Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

    Beynəlxalq Rəqs Günü ilə əlaqədar aprelin 26-da Bakıdakı Rus evində “Hamı rəqs edir!” adlı böyük bayram konserti təşkil olunacaq.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a verilən məlumata görə, konsert proqramında “Gülüstan”, “Dəcəl qızlar” ansambllarının, Xəzər Universitetinin, “Baku Lindy Hoppers”, “Baku Tango Therapy” və “Baila” məktəblərinin kollektivlərinin parlaq rəqs nömrələri yer alıb. İdeyanın müəllifi xoreoqraf Lenay Seyidəlizadədir.

    Beynəlxalq Rəqs Günü aprelin 29-da qeyd olunur. O, baletdən hip-hopadək bütün tərz və istiqamətlərə həsr olunub, müxtəlif mədəniyyətlərə və millətlərə aid olan insanları birləşdirir və onların bir dildə - rəqs dilində danışmasına şərait yaradır.

    Tədbir 19.00-da başlayır. Giriş sərbəstdir.

  • Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

    VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir. Yüzə yaxın ölkəni, onlarla beynəlxalq təşkilatı təmsil edən çoxsaylı yüksəkvəzifəli şəxslərin Forumda iştirakı nəzərdə tutulur.

    Bunu AZƏRTAC-a məxsusi müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov söyləyib.

    “Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərinin təşkil edilməsi planlaşdırılır. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi gözlənilir”, - deyə nazir müavini vurğulayıb.

  • Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

    Bu ilin may ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Bu ilki Forum əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcək.

    Bunu AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

    “VI Forum pandemiyadan - beş illik fasilədən sonra keçirilməkdədir. Forum çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir”, - deyə F.Cəfərov vurğulayıb.

    Nazir müavinin sözlərinə görə, Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi “Dinlərarası Dialoq vasitəsilə Etimadın möhkəmləndirilməsi” adlı plenar iclasın keçirilməsi nəzərdə tutulur.

  • Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

    Aprelin 27-də, Pasxa ərəfəsində Bakıdakı Rus evində ənənəvi Pasxa bazarı təşkil olunacaq.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının, Azərbaycanın Rus İcmasının, “Yaşlek” Tatar Gəncləri Mərkəzinin dəstəyi ilə keçiriləcək.

    Ziyarətçilərin ustaların əl işlərindən ibarət məhsulları və hədiyyələri əldə etmək fürsəti olacaq. Aksiyadan əldə olunan vəsait valideyn qayğısından məhrum olan uşaqlara yardıma yönəldiləcək.

    Pasxa bazarı saat 12.00-dan 18.00-dək açıq olacaq. Giriş sərbəstdir.

  • Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

    Fonddan AZƏRTAC-a verilən məlumata görə, görüş A.Raimkulovanın İsveçrəyə səfəri çərçivəsində keçirilib. O, Türk Əməkdaşlıq Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə Türk həftəsi” tədbirlərində iştirak edib.

    Görüş zamanı Fondun gələcək planları müzakirə olunub və beynəlxalq mədəni əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

    A.Raimkulova Türk dünyasının mədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararası anlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlı olduğunu bildirib.

    T.Valovaya Fondun diplomatiya vasitəsilə mədəni müxtəlifliyin vurğulanması səylərini qiymətləndirib.

    Fond və UNESCO arasında türk xalqlarının mədəni irs obyektlərinin beynəlxalq irs siyahısına transsərhəd nominasiyalarının irəli sürülməsi və Divanü Lüğat-it-Türkün 950 illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənən əməkdaşlıq müsbət qiymətləndirilib.

    Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanların araşdırılması yönündə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.

  • İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub

    Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı çap olunub.

    AZƏRTAC xəbər verir ki, kitabda yer alan poeziya nümunələri müəllifin son illərdə yazdığı fəlsəfi, vətənpərvərlik və sevgi mövzularını əhatə edib.

    “Adını çəkirəm” adlı kitabın Azərbaycan və Türkiyədə imza günlərinin təşkil olunması nəzərdə tutulub.

    Qeyd edək ki, əvvəlki illərdə şairin “İlk görüş”, “...və susarsan”, “Evdə yoxam” və “Bütün xatirələr sənə qalacaq” kitabları işıq üzü görüb.

  • Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır. Görüş zamanı qonaq olan şəxslər öz təcrübələrini, uğurlarını bölüşəcəklər.

    İlk olaraq "Üzbəüz" layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, "Qızıl Qələm" mükafatı laureatı Şahin Musaoğlu olub. Görüşdə qonaq ona ünvanlanan sualları cavablandıraraq, gənclərlə maraqlı fikir mübadiləsi aparıb.

    Tədbirdə Şahin Musaoğlunun müəllifi olduğu "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan", "Əsgər Vətən əmanəti", "Ağ ümid" və digər mahnılar Filarmoniyanın solistləri Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən səsləndirilib.

    Qeyd edək ki, "Üzbəüz" layihəsi ayda bir dəfə Azərbaycanın tanınmış simalarının iştirakı ilə keçiriləcək.

  • Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

    Aprelin 27-dən mayın 3-dək Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək. Festival Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək olmaqdan ibarətdir.

    Yeddi gün ərzində müxtəlif konsert salonlarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

    Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətkarlar yer alacaq.

  • “Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı Bakıda Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasını təqdim edib.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

    Nümayişdən sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

  • Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

    Azərbaycan Milli Kitabxanası 23 Aprel-Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi təşkil edib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunub.

    Ənənəvi kitab sərgisində isə, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında milli kökümüzü təbliğ edən ədəbiyyatlar, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda nəşr olunan kitablar Azərbaycan və müxtəlif dillərdə yer alıb.

    Virtual sərgi ilə https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm linki vasitəsilə keçid etmək mümkündür.

    Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

    Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd olunur. Ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət xüsusi diqqət yetirir.

    Ölkənin əsas qanunu olan Konstitusiyada ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub. Həmçinin Azərbaycanda bu sahənin hüquqi bazası da formalaşdırılıb. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Həmçinin UNESCO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub.

    Bu əlamətdar günün məqsəd kitabların geniş əhatə dairəsini, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır. İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir.