Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın milli ekspertlərinin onlayn görüşü keçirilmişdir
24.09.2020
Məlum olduğu kimi, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1998-ci ildən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi tərəfindən hazırlanan milli məruzələr müvafiq veb-portalda (https://www.culturalpolicies.net/) yerləşdirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakı şəhərində təşkil olunmuşdur. Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınmış, nazirlik tərəfindən həyata keçirilmiş “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” kimi innovativ proqram və layihələrin hazırlanmasında geniş istifadə olunmuşdur. Məsələ ilə əlaqədar, cari ilin 24 sentyabr tarixində “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın Milli Ekspertlərinin onlayn görüşü təşkil olunmuşdur. Görüşdə Assosiasiyanın 2021-2023-cü illlər üçün İş Planı müzakirə edilmiş, Assosiasiyanın İdarə Heyətinin yeni üzvləri təqdim olunmuş və seçilmiş, Avropa və milli mədəniyyət siyasətləri müzakirə edilmişdir. Milli ekspert olaraq tədbirdə iştirak edən nazirliyin sektor müdiri Yaşar Hüseynli müzakirələr zamanı hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aparılan islahatlardan danışaraq, daxili və xarici mədəniyyət siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin müasir dövrün tələblərinə uyğun olaraq müəyyən olunmasını qeyd etmişdir. Kompendium layihəsinin beynəlxalq nüfuzunu və çoxsaylı izləyicilərinin mövcudluğunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmaq imkanlarını nəzərə alaraq, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun tapşırığına əsasən, Kompendium Assosiasiyası ilə daha sıx əlaqələrin qurulması imkanları araşdırılır.
Oxşar Xəbərlər

    ×