Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kuklaçılar bayramı başlayır

    Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirəcək növbəti sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı öz işinə başlayır. Festivalda ölkəmizi Azərbaycan Dövlət Kukla Teatrı təmsil edəcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

    Aprelin 22-dən mayın 2-dək davam edəcək ənənəvi beynəlxalq festivalın açılışı Ankara şəhərində olacaq. Belə ki, aprelin 22-dən 26-dək Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər. Tədbirə Azərbaycanla yanaşı Almaniya və İtaliyadan kukla teatrları, eləcə də dünyanın müxtəlif ölkələrində kukla və uşaq teatrları ilə məşğul olan sənətçilər qatılacaqlar. Festival marafonu 27-28 apreldə İstanbulda davam edəcək. Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri hər iki şəhərdə maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısına çıxacaqlar.

    Yaradıcı heyət qardaş ölkə tamaşaçılarına “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşalarını təqdim edəcəklər.

    Festivalın son dayanacağı isə Bakı şəhəri olacaq. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində çıxışlar edəcəklər.

    29 aprel – 2 may günlərinə təsadüf edəcək səfər çərçivəsində festival proqramına daxil olan tamaşalar bakılı teatrsevərlərin ixtiyarına veriləcək.

    Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatlar da nəzərdə tutublar.

  • Azərbaycanlı şairlər “Retro” mövzusunda poeziya yarışında iştirak ediblər

    Aprelin 16-da “İranə Qasımova ilə Poetry batlle” layihəsi çərçivəsində yeni poeziya axşamı keçirilib. Bu dəfə şairlərin poeziya yarışı “Retro” mövzusunda olub. İştirakçılar nostalgiya ilə bağlı şeirlər söyləyiblər.

    AZƏRTAC xəbər verir ki, müsabiqənin münsiflər heyətinə teatr və kino aktrisası Rumiyə Ağayeva, aparıcı aktrisa və model Natella Kərimova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sahib Məmmədov, musiqiçi və müğənni Qasım Xəlilov daxil edilib. Poeziya yarışında söz ustaları Nathalie, Eldar Cahangirbəyov, İlmira Odinayeva, Hacı Həşimov, Maksim Lebedev, Arzu Manaflı iştirak ediblər. Müsabiqənin qalibi Eldar Cahangirbəyov olub.

    “İrana Qasımova ilə Poetry batlle” layihəsi 2022-ci ilin iyulunda start götürüb və həmin vaxtdan bəri “Məhəbbət”, “Vətən”, “Fəlsəfə”, “Təbiət”, “Yumor”, “Motivasiya” mövzularında altı yarış keçirilib.

    İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır. Şairə, eyni zamanda, “İranə Qasımova ilə poeziya klassikası”, “Poetry battle with Irana Kasimova”, “İranə Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.

  • Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun məzarı ziyarət olunub

    Aprelin 17-də görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 140-cı ildönümü münasibətilə mədəniyyət xadimləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Zülfüqar Hacıbəyovun Azərbaycan musiqinin inkişafı naminə gördüyü işlərdən danışıb: “O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır”

    Diqqətə çatdırılıb ki, Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

    Anım tədbirində bir daha vurğulanıb ki, Azərbaycan klassik musiqisinin formalaşmasında Zülfüqar Hacıbəyovun rolu böyükdür.

  • Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

    Aprelin 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, muzeyin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, musiqili teatrın yaranmasında müstəsna rolu haqqında danışıb. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunub.

    Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Z.Hacıbəyovun musiqi tarixində xidmətləri, akademiyanın Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Fidan Nəsirova “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janrı” mövzusunda çıxış ediblər.

    Tədbirin bədii hissəsində Xalq artisti Ülviyyə Hacıbəyovanın, musiqişünas və vokalçı Sevinc İbrahimovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Səbuhi İbayev, Rəvanə Əmiraslanlı, Əməkdar artist Elxan Mansurov (tar), Səma Həmzəyeva, Elmira Qafarova, Nəzər Bəylərov, Rəşad Həsənzadə, Roza Səlimova (f-no) və xorunun ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı səslənib. “Aşıq Qərib”operasından səhnələr təqdim olunub.

    Muzeyin foyesində isə Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən və muzeyin fondunda mühafizə olunan materiallardan ibarət sərgi açılıb.

  • Milli Xalça Muzeyində Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

    Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi açılacaq.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər nümayiş etdiriləcək. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alacaq.

    Görkəmli rəssam, böyük alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr miniatur sənətimizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır.

    Milli xalça sənətimizin bütün incəliklərindən bəhrələnən çoxşaxəli yaradıcılığa malik Aydın Rəcəbovun yubiley sərgisi aprelin 30-dək davam edəcək.

  • Bu gün unudulmaz bəstəkarı Ramiz Mirişlinin anım günüdür

    İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...

    AZƏRTAC xəbər verir ki, bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 9 il ötür.

    Ramiz Mirişli 90 il bundan əvvəl Naxçıvan şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

    Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.

    Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.

    Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.

    Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.

    Bəstəkarın “Dalğalar” mahnısının 60 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu”.

    Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.

    Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.

    Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında “Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb” sözlərini deyib.

    Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

    Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

    2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.

  • Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

    Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var.

    AZƏRTAC xəbər verir ki, aprelin 28-dən 30-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Baku International Jazz Day - Bakı Beynəlxalq Caz Günü silsiləsi keçiriləcək.

    Bu il beynəlxalq caz hadisəsinə müxtəlif mədəniyyət icmaları, təhsil müəssisələri, konsert müəssisələri və dövlət qurumları qatılacaq.

  • Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb

    Milli Kitabxanada Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günü münasibətilə “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərləri, həyatı haqqında, Azərbaycan klassik musiqisinin formalaşmasında, opera sənətinin, eyni zamanda, musiqi teatrının təşkili və inkişafında Zülfüqar Hacıbəyovun rolundan bəhs edən kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

    Sərgi 1 həftə davam edəcək.

    Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov geniş şöhrət qazanıb. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnılarındandır.

    Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Mətni də, musiqisi də özünə məxsus olan operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır.

    Bəstəkarın xalq musiqisi ilə Avropa musiqisini birləşdirən “Aşıq Qərib” operası o vaxt ictimai-mədəni həyatda böyük marağa səbəb olub.

    Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyovun respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Onun arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

  • Opera səhnəmizin əfsanəsi

    Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasından 96 il ötür

    Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96 ili tamam olub.

    İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.

    F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.

    L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

    Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.

    Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.

    Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.

    Görkəmli opera müğənnisi 2008-ci il yanvarın 21-də vəfat edib.

  • Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür

    Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 140-cı ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.

    Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.

    O dövrdə - yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.

    Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.

    O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb.

    XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

    Zülfüqar Hacıbəyov 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

    Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.

    Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar...

    Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi... Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.

    Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

    Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişsə də adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qalacaq.