Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

    Bu gün Azərbaycanın Xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 110-cu ildönümü tamam olan M.Bürcəliyev yaratdığı obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünə layiqli yer tutub.

    Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında çalışıb və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni 1994-cü ilə qədər Gəncə Dövlət Dram Teatrında çalışıb.

    1967-1968-ci illərdə Moskva Dövlət İncəsənət Universitetinin Teatr aktyoru və rejissoru fakültəsini bitirib.

    1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.

    M.Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif, “Səyavuş”da Kərşivaz, “Fərhad və Şirin”də Azər baba, “Otello”da Radriqo, “Vaqif”də İbrahim xan, “Üç qəpiklik opera”da Bıcaq Mex, “III-Riçard”da Lord Xestinqs, “Odu atma, Prometey”də Kefest, “Dəli Kür”də Qoca, “Qacaq Nəbi”də Koxa Məmməd, “Qəribə dilənçi”də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Cəlil Məmmədquluzadənin “Ölülər”, Teymur Məmmədovun “Ürək yanarsa”, Altay Məmmədovun “Həmyerlilər” və “Bəraət”, Tofiq Mahmudun “Onuncular”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Qərib Mehdiyevin “Oxşarlar”, Şəfayət Mehdiyevin “Mirzə Fətəli”, Rəsul Həmzətovun “Dağlı qızı”, Yusif Əzimzadənin “Anacan”, Abdulla Şaiqin “Tülkü həccə gedir” pyeslərinə quruluş verib.

    1944-1945-ci illərdə M.Bürcəliyev Fikrət Əmirovla birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar. Həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru M.Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın “Əməkdar artisti”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    1994-cü il noyabrın 25-də Gəncə şəhərində vəfat edib.

    Respublikanın Xalq artisti, qocaman teatr və kino aktyoru olan M.Bürcəliyev haqqında bir çox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilib. Həmçinin 1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilib.

  • “Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

    AZƏRTAC xəbər verir ki, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər.

    Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları hərarətlə qarşılanıb.

    Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoçarxlar nümayiş etdirilib.

    Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailə üzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev idi.

  • Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

    Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı ekran əsəri 77-ci Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilən filmlər arasındadır.

    AZƏRTAC xəbər verir ki, müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada, Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11 qısametrajlı film seçilib.

    Müsabiqənin qaliblərinə Qısametrajlı Film Qızıl Palma Budağı mükafatı mayın 25-də 77-ci Kann Film Festivalının Palmares mərasimində Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən təqdim olunacaq.

  • Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

    Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Kino Günlərinin təntənəli açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, açılış mərasimində Rusiyanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi Andrey Rumyantsev çıxış edərək səfir Mixail Evdokimovun adından salamlarını və xoş arzularını çatdırıb. O qeyd edib ki, Rusiya Kinosu Günləri həm tamaşaçılar, həm də Rusiya kino xadimləri üçün bayram hadisəsi olub. A.Rumyantsev əlavə edib ki, Azərbaycan xalqının qonaqpərvərliyi və mehribanlığı hər zaman gözəl dostluq mühiti yaradır.

    Andrey Rumyantsev kino festivalının sovet xalqının, Azərbaycandan olan əsgər və zabitlərin, arxa cəbhədə çalışan zəhmətkeşlərin və tibb işçilərinin İkinci Dünya müharibəsindəki şücaətini, qələbəsini bir daha yada salan “Nürnberq” tarixi hadisəsi haqqında əlamətdar ekran əsəri ilə başladığını vurğulayıb. Sonda səfirliyin baş məsləhətçisi Azərbaycan rəhbərliyinə və ölkənin Mədəniyyət Nazirliyinə kino bayramının keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə minnətdarlığını bildirib.

    “Azərbaycanda Rusiya Kinosu Günləri” layihəsinin prodüseri, Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva tədbirin təşkilinə köməklik edən hər kəsə təşəkkür edib. O vurğulayıb ki, Azərbaycanda Rusiya Kinosu Günləri Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun İdarə Heyətinin sədri Leonid Slutskinin, Rusiya Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin, “İkinci nəfəs” logistika şirkətinin, “SAVALAN-ASPI WINERY” şirkətinin, “Hyatt Regency Baku” otelinin dəstəyi ilə keçirilib.

    “Yeni Azərbaycan” Partiyasının sədr müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Rusiya ilə Azərbaycanın çoxəsrlik qonşuluq tarixi var və biz tarixin müəyyən bir dövründə vahid dövlət çərçivəsində yaşamışıq. “Təbii ki, ölkələrimiz arasındakı mədəni və humanitar mübadilə xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Rusiya kinosu bədii və informativ baxımdan çox zəngin ənənələrə və təcrübəyə malikdir. Ona görə də hesab edirəm ki, artıq ənənəvi hadisəyə çevrilən “Azərbaycanda Rusiya Kinosu Günləri” festivalı ölkələrimiz arasında mədəni münasibətlərin, xalqlarımızın yaxınlaşması və bir-birini daha yaxşı başa düşməsi üçün mühüm addımdır. Bu, təkcə regionda deyil, bütün dünyada baş verən hadisələr və geosiyasi reallıqlar nöqteyi-nəzərindən, ilk növbədə gənclər üçün böyük əhəmiyyət kəsb edir. İndiki qlobal qarşıdurmaları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi çox böyük əhəmiyyət kəsb edir”.

    Tədbirdə Rusiya nümayəndə heyətini əsasən, məşhur teatr və kino aktrisası, "Çayka" teatr mükafatı laureatı Yelena Zaxarova, aktrisa və rejissor Polina Lazareva təmsil ediblər.

    Teatr və kino artisti, kino festivalının bütün tədbirlərinin aparıcısı Polina Neçitaylo, atasının azərbaycanlı rəssam Səttar Bəhlulzadə ilə yaxın dost olmasına dair xatirələrini bölüşüb.

    Bundan sonra tamaşaçılara festivalda baş rolun ifaçısı, Millətlər Dövlət Teatrının aktyoru Sergey Kempo tərəfindən təqdim olunan Nikolay Lebedevin rejissoru olduğu "Nürnberq" filmi nümayiş etdirilib.

    Film 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalı işə başlamazdan əvvəl iki gəncin görüşündən bəhs edir.

    Rusiya Kinosu Günlərinin proqramı, dörd yeni rus bədii filminin nümayişini, ardından isə hər filmi təqdim edən sənətçi ilə müzakirələri və yaradıcılıq görüşlərini əhatə edir:

    Polina Lazarevanın “Qağayı” adlı ekran əsərini filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək.

    Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” teatr mükafatının laureatı, məşhur teatr və kino aktrisası Yelena Zaxarova tərəfindən təqdim olunacaq.

    Andrey Bulanovun “Xokkey ataları” filmini baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov təqdim edəcək.

    Kino günlərinin proqramında, həmçinin “Çink: quyruqlu detektiv” (rejissor Qriqori Vojakin) cizgi filminin nümayişi gözlənilir.

    Film nümayişləri aprelin 27-dək davam edəcək və Nizami Kino Mərkəzində keçiriləcək.

  • Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

    Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Şirin Məlikova çıxış edərək sərgidə rəssamın həm 60-70-ci illərin eskizlərinin, həm də həyatının son onilliyində ərsəyə gətirdiyi əsərlərinin ilk dəfə nümayiş edildiyini deyib. O, bu ideyanı dəstəklədiyi üçün rəssamın oğlu İmad Mustafayevə və sərginin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib. Sərgidə rəssamın 30-dan çox əsərinin nümayiş olunduğu vurğulanıb.

    Tədbirdə Xalq rəssamları Səlhab Məmmədov, Hüseyn Haqverdiyev, Bakı İncəsənət Məktəbinin rəhbəri Rafael Gülməmmədli çıxış ediblər.

    Qeyd olunub ki, rəssam yaradıcılığında rəngkarlıq, qrafika, assamblyaj və installyasiya obyektlərinə müraciət edib.

    Qrafika və rəngkarlığın qovuşduğu, kollaj və qarışıq texnika ilə yaradılan monoxrom abstrakt əsərlər, ağ və qara boyalarla işlənilmiş, vizual formaların maraqlı eksperimenti ilə maraq doğuran rəngkarlıq nümunələri tamaşaçını rəssamın özünəməxsus yaradıcı təfəkkürü ilə cəlb edir.

    Sonda İmad Mustafayev çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini ifadə edib, iştirakçılar və təşkilatçılara minnətdarlığını bildirib.

    Sərgi oktyabrın 24-dək davam edəcək.

  • Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

    Mozaika incəsənət və memarlıqda həmişə mühüm rol oynayıb. Azərbaycanda sovet dövrünün mozaika irsinə gəlincə, burada tariximizin unikal, zəngin mədəni müxtəliflik və texniki bacarıq səhifəsi açılır.

