Azərbaycan tamaşaçılarının da çox sevdiyi “Bremen musiqiçiləri” cizgi filminin, “Uğur centlmenləri”, “Adi möcüzə” və digər filmlərin bəstəkarı, Rusiyanın Xalq Artisti Gennadi Qladkovun bu gün 85 yaşı tamam olur.
TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bəstəkar hazırda İ.Krılovun təmsillərinə yazdığı vokal silsilə üzərində işləyir.
Bədii və cizgi filmlərinə yazdığı musiqi əsərləri Gennadi Qladkova geniş şöhrət qazandırıb. Onun “On iki stul”, “Məhəbbət formulu”, “Kaputsino bulvarından olan adam” filmlərinə, “Balaca və Karlson”, “Şir balası və tısbağa mahnı oxuyurlar” və digər cizgi filmlərinə bəstələdiyi musiqi nəsillərin sevərək dinlədiyi əsərlərdir. Bəstəkarın sözlərinə görə, o, heç vaxt film və ya tamaşa musiqisinə kor-koranə yanaşmır, əvvəlcədən ssenarini oxuyur və xoşuna gəldiyi halda işə başlayır.