Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı apreldə maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
AZƏRTAC sənət ocağının repertuarını təqdim edir.
5 aprel - “Qətibə inanc”
6 aprel - “Xurşidbanu Natəvan”
7 aprel - “Ölülər”
10, 12, 13, 14 aprel - “Manqurt”
11 aprel - “Küknarlara məktub”
19 aprel - “Dantenin yubileyi”
20 aprel - “Xurşidbanu Natəvan”
21 aprel - “Buratino axmaqlar ölkəsində”, “Ah, bu uzun sevda yolu”
24 aprel - “Bir, iki, bizimki…”
25 aprel - “Dəli yığıncağı”
26 aprel - “Filumena Marturano”
27 aprel - “Şükriyyə”
28 aprel - “Ah, bu uzun sevda yolu”, “Sənsiz”
Bu gün Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin anım günüdür.
AZƏRTAC xəbər verir ki, ölümündən 38 il ötən Səməndər Rzayevin Azərbaycan teatr və kinosunda yaratdığı bir-birindən bənzərsiz obrazlar dünən olduğu kimi bu gün də maraqla qarşılanır.
Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Xalq artisti Rza Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.
Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.
S. Rzayevin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev Azərbaycan kinosunda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. S.Rzayev millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.
"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar S.Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.
Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, Xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər Rzayev obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.
Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.
Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev onu böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.
Günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu, soyuq səhnədə xəstə aktyorun son oyunu idi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xarəzm vilayətinin Ürgənc Dövlət Pedaqoji Universitetində (ÜDPU) görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, universitetin Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində keçirilən tədbiri ÜDPU-nun prorektoru professor Sərdar Xocaniyazov açaraq “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrini Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində atılmış yeni bir addım kimi qiymətləndirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq bu istiqamətdə Mərkəzinin reallaşdırdığı layihələrindən danışıb. Özbəkistanlı oxucularda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu qeyd edən K. Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən indiyə qədər müxtəlif mövzularda çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olunduğunu diqqətə çatdırıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki qardaş ölkə arasında əlaqələrinin dərin, qədim tarixi köklərindən söz açaraq ədəbi əlaqələrin də mədəni əlaqələr kimi yüksək səviyyədə olduğunu, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu sahə üzrə məqsədyönlü işlərin aparıldığını qeyd edib.
Tədbirdə digər çıxış edən natiqlər “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrini ədəbiyyatşünaslıq baxımından mühüm hadisə kimi qiymətləndirərək bu əsərin Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu vurğulayıblar.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və “Ön söz” müəllifi isə özbəkistanlı alim Abdulla Uluqovdur.
Kitabın Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu gün dünya ictimaiyyətinin geniş şəkildə qeyd etdiyi Ümumdünya Teatr Günü münasibətilə müraciət yayıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə teatr sənətinin bəşəriyyətin mədəni irsinə verdiyi misilsiz töhfə vurğulanıb. ICESCO-nun müraciətində deyilir: “Hər il martın 27-də teatr sənətinin bir ilham mənbəyi kimi dünyada incəsənətin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində rolunu, müxtəlifliyi və bəşər tarixinə mədəni təsirini təşviq edən, habelə onun qeyri-maddi sivilizasiya irsinin ayrılmaz hissəsi olduğunu vurğulayan Ümumdünya Teatr Günü qeyd edilir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu fürsətdən istifadə edərək, teatr sənətini dəstəkləmək, mədəni dialoqu təşviq etmək və təşkilata üzv dövlətlərdə teatr artistlərinin bacarıqlarını inkişaf etdirmək öhdəliyini təzələyir. Təşkilat, eyni zamanda, elmi nəşrlər və simpoziumlar vasitəsilə, xüsusən də süni intellektin yaratdığı problemlər və onun insan yaradıcılığının azaldılmasına təsiri fonunda əcdadların mirası olan bu vacib sənətin rolunun gücləndirilməsi istiqamətində göstərilən səyləri vurğulamağa çalışır”.
ICESCO vurğulayıb ki, bununla əlaqədar olaraq, təşkilat İslam dünyasında teatrın mədəni kimliyini möhkəmləndirməyə yönəlmiş bir sıra bələdçi nəşrləri, habelə məktəblilər üçün bədii və teatr təhsili üzrə rəhbər tədqiqatın hazırlanması üzərində işləyir.