    Sovet dövründə mozaika müxtəlif memarlıq obyektlərini və ictimai yerləri, o cümlədən dövlət qurumlarını, mədəniyyət evlərini, teatrları, abidələri, yaşayış binalarını, parkları və ictimai yerləri bəzəyirdi. Azərbaycanda həmin dövrə aid mozaikalar indi də qorunub saxlanılır.

    SSRİ dövründən qalan parlaq mozaikalardan biri də Cəfərov qardaşları küçəsindəki uşaq parkında yerləşir. “Azərbaycan xalq nağılları” adlı bu mozaika 1983-cü ildə yaradılıb. Onun müəllifi Vaqif Məmmədovdur. Bu unikal sənət əsəri uşaqların və böyüklərin diqqətini cəlb edən müxtəlif mövzuları əks etdirir. Uşaq parkındakı mozaika balacaların təxəyyülünün inkişafına töhfə olub, yaradıcı təfəkkürə təkan verib və həm gənc, həm də yaşlı ziyarətçilərə sevinc bəxş edib.

    Uşaq meydançasını bəzəyən rəngarəng mozaika işi qiymətli kiçik yerli sənət əsəri idi. Ancaq 2010-cu ilə qədər bu məkan əvvəlki gözəlliyini və cazibəsini itirərək tərk edildi. Amma vəziyyətinə baxmayaraq, bu rəngarəng panno bu gün də diqqəti cəlb edir və şəhərin bəzəyi olaraq qalır.

    İstedadlı rəssamlar və sənətkarlar sayəsində 1960-1990-cı illər arasında digər heyrətamiz mozaika şah əsərləri də yaradılıb, onlar indi də öz rəngarəngliyi və bənzərsizliyi ilə şəhər sakinlərini heyran edir. Rəssamların canlı və yaradıcı əsərləri zamanın ruhunu və dövrün mədəni meyillərini əks etdirən müxtəlif mövzu və üslubları əhatə edirdi.

    Həmin onilliklərdə yaradılmış bir çox mozaika kompozisiyaları müasir tarixi, mədəni ənənələri, milli elementləri, elmi nailiyyətləri, tərəqqini əks etdirən hadisələrə həsr olunmuş, həmçinin mücərrəd və fantastik süjetləri təsvir etmişdir.

    Sovet İttifaqı dövründə mozaika əsasən smaltdan yaradılıb. Bu, yüksək gücü və ətraf mühitin təsirlərinə qarşı müqaviməti ilə xarakterizə olunan tutqun qeyri-şəffaf şüşədir. Smalt çox məşhur material idi, davamlılığı və parlaq rəngləri sayəsində mozaika kompozisiyaları yaratmaq məqsədilə istifadə olunurdu. Bu material sayəsində mozaika uzun illər öz cəlbedici görünüşünü saxlaya bilib, memarlıq obyektlərinin və ictimai yerlərin etibarlı və davamlı bəzəyinə çevrilib.

    Həmin dövrdə yaradılmış mozaika panelləri öz orijinallığı, sənətkarlıq üslubu və parlaq rəngləri ilə insanı valeh edir. Bu sənət əsərləri öz dövrünün tarixini və mədəniyyətini əks etdirməklə yanaşı, həm də gələcək nəsillər üçün qoruyub saxlamalı olduğumuz irsimizin bir hissəsidir. Onlar öz dəyərini və cəlbediciliyini bu günə kimi qoruyub saxlamaqla, həm də Azərbaycanın memarlıq landşaftının və mədəni irsinin ayrılmaz hissəsinə çevrilib.

  • Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

    “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

    Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatına istinadən xəbər verir.

    Bildirilir ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.

    Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.

    Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

    Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    "Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 27-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 28-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

  • Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Agentliyin digər vəzifəli şəxsləri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib.

    "Report" bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, bu çərçivədə paytaxtın 8 Noyabr prospekti, Zığ-Hava limanı avtomobil yolunda və Əhməd Rəcəbli küçəsində əsaslı təmir işləri aparılır.

    Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılan təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. Bunun üçün ərazilərə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.

  • Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

    Azərbaycan Dövlət Yuğ Teatrı türk dramaturq Toyqun Orbayın eyniadlı pyesi əsasında “21:15 qatarı” tamaşasını hazırlayır.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, may ayında premyerası keçiriləcək səhnə əsərində Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov və Zümrüd Qasımova iştirak edir.

    Tamaşa ekzistensial oyun janrında nümayiş ediləcək.

    Qeyd edək ki, “21:15 qatarı” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.