Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib

    Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində qədim kəlağayıların nümayiş olunan sərgi ilə tanış olublar.

    Kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

    “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Vurğulayıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı Muzeyi” yaradılıb.

    Güllü Eldar Tomarlı sədri olduğu birliyin təşkilatçılığı nəşr olunmuş kəlağayını vəsf edən dörd kitabı universitetin Elmi Kitabxanasına hədiyyə edib.

    Sonra kəlağayıya həsr olunmuş ədəbi-bədii kompozisiyada təqdim olunub.

    “Sazlı, sözlü kəlağayı günləri” Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə və digər təhsil ocaqlarında silsilə tədbirlərlə davam edib.

  • “Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq

    Aprelin 21-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını nümayiş edəcək.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin qurulmasında məqsəd azyaşlıların bədii-estetik zövqünü formalaşdırmaqdır.

    Balacalara maraqlı anlar bəxş edən tamaşa eyni zamanda, yaradıcı sənətə məhəbbət aşılayır.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Kənan Bağırov

    AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

    Növbəti həmsöhbətimiz Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin 10-cu sinif şagirdi, skripkaçı, çoxsaylı müsabiqələr laureatı Kənan Bağırovdur.

    Kənanın 15 yaşı var. O, 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinfində oxuyur. Yeniyetmə musiqi ilə 5 yaşından məşğul olur. 2017-ci ildən bəri istedadlı skripkaçı onlarla müsabiqədə iştirak edib və əksəriyyətində qalib olub. Kənanın sözlərinə görə, onlardan ən yaddaqalanı 2023-cü ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalı olub.

    Skripkaçı deyir: “Bu müsabiqədə birinci yerə layiq görüldüm. Festivalın ikinci turundan sonra biz iştirakçılarla birlikdə Laçına yollandıq. Orada sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Hökümə Əliyeva bizə ustad dərsləri keçdi. Həmçinin cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüz oldu”.

    Bu yaxınlarda Kənan Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondunun Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbi ilə birgə təşkil etdiyi “Biz bakıttı balamız” (“Biz xoşbəxt uşaqlarıq”) çoxjanrlı beynəlxalq müsabiqədə iştirak edib. Həmin müsabiqədə istedadlı skripkaçı əsas mükafata layiq görülüb.

    “Mənim arzum gələcəkdə Bakı Musiqi Akademiyasına daxil olmaq, onu bitirəndən sonra isə təhsilimi Almaniyada davam etdirməkdir”, - deyə Kənan qeyd edir.

    Kənanın müəllimi – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində skripka müəllimi və Simli və nəfəs alətləri kafedrasının müdiri Gülnarə Seyidova şagirdi haqqında çox səmimiyyətlə danışır.

    “Kənan 2022-ci ildən sinfimdə oxuyur. Bundan əvvəl o, Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində təhsil alıb və təşkil etdiyim skripkaçılar ansamblının üzvü olub. Kənan çox istedadlı şagirddir, durmadan öz üzərində çalışır, musiqinin məzmununa dərindən nüfuzetmə qabiliyyətinə malikdir. Musiqi əsərlərinin texniki çətinliyi, mürəkkəbliyi onu heç vaxt çəkindirmir. Musiqi onun zövqünə uyğundursa, bu əsərin ifa edilməsi onun əsas məqsədinə çevrilir”.

    Müəllimin sözlərinə görə, yuxarıda qeyd olunmuş müsabiqələrdən savayı, Kənan Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Konservatoriyada keçirilən bir çox konsertlərdə, ümumməktəb konsertlərində uğurla çıxış edib.

    “Bu yaxınlarda Almaniyada yaşayan azərbaycanlı həmvətənimiz Anar İbrahimov – onu həmçinin Anar Bramo da adlandırırlar – Azərbaycan Dövlət Filarmoniyasının Orqan zalında ustad dərsləri keçib. Kənan da orada çıxış edib. Anar müəllim Kənanın çıxışını çox bəyənib. O, Kənan haqqında çox müsbət sözlər deyib”, - deyə Gülnarə xanım qeyd edib.

    Müəllimin fikrincə, müsabiqələr şagirdlərdə məsuliyyət hissini artırır. Onlar həm də uşaqlar arasında sağlam rəqabət yaradır.

    “Bu rəqabət nəticəsində daha güclü, daha istedadlı şagirdlər yarışlara buraxılır. Uşaqlar müsabiqələrdə həyəcan, qorxu hissinə üstün gəlməyə və öz istedadını nümayiş etdirməyə nail olurlar”, - deyə Gülnarə Seyidova əlavə edir.

