Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi açılıb
    Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ölkə başçısının müvafiq Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə virtual sərgi açıb. Sərgi xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək məqsədilə həyata keçirilib. Sərgidə ailə arxivindən götürülmüş fotolar, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş İkinci Dünya müharibəsi dövrünə aid rəsm əsərləri nümayiş edilir. Təqdimatda Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsinin qalibi, gənc bəstəkar Tural Məmmədliyə məxsus “Zəfər müjdəsi” marşı istifadə edilib. Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
  • Respublika Gənclər Kitabxanası Beynəlxalq İnternet Forumda iştirak edib
    Bu il faşizm üzərində Qələbənin 75 ili tamam olur. Bu qələbə bütün iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün də heç də asan başa gəlməyib. Minlərlə həmvətənlərimiz, Azərbaycanın qəhrəman oğul və qızları bu Qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını müdafiə ediblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Qələbənin 75 illiyi münasibətilə beynəlxalq səviyyədə bir sıra tədbirlər, müsabiqələr, İnternet forumlar və s. təşkil olunmaqdadır. Belə müsabiqələrdən birində də Respublika Gənclər Kitabxanası iştirak edir. Kitabxana İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Foruma dəvət alıb. Məlumdur ki, Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, qəhrəmanların şərəfinə abidələr ucaldılıb, onların adları əbədiləşdirilib. İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanasının təşkil etdiyi “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Forumun da əsas məqsədi Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəmanların amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidliyini yaddaşlara həkk etmək və bugünkü nəsillər üçün daim örnək olaraq qalmasını təmin etməkdir. Respublika Gənclər kitabxanası Beynəlxalq İnternet Foruma Azərbaycanın Xalq yazıçısı, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmiş Hüseyn Abbaszadə haqqında hazırladığı videomaterial və sözü gedən müəllifin qələmindən çıxmış iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun qəhrəmanlıqla keçən döyüş yolu və şücaətinə həsr etdiyi “General“ romanı haqqında hazırladıqları esse ilə qatılıb. Müsabiqədə iştirak edən kitabxana əməkdaşları ilə yanaşı, İnternet Foruma fəal oxucuların cəlb edilməsi və sözügedən materialların hazırlanmasında oxucuların iştirakını təmin etmək “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Forumun əsas şərtlərindən biri olub. Məhz bununla əlaqədar olaraq, Respublika Gənclər Kitabxanasının Xarici ədəbiyyat şöbəsinin fəal oxucuları bu işə cəlb edilib. Bu müsabiqəyə göndərilən materiallar İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası tərəfindən gələcəkdə hazırlanacaq “Müharibənin müqəddəs səhifələri” adlı interaktiv ədəbiyyat xəritəsinin (elektron resurs) fraqmentlərinə çevriləcəklər. Bu isə öz növbəsində Respublika Gənclər Kitabxanası tərəfindən müsabiqəyə təqdim olunan materialların beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırılmasına səbəb olacaqdır. Hazırda “Qələbənin şifrəsi - BİRLİKDİR” adlı İnternet Forum öz işini davam etdirir.
  • “Avropa İrs Günləri” layihəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək
    Sentyabrın 24-dən oktyabrın 4-dək “Avropa İrs Günləri” layihəsi çərçivəsində mədəni irsimizin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunacaq. Rayon icra hakmiyyətləri ilə birgə Respublika ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin ətrafında təmizlik, abadlıq işləri aparılacaq, həmçinin tarix-mədəniyyət qoruqlarında mədəni irsin mühafizəsi və təbliğinə həsr olunmuş vebinarlar təşkil olunacaq. “COVID 19” pandemiyası ilə əlaqədər olaraq, planlaşdırılan tədbirlər rayonlar üzrə növbəli şəkildə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərar və tövsiyyələri əsasında, müəyyən edilmiş sanitar–epidemiolji normalara uyğun şəkildə keçiriləcək. Hər il sentyabr-oktyabr aylarında Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İrs Günləri” çərçivəsində silsilə tədbirlər keçirilir. “Avropa İrs Günləri” qitə sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə cəlb etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və milli mədəni irsi təbliğ etməkdir. Pandemiya zamanına təsadüf edən builki “Avropa İrs Günləri” çox mühüm və aktual bir məsələyə – “İrs və təhsil” mövzusuna həsr edilmişdir. Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmiz bu təşkilat tərəfindən mədəniyyət sahəsində həyata keçirilən layihələrdə daha da fəal iştirak etməyə başlamışdır. 2010-cu ildən etibarən “Avropa İrs Günləri” layihəsinin ölkə üzrə milli koordinatorluğu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.
  • Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusunu təqdim edib
    F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusunu təqdim edib. Layihənin budəfəki qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova olub. Layihənin əsas məqsədi oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsi ilə yaxından tanış etməkdir. Övladlarımızın hərtərəfli şəxsiyyət kimi formalaşmasında mütaliə vacibdir. Bu baxımdan uşaq ədəbiyyatının rolu böyükdür. Ədəbiyyatın bu janrı uşaqların düşüncə tərzinin formalaşmasında, dünyanı kəşf etməsi baxımından çox güclü təsirə malikdir. Uşaq ədəbiyyatının əsas əhəmiyyətlərindən biri də uşaqların fikirlərini daha dəqiq, səlis və düzgün ifadə etmələrinə təsir edir. Mövzu çərçivəsində yazıçının yaradıcılığı haqqında ətraflı məlumat verilib, kitabları sərgilənib və müəllifi olduğu tapmacalar səsləndirilib. Sonda oxuculara yazarın ürək sözləri və kitabların necə yaranmasından bəhs edən videoçarxlar təqdim edilib. Qeyd edək ki, Gülzar İbrahimova bu günə qədər 62 kitab və 47 elektron kitabın müəllifidir.
  • Azərbaycan Dünya Ekoturizm Təşkilatına üzv qəbul edilib

