Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Anar Kərimov ICESCO-nun baş direktoru ilə onlayn görüş keçirdi
20.11.2020
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirdi. Görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi apardılar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də  Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verdi. O qeyd etdi ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirdi. Dr. Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirdi və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd etdi. ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olundu. A.Kərimov Azərbaycan və ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs etdi və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Anar Kərimov qeyd etdi ki, hazırda Azərbaycan qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna  qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki,  Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək vermiş və bundan sonra da bu dəstəyi əsigəməyəcəkdir. Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, “Bakı Prosesi” təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında  müzakirələr aparıldı.
Oxşar Xəbərlər

    ×