2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülmüş gənclərdən biri Murad Ağazadə riyaziyyat fənni üzrə respublika fənn olimpiadalarında 5 qızıl və beynəlxalq fənn olimpiadalarında 5 gümüş, 6 bürünc medal olmaqla ümumilikdə 16 medal əldə edib.
Təhsil Nazirliyindən bildiriblər ki, M.Ağazadə bu qurumun tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir.
“SABAH” tələbəsi Ziya Ağayev də bu gənclər sırasındadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aktyor sənəti ixtisası üzrə IV kursda təhsil alır. “British Council”ın “Unlimited” proqramının tərkib hissəsi kimi ADMİU, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin “SABAH” qruplarının tərəfdaşlığı ilə keçirilən “Bir günəş altında” layihəsinin iştirakçısı olub. Ötən il Moskvada keçirilən “Rusiya Dövlət Teatr Sənəti İnstitutu (DTSİ) ustad-dərsi” adlı MDB ölkələri tələbələrinin Teatr festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.