Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək

    Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, professor, Dövlət mükafatı laureatı, Xalq artisti, Ramiz Quliyevlə gənclərin görüşü və konsert proqramı təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir məşhur sənətkarın yaradıcılıq və müəllimlik fəaliyyətinin 60 illik yubileyinə həsr olunacaq.

    “MədəniyyətimİZ” layihəsi çərçivəsində reallaşacaq görüş Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği ilə bağlıdır.

    Tədbirdə “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasir ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub. Görüşün bədii hissəsində isə ifaçı gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim olunacaq.

  • Görkəmli kinorejissor Əjdər İbrahimovun anadan olmasından 105 il ötür

    Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovdur.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kinorejissorun anadan olmasından 105 il ötür.

    Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. Burada da orta təhsil alıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə İkinci Dünya müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.

    Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradılıb.

    Bakıya qayıtdıqdan sonra o, burada “İyirmialtılar” filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

    Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” filmləri rejissorun şöhrətini daha da artırır.

    O, müxtəlif ölkələrdə çalışaraq, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərməsinə baxmayaraq heç zaman Azərbaycanı, doğma torpağını unutmayıb.

    Rejissor, eyni zamanda, “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.

    Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib. Onun xatirəsi kinosevərlərin qəlbindən heç zaman silinməyəcək. Çünki onun yaradıcılığı insanları daim parlaq və xoş günlərə səsləyir. O, çalışdığı hər bir ölkədə milyonlarla kino həvəskarının sevimlisi olub.

  • Nigar Alimova Beyləqanda vətəndaşları qəbul edib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Beyləqanda Ağcabədi, Beyləqan, İmişli və Füzuli rayonlarının sakinlərini qəbul edib. Qəbulda 43 vətəndaş iştirak edib.

    "Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

    Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, qanunvericiliyin tələbləri ətraflı izah olunub.

    Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.

  • “BakıKART” artıq m10-da!

    m10 elektron pulqabı “BakıKART” ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

    İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır.

    Elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsız.

    Bu yenilik “BakıKART”ın vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğun gəlir. Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə prosesinə də dəstək verir.

    Əlavə məlumatlar m10-un Facebook, Instagram, Youtube kanallarında mövcuddur.

    m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri həyata keçirə bilərlər.

  • Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

    Bakıda 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur.

    “Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    "Mobilliyin transformasiyası proqramı çərçivəsində AYNA paytaxtda avtobus dayanacaq pavilyonlarının quraşdırılmasını və yenilənməsini davam etdirir. Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır. Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır", - deyə məlumatda qeyd olunub.

  • Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu - İMF2024 keçiriləcək!

    Azərbaycanda ilk dəfə “Gələcəkdən Baxış” konsept mesajı ilə keçiriləcək İnteryer Mebel Forumu - İMF2024 30 May 2024-cü il Gülüstan Sarayında bir bütöv günü əhatə etməklə 600-dək iştirakçını, 200-ə yaxın şirkəti bir araya gətirməyi planlaşdırır.

    Facemark şirkətinin təşkilatçılığı, Mutfakçı şirkətinin platinum sponsorluğu ilə İnteryer Mebel Forumu Azərbaycanda interyer dizayenerlər və mebel istehsalçıları üçün platforma rolunu oynayacaq. Ölkəmizdə çalışan memarlar, interyer dizaynerlər, mebel istehsalçıları, ev-dekorasiya məhsullarının satışı ilə məşğul olan sahibkarlar və bu sahədə çalışan xarici şirkətlər forumun əsas iştirakçıları olacaqdır.

    Dünya interyer dizayn və mebel sahəsində olan qabaqcıl nümunələrin Azərbaycan bazarında tətbiqininin genişləndirilməsinə xitab edir. İnteryer dizayn peşəsinin üst səviyyəyə gəlməsinə, professional mebel istehsalının ölkəmizdə inkişaf etməsi üçün Forum peşəkarları bir araya gətirir. İMF2024-ün əsas məqsədi dizayn sahəsində peşəkar spikerlərin çıxışı və sahə üzrə təcrübələrini müzakirə və təhlil edərək fikir mübadiləsi aparmaqdır.

