Bayraq muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və həmin ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir.Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur.