro bildirib ki, Braziliya və Azərbaycan coğrafi olaraq bir-birindən uzaq məsafədə yerləşsə də, mədəniyyət baxımından müəyyən yaxınlıqlar xalqları birləşdirir: “Azərbaycan və Braziliyanın tarixi köklərə söykənən musiqisi var. Qarşılıqlı olaraq bu tarixin təbliğinə töhfəmizi verməkdən məmnunuq”.

Qeyd edək ki, BMM və Braziliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə iyun ayının 27-də BMM-də Braziliyanın populyar “Choronas” instrumental musiqi qrupunun konserti keçiriləcək. 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxışlar edib.

Oxşar Xəbərlər

    ×