Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri “Vikipediya”da uğurla fəaliyyət göstərirlər
25.09.2020

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəni əlaqələrinin inkişafında xüsusi rol oynayır. Mərkəz tərəfindən Özbəkistan mediasında Azərbaycanın ədəbiyyatı, tarixi, mədəniyyəti haqqında sistemli şəkildə məqalələr çap edilir.

Bu barədə “Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Mərkəz iki qardaş ölkə arasında ədəbi əlaqələrin inkişafında körpü funksiyasını uğurla yerinə yetirir. Xüsusilə Mərkəz tərəfindən “Vikipediya” istiqamətində görülən effektiv və nəzərəçarpacaq fəaliyyət strategiyası həyata keçirilir.

“Mərkəzin fəaliyyəti haqqında danışırıqsa, onların azad ensiklopediya olan “Vikipediya”da ölkəmizlə bağlı gördükləri işi xüsusi qeyd etmək lazımdır. Mədəniyyət Mərkəzi tərəfindən “Vikipediya”nın özbək dili bölməsi müxtəlif materiallarla zənginləşdirilir. Mərkəzin könüllüləri “Vikipediya”nın özbək dili bölməsində Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və görkəmli şəxsiyyətləri haqqında məqalələrin yaradılması və yerləşdirilməsini peşəkar səviyyədə həyata keçirirlər. Əminliklə demək olar ki, Mərkəzdə “Vikipediya”da peşəkar səviyyədə işləyən komanda yaradılıb. Mərkəzin “viki” könüllüləri tərəfindən ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Leyla Bədirbəyli, Xan Şuşinski, Qarakənd faciəsi, Xocalı soyqırımı, Zəngəzur, Şuşa rayonu, İrəvan xanlığı, şəhid general Polad Həşimov, Azərbaycan Xalq Cümhuriyyəti, Qız qalası haqqında və digər mövzularda özbək dili bölməsində məqalələr zənginləşdirilib. Siyahını daha da artırmaq olar və bu barədə mərkəzin saytında xüsusi məlumat verilib. Ümumilikdə könüllülər tərəfindən Azərbaycanla bağlı onlarla məqalə yaradılıb. Bu gün də “viki” könüllülər tərəfindən ciddi araşdırmalar aparılır. Məqalələrdəki boşluqlar aradan qaldırılır və əsaslı mənbələrlə zənginləşdirilir. Bu isə özbək dili bölməsində Azərbaycanla bağlı məqalələrin daha keyfiyyətli olmasını şərtləndirir. Zənginləşdirilən məqalələr vasitəsilə özbək oxucuları Azərbaycanla bağlı məlumatları asanlıqla əldə edirlər. Mərkəz, həmçinin Ermənistanın işğalçılıq siyasətini dolğun məlumatlarla özbək cəmiyyətinə çatdırır. Azərbaycanda ”Vikipediya” fəaliyyətinin üzvü olaraq Mərkəzin bu istiqamətdə uğurla həyata keçirdiyi işlərdən qürur hissi keçirirəm. Bu işdə fəallıq göstərdikləri üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova, bu qurumun könüllüsü Yusif Məmmədova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Kərimulla Məmmədzadəyə və Nəzrin Atabəyliyə, Mərkəzi Elmi Kitabxananın əməkdaşı Nuray Tanrıverdiyevaya təşəkkür edirəm. Qeyd edim ki, bu günlərdə Mərkəzin yaradılmasının 10 ili tamam olur. Bu münasibətlə Mərkəzin rəhbərliyini və əməkdaşlarını təbrik edirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycan adına uğurlu layihələrə imza atacaqlar”, – deyə Elnur Eltürk qeyd edib.

Oxşar Xəbərlər

    ×