Müraciətin sonunda qeyd olunub: “ICESCO Ümumdünya Teatr Günündə xüsusi ehtiyacı olan insanların teatr tamaşalarına inteqrasiyası və sosial birliyin möhkəmləndirilməsi ilə yanaşı, bu sənət növünü inkişaf etdirmək, artistlərin hazırlanmasını təşviq etmək və səhnə sənətinin qoruyub saxlamaq üçün üzv dövlətlərinin səylərini dəstəklədiyini bir daha təsdiqləyir.
Ümumdünya Teatr Günü 1961-ci ildə Beynəlxalq Teatr İnstitutu (ITI) tərəfindən təsis edilib. Beynəlxalq qeyri-hökumət təşkilatı olan ITI 1948-ci ildə UNESCO və beynəlxalq teatr ictimaiyyəti tərəfindən yaradılıb.
Bu gün dünyaşöhrətli musiqiçi Mstislav Rostropoviçin doğum günüdür
Bu gün dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasından 97 il ötür.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dünyaşöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib.
Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.
Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.
Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edib. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.
Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.
Dünyaşöhrətli musiqiçiyə D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.
Mstislav Rostropoviç 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.
Mstislav Rostropoviç sovet ideologiyasının ən təhlükəli illərində belə demokratik ideyaları çəkinmədən səsləndirib.
Dünyaşöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç UNESCO-nun səfiri kimi bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləyib. O, həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak edib.
2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb. M.Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı gəlib və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr verib.
Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.
Müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkar - Mstislav Rostropoviçin əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq.
Milli Kitabxanada Xalq yazıçısı Mehdi Hüseynin 115 illiyi münasibətilə kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı sərgidə yazıçının əsərləri yer alıb. Həmçinin, dünya ədəbiyyatından tərcümələri və redaktə etdiyi, haqqında yazılmış kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunub.
İctimai dövlət xadimi, şərəfli ömrünü vətəninə və xalqına həsr edən əbədiyaşar yazıçı 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub.
Mehdi Hüseyn ədəbiyyat və mədəniyyətimizi sənət inciləri ilə zənginləşdirən, əsərlərində bəşəri fikir və ideyaları əks etdirən istedadlı sənətkardır. “Daşqın”, “Kin”, “Fəryad” kimi povestlərin, “Tərlan”, “Abşeron”, “Qara daşlar”, “Səhər”, “Yeraltı çaylar dənizə axır” adlı romanların müəllifidir.
Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
AZƏRTAC xəbər verir ki, yaranmasının 151-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.
Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə Milli Kitabxanada ədibin həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtib və redaktə etdiyi kitablar, haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Xalq yazıçısı İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub.
İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır. O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.
İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlsə də, ancaq özünü nəsrdə tapıb və müasir ədəbiyyatımızda nəsrin ən görkəmli nümayəndəsi kimi şöhrət qazanıb. Yazıçının “Kerç sularında”, “Dağlar səslənir”, “Daşkəsən”, “Ayrılan yollar”, "Dəli Kür”, "Ölən dünyam” və sair əsərləri ədibə ümumxalq məhəbbəti qazandırıb.
“Dəli Kür” romanı nəsrimizin şah əsərlərindən sayılır və yazıçı istedadının nələrə qadir olduğunu, səviyyəsini ortaya qoyur.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel repertuarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, sənət ocağı repertuarında xüsusi yer tutan tamaşalarla teatrsevərlərin qarşısına çıxacaq.
4 aprel - “Aysedora”
5 aprel - “Qadınım”
6 aprel - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
7 aprel - “Bir dayan, canavar!”, “Nəğməmə inan”
12 aprel - “Amerikalı kürəkən”
13 aprel - “Qırmızı papaq”, “Lara Martin’s Jazz Club”
14 aprel - “İki küpəgirən qarı”, “Sevənlərindir dünya”
19 aprel - “Anamın kitabı”
20 aprel - “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”
21 aprel - “İki küpəgirən qarı”, “Kimyagər”
25 aprel- “Utancaq qız”
26 aprel - “Molla Nəsrəddinin beş arvadı”
27 aprel - “Dəcəl çəpişlər”, “O olmasın, bu olsun”
28 aprel - “İki küpəgirən qarı”, “Psix”.
Azərbaycan Milli Kitabxanasında “27 mart - Beynəlxalq Teatr Günü” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif dillərdə teatr tarixində iz qoymuş görkəmli şəxslərin həyat və yaradıcılığına dair kitablar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Beynəlxalq Teatr Günü Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişib. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.