Facebook Pixel Code
GoMap XƏRITƏ
Kültəpə yaşayış massivi (arxeoloji abidə)
Baxış sayı:
  • Ünvan:
    Babək, AZ6713
Avtobus

I Kültəpə yaşayış yeri - Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Naxçıvançayın sol sahilində, Babək rayonunun eyniadlı kəndi yaxınlığında yerləşir. Abidənin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış yerində 1951-1964-cü illərdə O.H.Həbibullayev tərəfindən aparılan qazıntılar zamanı 22,2 metr qalınlığı olan 4 mədəni təbəqə aşkar edilmişdir. Yaşayış yerinin Kür-Araz mədəniyyətinə aid olan ikinci təbəqəsi abidənin üzərindən 3,4-4,5–12,4-1,3 m dərinlikdə yerləşir. Мaddi- mədəniyyət qalıqları ilə zəngin olan bu təbəqə 8,5-9 m qalınlığındadır. Мədəni təbəqə müxtəlif həcmli çay daşları, çiy kərpic qalıqları, osteoloji qalıqlar, obsidian, çaxmaqdaşı parçaları, kömür qalıqları, kül və torpaq laylarının qarışığından ibarətdir. Kül qalıqları, başlıca olaraq, sobaların, manqal və ocaqların ətrafında toplanmışdır. Təbəqədən müxtəlif daş, sümük, metal əşyalar və keramika məmulatı aşkar olunmuşdur. Abidənin stratiqrafiyası Kür-Araz dövrünə aid yaşayış məskəninin Eneolit təbəqəsi üzərində salındığını göstərir. O.H.Həbibullayevin fikrinə görə, Kür-Araz təbəqəsi Eneolit təbəqəsindən 30-40 sm qalınlığında olan steril təbəqə ilə ayrılır. I Kültəpədə Kür-Araz dövrünə aid 14 tikinti qatı aşkar olunmuşdur. Bunlar bir-birinə bənzər təsərrüfat-məişət kompleksləri ilə xarakterizə olunur. Alt laylarda qeydə alınan yaşayış evləri başlıca olaraq dairəvi planlı, üst laylardakı evlər isə əsasən dördbucaqlıdır. Dairəvi planlı bəzi evlərin düzbucaqlı artırması vardır. Tikinti materialı kimi çay daşı, çiy kərpic və möhrədən istifadə edilmişdir. I Kültəpədə Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid edilən yaşayış evləri dairəvi planlıdır. Evlərin divarları çiy kərpiclə hörülmüş və hər iki tərəfdən gillə suvanmışdır. Birinci tikinti qatında aşkar olunan 34 №-li binanın tikintisində 40 x 20 x 10 sm ölçülü kərpiclərdən istifadə edilmişdir. Döşəmə gillə suvanmışdır. Binanın içərisində yarımşar formalı qulpu olan gil qab parçaları, daş alətlər və nalşəkilli ocaq qurğusu əldə edilmişdir. Həmin tikinti qatında, 33 №-li evin tikintisində isə 50 x 24 x10 sm ölçülü çiy kərpiclərdən istifadə edilmişdir. Binanın divarları 35-40 sm hündürlüyündə, 32 sm qalınlığında qalmışdır. Diametri 8,35 m-dir. Bina çiy kərpicdən hörülmüş divarla iki qeyri-bərabər hissəyə bölünmüşdür. Onun şimal-şərq hissəsindən anbar kimi istifadə edilmişdir. Üçüncü tikinti qatına aid 28 №-li bina dairəvi formalı olub, şimal-şərq tərəfdə düzbucaqlı binanın divarı ilə birləşmişdir. Divarlar 42 x 18 x 12 sm ölçülü çiy kərpiclərdən hörülmüş və gillə suvanmışdır. Binanın diametri 5,5 m-dir. Onun cənub-şərq hissəsində, qapı girişinin sağ tərəfində divara bitişik gil soba aşkar olunmuşdur. Soba bir qədər dəyirmiləşdirilmiş, dördkünc formadadır. Sobanın odluğu künbəz tipli olub, uzunluğu 1,34 m, eni 0,78 m, hündürlüyü 0,18 m-dir. Binanın mərkəzi hissəsində gillə suvanmış döşəmədə evin tavanını saxlayan dayaq dirəyi üçün qoyulmuş yastı daşa rast gəlinmişdir. Evin içərisindən müxtəlif formalı gil qab qırıqları, heyvan sümükləri aşkar edilmişdir. I Kültəpədə aşkar olunan binaların bəzilərinə Yaxın Şərq və Zaqafqaziyanın bir çox abidələrində rast gəlinir. Daş təməl üzərində çiy kərpicdən, yaxud möhrədən tikilmiş binalara Azərbaycan ərazisində Qaraköpəktəpə, Günəştəpə, Göytəpə, Yanıqtəpə, II Kültəpə qədim yaşayış yerlərində rast gəlinmişdir. Belə binalar Şenqavit, Kosi-Koter, Arevik və s. abidələrdən də məlumdur.

Son xəbərlər