    Peşəkar moderator və spikerlər “İnteryerə Yeni Baxış”, “Müasir Mebel Necə Olmalıdır?” və “Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!” panelləri üzrə əsas müzakirələr aparacaqdır.

    İnteryer Mebel Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.imforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

    Facebook: https://www.facebook.com/profile.php?id=61556082195755

    İnstaqram: https://www.instagram.com/imforumbaku/

    Linkedln: https://www.linkedin.com/company/i%CC%87nteryer-mebel-forumu-i%CC%87mforum-2024

  • Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

    Bu gün Azərbaycanın Xalq artisti Məmməd Bürcəliyevin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 110-cu ildönümü tamam olan M.Bürcəliyev yaratdığı obrazlar qalereyası ilə Azərbaycan teatr tarixində özünə layiqli yer tutub.

    Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında çalışıb və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni 1994-cü ilə qədər Gəncə Dövlət Dram Teatrında çalışıb.

    1967-1968-ci illərdə Moskva Dövlət İncəsənət Universitetinin Teatr aktyoru və rejissoru fakültəsini bitirib.

    1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.

    M.Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qalereyası yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif, “Səyavuş”da Kərşivaz, “Fərhad və Şirin”də Azər baba, “Otello”da Radriqo, “Vaqif”də İbrahim xan, “Üç qəpiklik opera”da Bıcaq Mex, “III-Riçard”da Lord Xestinqs, “Odu atma, Prometey”də Kefest, “Dəli Kür”də Qoca, “Qacaq Nəbi”də Koxa Məmməd, “Qəribə dilənçi”də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edir. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Cəlil Məmmədquluzadənin “Ölülər”, Teymur Məmmədovun “Ürək yanarsa”, Altay Məmmədovun “Həmyerlilər” və “Bəraət”, Tofiq Mahmudun “Onuncular”, Sabit Rəhmanın “Əliqulu evlənir”, Qərib Mehdiyevin “Oxşarlar”, Şəfayət Mehdiyevin “Mirzə Fətəli”, Rəsul Həmzətovun “Dağlı qızı”, Yusif Əzimzadənin “Anacan”, Abdulla Şaiqin “Tülkü həccə gedir” pyeslərinə quruluş verib.

    1944-1945-ci illərdə M.Bürcəliyev Fikrət Əmirovla birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar. Həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru M.Bürcəliyev olub. O, 1955-ci ildə respublikanın “Əməkdar artisti”, 1958-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

    1994-cü il noyabrın 25-də Gəncə şəhərində vəfat edib.

    Respublikanın Xalq artisti, qocaman teatr və kino aktyoru olan M.Bürcəliyev haqqında bir çox qəzet və jurnallarda məqalələr, o cümlədən oçerklər dərc edilib. Həmçinin 1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilib.

  • “Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

    AZƏRTAC xəbər verir ki, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər.

    Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları hərarətlə qarşılanıb.

    Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoçarxlar nümayiş etdirilib.

    Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailə üzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev idi.

  • Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

    Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı ekran əsəri 77-ci Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilən filmlər arasındadır.

    AZƏRTAC xəbər verir ki, müsabiqəyə təqdim olunan 4420 film arasından Azərbaycan, Braziliya, Kanada, Çin, Xorvatiya, ABŞ, Fransa, Kosovo, Litva və Portuqaliya kimi 10 ölkədən 11 qısametrajlı film seçilib.

    Müsabiqənin qaliblərinə Qısametrajlı Film Qızıl Palma Budağı mükafatı mayın 25-də 77-ci Kann Film Festivalının Palmares mərasimində Lubna Azabalın sədrlik etdiyi münsiflər heyəti tərəfindən təqdim olunacaq.

  • Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

    Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Kino Günlərinin təntənəli açılış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, açılış mərasimində Rusiyanın Azərbaycandakı səfirliyinin baş məsləhətçisi Andrey Rumyantsev çıxış edərək səfir Mixail Evdokimovun adından salamlarını və xoş arzularını çatdırıb. O qeyd edib ki, Rusiya Kinosu Günləri həm tamaşaçılar, həm də Rusiya kino xadimləri üçün bayram hadisəsi olub. A.Rumyantsev əlavə edib ki, Azərbaycan xalqının qonaqpərvərliyi və mehribanlığı hər zaman gözəl dostluq mühiti yaradır.