    Söhbətdə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin direktoru Məmməd Quliyev də iştirak edir.

    Məmməd müəllim deyir: “Torpağımız istedadlı insanları ilə məşhurdur, yaxşı nəticələr əldə etmişik: musiqiçilərimiz respublikanı beynəlxalq müsabiqələrdə, festivallarda uğurla təmsil edirlər. Axır vaxtlar, son 20 ildə bir çox müsabiqələr meydana çıxıb. Burada çıxış 3-5 dəqiqə davam edir... Ən yaxşı halda 2-3 tur keçirilir ... Lakin ifaçıların səviyyəsini bu cür müəyyən etmək olmaz! Onlar fərqli janrlarda ifa etməlidirlər: barokko, impressionistlər, müasir musiqi və sairə. Dünyada sayı 10-a yaxın olan “A” sinifli müsabiqələr var. Onların çox mürəkkəb proqramı var: məsələn, Təl-Əvivdə Rubinşteyn adına beynəlxalq müsabiqə 5 turdan ibarətdir, yəni oraya düşmək üçün çox yüksək səviyyəyə malik olmaq lazımdır. Bu səviyyəyə çatmaq üçün isə güclü təhsil lazımdır. İstənilən təhsil – istər ümumtəhsil məktəbləri, istərsə də musiqi məktəbləri, bir zəncirdir. Bu zəncirin halqalarından biri lazımi səviyyədə deyilsə, hər şey qırılır və heç bir nəticədən söhbət gecə bilməz. Bu məsələdə ən vacib amil kadr potensialıdır. Məsələn, Bakıda 36, rayonlarımızda isə 200 musiqi məktəbi var. Ancaq kadrlar heç də hər zaman kifayət etmir, bu, həlli vacib olan bir problemdir. Təəssüf ki, indi yaranan tendensiyaya görə, məktəb müəllimləri pensiya yaşına çatdıqdan sonra işdən çıxırlar. Ali təhsil müəssisələrində isə 70-80 yaşa qədər dərs deyirlər. Onlar öz biliklərini yeni nəsil musiqiçilərə ötürə bilən təcrübəli, çox bilikli insanlardır. Şəxsən mən hesab edirəm ki, məktəb müəlliminin də yaşı pedaqoji fəaliyyəti üçün maneə olmamalıdır!”

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayımına başlayıb.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Gülarə Heydərovadır.

    Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LESERING.de” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Frans Kafka, Huqo von Hofmannştal, Yohann Volfqanq Höte, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

  • “Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq

    Aprelin 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa yenidən nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

    Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da səhnə əsərində diqqət mərkəzindədir.

    Tamaşada Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar çıxış edəcəklər.

  • Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

    Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illiyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, səkkiz ildir reallaşan layihə çərçivəsində ilk dəfə iki ölkənin – Azərbaycan və Rusiyanın incəsənət ustaları birgə çıxış edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifaları təqdim olunacaq.

    2016-cı ildən musiqisevərlərin zövqünü oxşayan “BakuOperArt” layihəsi opera və kamera – vokal musiqisinin təbliğinə öz töhfəsini verir. Layihənin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi pianoçu Yuliya Kərimovadır.

  • Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı çərçivəsində aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qalasında tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Ramana qalası ilə tanış olublar.

    Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifinə əsasən, 1983-cü ildə UNESCO tərəfindən təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. “Ölkəmizdə də hər il qoruqların, nümayiş obyekti kimi istifadə olunan abidələrin təbliği məqsədilə müxtəlif tədbirlər və sərgilər təşkil edilir. Eyni zamanda, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, - deyə nazir müavini vurğulayıb.

    Onun sözlərinə görə, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına, habelə təbliği işinə yönəltmək üçün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkə ərazisində 29 tarix və mədəniyyət abidəsində ziyarətlər təşkil olunub.

    Səadət Yusifova diqqətə çatdırıb ki, Ermənistanın işğalı nəticəsində çox sayda tarixi-mədəni irsimiz məhv olub. Vətən müharibəsində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda hazırda abidələrin bərpası işləri aparılır.

    O, həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev mədəni irsimizin qorunmasını hər zaman diqqətdə saxlayıb. İndi bu strategiya Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir.

    Sonra tədbir bədii hissə ilə davam edib.

  • Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

    İçərişəhərdə yerləşən “QGallery” (“Qız qalası”) rəsm qalereyasında Elşən Qaracanın “Cəsur ürək” adlı fərdi sərgisinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, gənc azərbaycanlı rəssam Elşən Qaracanın yeni əsərlər silsiləsi sərbəst müəllif təfsiridir və burada anında tutulan pozalar motosiklet yarışçılarının obrazlarını, onların dönmə həndəsəsini, sürəti və qafqazlı igidlərin üzünə vuran küləyin axını fonunda əzmkarlığını dəqiq əks etdirir. Bu gün atları motosikletlər əvəz edib - qalereyanın girişində qonaqları azadlıq, macəra, sədaqət, dostluq simvolları qarşılayır, sərgi dərhal selfi çəkmək və fotoşəkillər üçün özəl məkana çevrilir.

    “Motosiklet” kəlməsi fransız dilindən hərfi tərcümədə sadə bir məna daşıyır və “nəqliyyat vasitəsi” deməkdir, lakin o, bu tərifi çoxdan üstələyib. Əsərlərində motosikletlərə müraciət edən bir çox müasir rəssamlar, həyatında heç olmasa bir dəfə iki təkərli “dəmir at”da oturan hər kəsin hiss etdiyi sərhədsiz azadlıq hissini və yolun çağırışını öz kətanlarında əks etdirməyə çalışırdılar. Elşən Qaracanın müasir qorxmaz “süvariləri” çoxdan at sürməyən, ancaq “dəmir atları” ilə əcdadlarının kəhər atlarının belində etmədiyi şəkildə dar dağ cığırlarında “uçmağı” bacaran gənclərdir.

    Beləliklə, “Cəsur ürək” sərgisi kişi tamaşaçıların marağına səbəb olur. Hansı insan özünə motosiklet alıb onun üzərindəki boş yerləri kəsməyi xəyal etmir? Qonaqların təqdim olunan sərgiyə maraqla baxması və bəyəndikləri rəsmlərin fonunda fotoşəkillər çəkdirmələri açıq şəkildə göstərirdi ki, cinsi mənsubiyyətin də bununla heç bir əlaqəsi yoxdur. Çünki rəssamı təbrik etməyə gələnlərin qadın hissəsi açıq-aşkar maraq göstərərək, kətanlara diqqətlə baxırdı.

    Elşən Qaraca aydın şəkildə müəyyən edilmiş hər hansı janr və istiqamətlərdən kənar bir sənətkardır. O, özünü məhdud çərçivəyə salmır. Qarışıq təsviri sənətin tərəfdarı olmaqla, nə istədiyini bilir və bəyəndiyini kətana köçürür. Rəssam axtarışlarında və yaradıcılığında həmişə öz prioritetlərinə diqqət yetirir. “Cəsur ürək” güc, ehtiras və azadlıq uğrunda mübarizənin zəngin və təfərrüatlı dastanıdır.

    “Cəsur ürək” fərdi sərgisi aprelin 19-dək davam edəcək. Giriş pulsuzdur.

  • Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may repertuarını açıqlayıb.

    AZƏRTAC xəbər verir ki, sənət ocağı aşağıdakı tamaşalarla teatrsevərlərin görüşünə gələcək:

    1 may - “Buratinonun macəraları”

    2 may - “Qızıl balıq”

    3 may - “Bremen musiqiçiləri”, “35 ildən sonra”

    4 may - “Çipollino”

    5 may - “Mauqli”, “Don Rafaello-trombonçu”

    10 may - “İnanıram”

    11 may - “Dəcəl keçi”, “Dəli yığıncağı”

    12 may - “Qoğalın sərgüzəştləri”, “Leyli və Məcnun”

    17 may - “Cəza”

    18 may - “Tıq-tıq xanım”, “Mənim ağ göyərçinim”

    19 may - “Şirinlər”, “Müsyö Jordan və Dərviş Məstəli şah”

    25 may - “Kod adı V.X.A”

    26 may - “Şən Elf və Cadugər”.

  • İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

    “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Madrid şəhərində Azərbaycan Respublikasının İspaniyada və Andorra Knyazlığında akkreditə olunan səfirliyi ilə birlikdə “Art of Cultural Diplomacy” adlı sərgi keçirəcək.

    AZƏRTAC xəbər verir ki, aprelin 20-dən 27-dək olacaq tədbir Emilia Cultural Bazoon Mədəniyyət Mərkəzində təşkil ediləcək.

    Sərginin təşkilində məqsəd ispaniyalı incəsənətsevərləri Azərbaycan mədəniyyəti ilə yaxından tanış etmək və Azərbaycan gənclərinin istedadlarını diqqətə çatdırmaqdır.