    Azərbaycan Dünya Ekoturizm Təşkilatına (The İnternational Ekotourusm Society’s) üzv qəbul edilib.

    Bu barədə təşkilatın ölkəmiz üzrə nümayəndəliyinin rəhbəri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib.

    Dünya Ekoturizm Təşkilatına üzvlüyün əhəmiyyətindən danışan Ruslan Quliyev deyib ki, Azərbaycanın son illərdə apardığı turizm siyasətinin, ölkənin bu istiqamətdə potensialının beynəlxalq səviyyədə təbliğinin, paytaxtımızın nüfuzlu tədbirlərə ev sahibliyi etməsinin və Dünya Turizm Təşkilatı ilə yaxından əməkdaşlığın nəticəsidir ölkəmiz artıq bir neçə dünya səviyyəli turizm qurumuna üzv qəbul edilib. Onun sözlərinə görə, Dünya Ekoturizm Təşkilatının qurucuları Amerika və Avropa ölkələrinin qurumlarıdır və 100-dən çox ölkə bu təşkilatın üzvüdür.

    Ruslan Quliyev diqqətə çatdırıb ki, belə yüksək səviyyəli qurumlarda təmsilçilik Azərbaycanın turizm sektorunun nümayəndələrini öz fəaliyyətlərini daha da genişləndirməyə, ölkənin dünyada müxtəlif turizm istiqamətləri üzrə əhəmiyyətli bir destinasiya kimi tanınması üçün daha böyük həvəslə çalışmağa sövq edir.

  • Azərbaycan Aşıqlar Birliyi yeni layihəyə start verib

    Azərbaycan Aşıqlar Birliyində “Aşıqlar dərsləri” adlı yeni layihəyə start verilib.

    Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun sözlərinə görə, ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürəkkəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə təqdim ediləcək. Eyni zamanda, həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.

    Bu yaxınlarda işıq üzü görəcək ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə eyni zamanda həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayevə və İsfəndiyar Rüstəmovun ifasında lent yazılarının da verilməsi nəzərdə tutulur.

  • “Salnaməfilm” studiyası Milli qəhrəmanları yaşatmağa davam edir

    Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında Azərbaycanın Milli qəhrəmanları silsiləsindən filmlərin çəkilişləri davam edir. Artıq bir neçə müddətdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə studiyada bu silsilədən sənədli filmlər istehsal olunur.

    “Salnaməfilm” studiyasından bildirilib ki, rejissor Kamran Qasımov 2016-cı ildə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında filmi yekunlaşdırmaq üzrədir.

    Rejissor Kamran Qasımov: “Biz Çingiz Qurbanovun ailəsi ilə vidalaşarkən son dəfə söylədiyi cümlə ilə filmi adlandırmışıq - “Hər şey yaxşı olacaq”. Filmin hazırlıqlarına da ilin əvvəlində başlamışdıq. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq filmin istehsalını saxlamalı olduq. Hazırda isə uzadılmış karantin rejimlərinin tələblərinə uyğun şəkildə filmimizin çəkilişlərini yekunlaşdırmışıq. Biz filmin çəkilişində maraqlı bir üsula əl atdıq. Belə ki, film müşahidə janrında çəkilib. Bütün müsahiblərimizi kamera kənardan müşahidə edib. Filmdə əlbəttə, xronikadan da istifadə olunub. İnşallah oktyabr ayının əvvəlində film tam hazır şəkildə təhvil veriləcək.”

    “Hər şey yaxşı olacaq” filminin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

    Filmin çəkilişləri qəhrəmanın doğulduğu Qusar rayonunda, hazırda ailəsinin yaşadığı Bakıda, habelə, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb.

    Rejissor Elnaz Əbluc isə Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov haqqında filmin çəkilişlərinə başlayıb.

    Rejissor Elnaz Əbluc deyib: “Cəlil Səfərov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbində təhsil almış peşəkar zabit idi. O, dəqiq atəşlərlə düşmənin canlı qüvvəsinin məhv edilməsinə başçılıq edirdi. Onun qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən ağır itki vermişdi”.

    Filmdə qəhrəmanın döyüş yoldaşları və ailə üzvlərindən müsahibələr alınacaq. Onun təhsil aldığı və hazırda adını daşıyan Sumqayıt şəhərindəki 10 nömrəli məktəbdə, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çəkilişlərin aparılması nəzərdə tutulub.

    Filmin rejissoru və müəllifi Elnaz Əbluc, operatoru Soltan Abdullayev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

  • Kitabxana oxucuları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan mədəni incilər haqqında məlumatlandırır

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktublarını hazırlamağa davam edir.

    İdarədən bildirilib ki, kitabxana tərəfindən hazırlanan növbəti informasiya məktubu UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalçaçılıq haqqındadır.

    Qeyd edək ki, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

    Təqdim edilən informasiya məktubunda “Xalça sənəti”, “Azərbaycan xalçaları”, “Dünyanın ən qədim xalçası”, “Xalçanın növləri”, “Müasir xalçalar”, “Xalça bayramı”, “Dində xalça”, “Xalça muzey və şəxsi kolleksiyalarda” başlıqları altında məlumatlar toplanıb. İnformasiya məktubunda hər bir məlumata əsasən fotolar da yerləşdirilib.

    Yasamal rayon MKS mütəmadi olaraq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan mədəni incilər haqqında məlumatları virtual oxuculara təqdim edəcək.

  • İspaniyada “Əbədi ezamiyyət” sənədli filmi ispan dilində nümayiş olunub

    Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi İspaniyada ispan dilində subtitrlərlə nümayiş olunub.

    Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə onlayn qaydada təşkil edilmiş videokonfransda İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

    Ekran əsəri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən sənədli film 1919-cu il Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları, ölkəmizin müstəqilliyinin tanıdılması uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs edir.

    “Nexos Assosiasiyası – Sivilizasiyalar Alyansı” təşkilatının prezidenti, İspaniya İpək İnstitutunun vitse-prezidenti Enrike Qaspar çıxış edərək filmin subtitrinin ispan dilinə tərcümə edilməsinin onda filmə qarşı marağı daha da artdığını, filmin çəkilişlərinin peşəkarcasına aparılaraq, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alındığını, ümumiyyətlə filmin layihəsi üzrə 6 aya yaxın işin davam etdiyini bildirib.

    “Əbədi ezamiyyət” filmi videokonfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

  • “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın milli ekspertlərinin onlayn görüşü olub

    “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın Milli Ekspertlərinin onlayn görüşü təşkil olunub.

    Mədəniyyət Nazirliyindən  bildirilib ki, görüşdə assosiasiyanın 2021-2023-cü illər üçün iş planı müzakirə edilib, İdarə Heyətinin yeni üzvləri təqdim olunub və seçilib, Avropa və milli mədəniyyət siyasətləri müzakirə edilib.

    Milli ekspert olaraq tədbirdə iştirak edən nazirliyin sektor müdiri Yaşar Hüseynli müzakirələr zamanı Mədəniyyət Nazirliyində aparılan islahatlardan danışaraq, daxili və xarici mədəniyyət siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin müasir dövrün tələblərinə uyğun olaraq müəyyən olunmasını qeyd edib.

    Kompendium layihəsinin beynəlxalq nüfuzunu və çoxsaylı izləyicilərinin mövcudluğunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq imkanlarını nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun tapşırığına əsasən, Kompendium Assosiasiyası ilə daha sıx əlaqələrin qurulması imkanları araşdırılır.

    Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi tərəfindən hazırlanan milli məruzələr müvafiq veb-portalda (https://www.culturalpolicies.net/) yerləşdirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakıda təşkil olunub. Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınıb, nazirlik tərəfindən həyata keçirilmiş “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” kimi innovativ proqram və layihələrin hazırlanmasında geniş istifadə olunub.