    Andrey Rumyantsev kino festivalının sovet xalqının, Azərbaycandan olan əsgər və zabitlərin, arxa cəbhədə çalışan zəhmətkeşlərin və tibb işçilərinin İkinci Dünya müharibəsindəki şücaətini, qələbəsini bir daha yada salan “Nürnberq” tarixi hadisəsi haqqında əlamətdar ekran əsəri ilə başladığını vurğulayıb. Sonda səfirliyin baş məsləhətçisi Azərbaycan rəhbərliyinə və ölkənin Mədəniyyət Nazirliyinə kino bayramının keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə minnətdarlığını bildirib.

    “Azərbaycanda Rusiya Kinosu Günləri” layihəsinin prodüseri, Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva tədbirin təşkilinə köməklik edən hər kəsə təşəkkür edib. O vurğulayıb ki, Azərbaycanda Rusiya Kinosu Günləri Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun İdarə Heyətinin sədri Leonid Slutskinin, Rusiya Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin, “İkinci nəfəs” logistika şirkətinin, “SAVALAN-ASPI WINERY” şirkətinin, “Hyatt Regency Baku” otelinin dəstəyi ilə keçirilib.

    “Yeni Azərbaycan” Partiyasının sədr müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, Rusiya ilə Azərbaycanın çoxəsrlik qonşuluq tarixi var və biz tarixin müəyyən bir dövründə vahid dövlət çərçivəsində yaşamışıq. “Təbii ki, ölkələrimiz arasındakı mədəni və humanitar mübadilə xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, Rusiya kinosu bədii və informativ baxımdan çox zəngin ənənələrə və təcrübəyə malikdir. Ona görə də hesab edirəm ki, artıq ənənəvi hadisəyə çevrilən “Azərbaycanda Rusiya Kinosu Günləri” festivalı ölkələrimiz arasında mədəni münasibətlərin, xalqlarımızın yaxınlaşması və bir-birini daha yaxşı başa düşməsi üçün mühüm addımdır. Bu, təkcə regionda deyil, bütün dünyada baş verən hadisələr və geosiyasi reallıqlar nöqteyi-nəzərindən, ilk növbədə gənclər üçün böyük əhəmiyyət kəsb edir. İndiki qlobal qarşıdurmaları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi çox böyük əhəmiyyət kəsb edir”.

    Tədbirdə Rusiya nümayəndə heyətini əsasən, məşhur teatr və kino aktrisası, "Çayka" teatr mükafatı laureatı Yelena Zaxarova, aktrisa və rejissor Polina Lazareva təmsil ediblər.

    Teatr və kino artisti, kino festivalının bütün tədbirlərinin aparıcısı Polina Neçitaylo, atasının azərbaycanlı rəssam Səttar Bəhlulzadə ilə yaxın dost olmasına dair xatirələrini bölüşüb.

    Bundan sonra tamaşaçılara festivalda baş rolun ifaçısı, Millətlər Dövlət Teatrının aktyoru Sergey Kempo tərəfindən təqdim olunan Nikolay Lebedevin rejissoru olduğu "Nürnberq" filmi nümayiş etdirilib.

    Film 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalı işə başlamazdan əvvəl iki gəncin görüşündən bəhs edir.

    Rusiya Kinosu Günlərinin proqramı, dörd yeni rus bədii filminin nümayişini, ardından isə hər filmi təqdim edən sənətçi ilə müzakirələri və yaradıcılıq görüşlərini əhatə edir:

    Polina Lazarevanın “Qağayı” adlı ekran əsərini filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək.

    Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” teatr mükafatının laureatı, məşhur teatr və kino aktrisası Yelena Zaxarova tərəfindən təqdim olunacaq.

    Andrey Bulanovun “Xokkey ataları” filmini baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov təqdim edəcək.

    Kino günlərinin proqramında, həmçinin “Çink: quyruqlu detektiv” (rejissor Qriqori Vojakin) cizgi filminin nümayişi gözlənilir.

    Film nümayişləri aprelin 27-dək davam edəcək və Nizami Kino Mərkəzində keçiriləcək.