Teleqüllə - 1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Hazırda fəaliyyət göstərən televiziya qülləsi 1996-cı ildə istismara verilib və onun hündürlüyü 310 metrdir.
Kompleks SSRİ Nazirlər Sovetinin qərarı əsasında Azərbaycan Respublikası Rabitə Nazirliyinin sifarişi ilə SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən layihələşdirilmişdir. Tikinti işlərinə 1979-cu ildə başlanılmışdır. Layihəyə əsasən inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin müəyyən səbəblər üzündən kompleksdə tikinti işləri dayandırılmışdır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Teleqüllənin tikintisi davam etdirilmiş və 1996-cı ildə ulu öndərin iştirakı ilə kompleksin rəsmi açılış mərasimi keçirilmişdir. Ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il iyul ayının 10-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq, qısa vaxt ərzində kompleksdə əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunmuşdur. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənmişdir. Kompleksdə yeni televiziya vericiləri quraşdırılmışdır ki, bunlar da yayımın keyfiyyətini yüksək standartlar səviyyəsinə qaldırmışdır. Qüllədə Yaponiya istehsalı olan və hər biri 12 nəfərlik iki lift quraşdırılmışdır. Qüllənin 28-ci mərtəbəsində yerdən 180 metr hündürlükdə televiziya və radio yayım avadanlığı, 1712 kilometr uzunluğa malik RRX şəbəkəsinin baş stansiyası, mobil operatorların SDH şəbəkələri yerləşdirilmişdir. 10-cu mərtəbədə isə televiziya və radioverici-yayım avadanlığı, peyk yayımı avadanlığı, audio-video kommunikasiya qurğuları, habelə dispetçer xidməti, radio-rele kommunikasiya qurğuları və digər xidməti avadanlıq yerləşdirilmişdir.http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyun2009/83451.htm
http://deyerler.org/41746-bu-ggn-radio-vjj-televiziya-iegiljjrinin-peejj.html