Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb

    Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

    Tədbirdə Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də açılıb. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.

    Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur.

    Onun sözlərinə görər, bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Səlahiyyətli nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə edib.

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli çıxışında dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı tarixi Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna roluna diqqət çəkən akademik qeyd edib ki, bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu baxımdan sözügedən Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir.

    “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirib ki, qəzetin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib.

    Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.

    62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.

    Tədbirin bədii hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı təqdim olunub.

  • “Düyməcik” yenidən Kukla Teatrının səhnəsində

    Aprelin 20-də Azərbaycan Dövlət Kukla Teatrı daha bir səhnə işini balaca teatrsevərlərin ixtiyarına verəcək.

    AZƏRTAC xəbər verir ki, kuklaçılar bu dəfə səhnədə uşaqların sevimli yazıçısı, məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılını təqdim edəcəklər.

    Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı isə, Rəvanə Yaqubovadır.

    Açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan nümunədə fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikasının vəhdətinə nail olunub. Yeni və maraqlı üslubda dekorasiya və əlbisələrin olduğu tamaşada pantom və mimikalar ilə oyun texnikalarından da istifadə edilib.

    Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.

    Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb.

    Andersenin əksər nağılları kimi müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.

  • Məlumat lövhələrinin dizaynının hazırlanması üçün müsabiqə elan olunub

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edib.

    Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini aprelin 15-dən mayın 15-dək təqdim edə bilərlər.

    Layihənin təşkil edilməsində məqsəd tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılmağı üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanmasıdır. Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilən materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir.

    Müsabiqə qaliblərinin adları mayın 30-da elan olunacaq.

    Ətraflı məlumat üçün https://culture.gov.az/medias/media/other/978/reqlament.pdf linkinə keçid etmək mümkündür.

  • Musiqili Teatr may repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mayda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC sənət ocağının gələn ay üçün nəzərdə tutulan repertuar planını təqdim edir.

  • Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aprelin 16-dan 30-dək repertuarı

    19 aprel - “Mən, sən, o və telefon”

    Tamaşanın premyerası 2022-ci il oktyabrın 7-8-də olub.

    Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya).

    Yazıçı Anarın əsəri əsasında səhnələşdirilmiş tamaşa telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj - Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir. Mədinə ikisindən hansını seçəcək?

    20 aprel – “Artistin taleyi”

    Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.

    Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.

    21 aprel - “Afina axşamları”

    Petr Qladilinin ikipərdəli lirik komediyasının premyerası 2016-cı il yanvarın 17-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Pyesin süjeti ailənin atası Boris Oleqoviçlə onun qızı, pianoçu Nataşa arasında ixtilafa toxunur. Baxışların ziddiyyətini Nataşanın nənəsi – knyaginya Rastopçina özünəməxsus tərzdə aradan qaldırır.

    26 aprel - “Kişi, qadın, pəncərə... məşuq”

    Rey Kuninin pyesi əsasında hazırlanan tamaşanın premyerası Azərbaycanın Xalq artisti İranə Tağızadənin quruluşunda 2018-ci il mayın 4 və 5-də təşkil olunub.

    Tamaşa çox qəribə vəziyyətlər kaleydoskopuna çevrilir ki, buraya pyesin bütün qəhrəmanları düşür. Hər şey isə ondan başlayır ki, mötəbər centlmen, Britaniya parlamentinin üzvü ser Uilli “Vestminster” beşulduzlu otelində otaq götürür. 13 nömrəli otağın pəncərələri Biq-Benə açılır. Məhz bütün gərginlik “nəhs rəqəm” ucbatından başlayır.

    27 aprel - “Qürur və qərəz”

    Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.

    28 aprel – PREMYERA – “Voytsek”

    Tamaşa XIX əsr alman dramaturqu, alim və şairi Qeorq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanıb.

    Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.

    Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.

    “Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.

     

  • Bu gün Dünya İncəsənət Günüdür

    15 Aprel- Dünya İncəsənət Günüdür. Bu əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı qəbul olunan qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.

    UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

    Dünya İncəsənət Günü beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq beynəlxalq mədəniyyət günü kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi.

    Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalayıb. Sonradan bu paktın bir sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirilib. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel beynəlxalq mədəniyyət günü kimi irəli sürülüb və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlanıb.

    İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.

    Yeri gəlmişkən qeyd edək ki, dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxaraq onu təbliğ və inkişaf etdirməyə çalışır. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz. Sevindirici haldır ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşamışlar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunmuşdur.

    Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.

    Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır, bir bütün olaraq qəbul edir. Bu, eyni zamanda, özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Məşhur incəsənət xadimləri ölkəmizə gələrək həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar.

    Bütün bunlar onun deməyə əsas verir ki, biz dünya mədəniyyəti ilə iç-içəyik - mədəni əlaqələrimiz sərhədlərə sığmır. Azərbaycan mütərəqqi mədəni ideyalara, beynəlxalq konvensiyalara qoşulmaqla qalmır, eyni zamanda, onların gerçəkləşməsinə real dəstək verir.

  • Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq

    Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq.

    Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

    Onun sözlərinə görə, xalq yazıçısının durumu yaxşıdır.

    Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.

  • “Rabitəbank” Asiya İnkişaf Bankı ilə əməkdaşlıq müqaviləsi imzalayıb

    “Rabitəbank” ASC və Asiya İnkişaf Bankı (ADB) arasında “Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi”nə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

    Müqaviləni “Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynov və ADB-nin Azərbaycan üzrə ölkə direktoru xanım Kendis MakDiqan imzalayıblar.

    ADB ilə əməkdaşlıq "Rabitəbank"ın ticarətin maliyyələşdirilməsi əməliyyatlarını gücləndirmək və müştərilərinə təkmil xidmətlər təklif etmək məqsədi daşıyır. Bu strateji tərəfdaşlıq "Rabitəbank"ın beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün zəruri maliyyə alətləri ilə təmin etməklə biznesi dəstəklədiyini nümayiş etdirir. ADB-in təcrübəsindən, maliyyə dəstəyindən istifadə etməklə, "Rabitəbank" beynəlxalq ticarət əməliyyatları ilə bağlı riskləri azaltmaq üçün öz potensialını daha da gücləndirəcək və nəticədə regionda daha çox iqtisadi dayanıqlığa və rifaha kömək edəcək.

    A.Hüseynov bildirib: “Biz ticarətin maliyyələşdirilməsi imkanlarımızı genişləndirmək üçün ADB ilə əməkdaşlıqdan məmnunuq. Bu saziş bizim iqtisadi inkişafı təşviq etmək və transsərhəd ticarəti asanlaşdırmaq üçün birgə öhdəliyimizi əks etdirir. ADB-nin dəstəyi ilə müştərilərimizin inkişaf edən ehtiyaclarına cavab verən və davamlı inkişafa töhfə verən uyğunlaşdırılmış maliyyə həlləri təqdim edəcəyimizə əminik”.

    “Biz Azərbaycanın maliyyə sektoruna qayıtmaqdan məmnunuq. "Rabitəbank" ilə bu tərəfdaşlıq Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramının 2016-cı ildən bəri Azərbaycanda ilk Ticarət Maliyyələşdirilməsi əməkdaşlığıdır. "Rabitəbank" Azərbaycanda biznesin inkişafına xüsusi diqqət yetirdiyinə, təchizat zənciri proqramını genişləndirməyi planlaşdırdığına və Azərbaycanın qeyri-neft sektorunun inkişafına sadiqliyinə görə bizim üçün önəmli tərəfdaşdır”, - deyə K.MakDiqan qeyd edib.

    Bu əməkdaşlıq vasitəsilə "Rabitəbank" qlobal ticarətin mürəkkəbliklərini idarə etmək istəyən bizneslər üçün etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. ADB ilə tərəfdaşlıq "Rabitəbank"ın regionda iqtisadi tərəqqi və rifahı təmin edən innovasiyalar və əlavə dəyərli xidmətlərin təqdim edilməsi üzrə davamlı səylərini nümayiş etdirir.

    "Rabitəbank" 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

    ADB ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirməklə yanaşı, firavan, əhatəli, davamlı və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir. Bank 1966-cı ildə yaradılıb və onu regionun 49 ölkəsi də daxil olmaqla 68 üzv idarə edir.

  • Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

    Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası (AzTV) tərəfindən “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

    Layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.

    Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrin yadigarı olan qəsrin qarşısında muğam və təsniflərimizi səsləndirib. Onu tarda Xalq artisti Elçin Həşimov,kamançada Əməkdar artist Elnur Əhmədov müşayiət edib.

    Həmin ifanın lent yazısı aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq.

    Qeyd edək ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

    Layihənin ilk buraxılışının musiqili qonağı xanəndə, Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru və Muğam kafedrasının müdiri, Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov Azərbaycan muğam sənətinin tanınmış nümayəndəsidir.

    Kiçik Mərdəkan qəsri Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biridir. Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə təcəssüm etdirən abidənin XIII-XIV əsrlərdə inşa olunduğu məlumdur. Strateji baxımdan əlverişli yerdə ucaldılan tarixi tikili düşmən təhlükəsi haqqında məlumatı qısa zamanda lazımi ünvanlara çatdıra bilirdi.

  • "Bank Respublika" yenilənmiş “Memar Əcəmi” filialını yeni ünvanda açdı

    “Bank Respublika”nın Memar Əcəmi filialı yeni konseptdə və yeni ünvanda

    “Sizə faydalı” şüarına hər zaman sadiq qalan "Bank Respublika" ASC müştərilərin rahatlığının təmin edilməsi və filial şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə xidmət nöqtələrinin müasirləşdirilməsini davam etdirir.

    Bank xidmət şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində daha bir filialı yeni ünvanda müştərilərin ixtiyarına verib. Belə ki, Bankın “Memar Əcəmi” filialı, bundan belə, Bakı şəhəri, Alı Mustafayev küçəsi, 5 (3-cü mikrorayon dairəsi) ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofisdə müştərilərə xidmət göstərəcək. Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

    Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

    “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 34 filialı və 1 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

    Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.