Rusiyada Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb. Bu albomdan əldə ediləcək bütün vəsait martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktından zərər çəkmiş insanlara dəstək üçün yönəldiləcək.
AZƏRTAC xəbər verir ki, bu məlumatı “VK muzıka” yayım xidməti yayıb.
Məlumatda bildirilir ki, “Qolos moy uslish” (“Səsimi eşit”) adlı alboma Emin Ağalarov, Hammali, Navai, Vladimir Presnyakov, Stas Mixaylov, “Lyube”, Valeriya, Polina Qaqarina, Vanya Dmitriyenko, Basta, “Tri dnya dojdya”, Macan və digər artistlərin ifasında Müslüm Maqomayevin 12 mahnısı daxil edilib.
Alboma “VK muzıka”, “Yandeks muzıka”, “MTS muzıka” vasitəsilə də qulaq asmaq olar.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Mstislav Rostropoviçin anadan olmasının 97 illiyi münasibətilə “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan musiqi ictimaiyyətinin tanınmış simaları - Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının Əməkdar müəllimi, violonçelist Kamal Paşazadə, kino-rejissor Ziya Şıxlınski, musiqiçi, dirijor Eyyub Quliyev, Rusiya səfirliyinin nümayəndə heyəti və digər qonaqlar iştirak ediblər.
Səfirliyin məsləhətçi-müşaviri Pyotr Volokovıxa rəssam Nataliya Şevçenkonun M.Rostropoviçə həsr etdiyi portretini muzeyə təqdim edib. O, rəsm əsərinin yaranması, həmçinin süjeti barədə qonaqlara məlumat verib.
Tədbirdə digər çıxış edənlər - Firəngiz Əlizadə, Kamal Paşazadə və Ziya Şıxlınski Maestro haqqında xatirələrini bölüşüb, dahi musiqiçi ilə olan sıx yaradıcılıq əlaqələrindən söhbət açıblar.
Daha sonra Respublika və Beynəlxalq müsabiqələr laureatları M.Tağıyev, V.Qurbanov, K.Talıblı, E.Gülnaz, E.Səbinə, M.Osman yerli və dünya klassiklərinin repertuarlarından əsərlər səsləndiriblər.
Milli Kitabxana tərəfindən “Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin - 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Teymur Elçinin 100 illik yubileyi münasibətilə hazırlanan virtual sərgidə ictimai xadimin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Teymur_Elchin/index.htm linkindən istifadə edə bilərlər.
Sərgi 1 həftə davam edəcək.
Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, ictimai xadim Teymur Elçin 1924-cü il martın 28-də Şuşada anadan olub.
Teymur Elçinin Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olub.
Ədəbi yaradıcılığını bütünlüklə uşaqlara həsr edən şairin “Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr ”, “Kirpinin laylası”, “Turacın laylası”, Siçan balası” və s. kimi şeirlərində uşaq aləminin min bir məqamı öz əksini tapıb.
Onun bir sıra şeirlərinə Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlar tərəfindən çox sayda mahnılar bəstələnib.
Teymur Elçinin bədii tərcümə sahəsində də xüsusi xidmətləri olub. Onun İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko, Y.Raynis və başqalarının əsərlərindən etdiyi tərcümələr bu gün də Azərbaycan klassik tərcümə irsimizin ən gözəl nümunələri kimi Azərbaycan oxucularının ən çox sevdiyi və mütaliə etdiyi əsərlər sırasında öz yerini tutmaqdadır.
Teymur Elçinin həm də bir ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olub. O, uzun illər Dövlət Radio və Televiziya Komitəsinin və Mədəniyyət Nazirliyinin rəhbərliyində çalışıb və bu sahədə böyük təşkilatçılıq fəaliyyəti göstərib.
Azərbaycan Teatr Xadimləri İttifaqında 27 Mart - Beynəlxalq Teatr Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İttifaqın məsul katibi Aida Qafarova Beynəlxalq Teatr Gününün təsis olunma tarixindən söhbət açaraq teatrı sevən hər kəsi bayram münasibətilə təbrik edib.
Tədbirdə “Qonaq Teatr" layihəsi çərçivəsində Bakıya dəvət olunan Qusar Dövlət Ləzgi Dram Teatrı Turqut Özakmanın “Adət” tamaşası ilə çıxış edib.
Maraqla qarşılanan səhnə əsərindən sonra Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov və tamaşanın rejissoru, Əməkdar artist Xəzər Gəncəli İttifaqın fəxri fərmanı ilə təltif olunub.
Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, onlayn rejimdə istifadəçilərə təqdim olunan məlumat bazasında (https://anl.az/el/emb/TEATR/index.html) Azərbaycanda teatrın yaranma tarixi, nəşrlərdə haqqında dərc olunan materiallar və bu sənət haqqında fikirlər təqdim edilib.
Qeyd edək ki, 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda nümayiş etdirilən ilk tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olub.
Mədəniyyət naziri Adil Kərimli aprelin 19-da saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla keçiriləcək.
Vətəndaşlar aprelin 16-dək Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mil-mughan@culture.gov.az elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
İntibah dövrünün məşhur rəssamı Rafaelin yeni tapılmış əsəri kilsədə nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, əsəri 2023-cü ildə fransız kolleksiyaçı Londondan 35 000 avroya alıb. Noyabr ayında lazer analizi nəticəsində əsərin italiyalı rəssam Rafaelə (1483-1520) aid “Mariya Maqdalenanın portreti” olduğu müəyyən edilib.
Portret Fransanın Var departamentindəki Müqəddəs Maqdalena bazilikasında aprelin 20-də nümayişə çıxarılacaq. Adının açıqlanmasını istəməyən kolleksiyaçı sərgidən sonra əsəri hansısa muzeyə hədiyyə etmək niyyətindədir.
Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı olub.
Bu barədə AZƏRTAC-a Milli İncəsənət Muzeyindən məlumat verilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsertdə xormeyster, Əməkdar artist Naala Barateliyanın rəhbərliyi altında F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, həmçinin respublika və beynəlxalq müsabiqələr laureatları - solistlər Talıb İsgəndərli (bariton), Cəlil Bəşirli (tar), Lalə Əhmədova (piano), Surə Rüfət (violin), Mehin Zalıyeva (piano), Orxan Əlizadə (tenor), Orxan Mövlan (tenor), Cəlalə İsmayılzadə (cello), Abid Çələbiyev (kamança), Əli Vəliyev (piano) Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur musiqi əsərlərini ifa ediblər.
Proqram F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışı ilə davam edib. Konsert proqramı çərçivəsində qonaqlar, həmçinin “Salam, Novruz!” sərgisi ilə tanış olublar.
Martın 29-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyənin “Güneşi söndürmem gerek” romantik dramının nümayişi başlayır.
"Report" xəbər verir ki, filmin rejissoru Hande Türkeldir.
Baş rolları Serra Arıtürk, Samet Kaan Kuyucu və Gürberk Polat canlandırıblar.
Filmin yaş həddi "16+" olaraq müəyyənləşdirilib.
Filmin qəhrəmanı Umut onun üçün mükəmməl ola biləcək həyat yaşayan bir gəncdir. Ancaq həyatında ən dəyərli varlığı olan sevgilisi Anılı itirdikdə hər şey alt-üst olur. Pərişan olan Umut həyatına qaldığı yerdən davam etməkdə çətinlik çəkir. Ancaq bu zaman heç gözləmədiyi bir reallıqla qarşılaşır və onunla üzləşmək məcburiyyətində qalır.
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə açılmış bank hesabına köçürülür. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
İndiyə qədər isə sadəcə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı təsdiq edirdi.