Facebook Pixel Code
GoMap XƏRITƏ
Babadərviş yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Qazax, AZ3520
Avtobus

Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənub qərbində, Ağstafaçayın sol sahilində yerləşir. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır. Yaşayış yerində 600 m2 sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50-60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə 2,5m- dir. Şübhəsiz ki, bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə tutulmuşdur. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı kiçik bir ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması üçün ümumi anbar kimi istifadə edildiyini göstərir. Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun təsirindən qızarmış və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri, öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal ki, bu ocaqdan müəyyən ayinlərin icrası üçün istifadə olunmuşdur. Yaşayış yerinin kənarında, bir-birinin yaxınlığında üç oval çuxura rast gəlinmişdir. Həmin çuxurların təmizlənməsi zamanı müəyyən edilmişdir ki, onlar metaləritmə sobalarının aşağı hissəsindən ibarətdir. Bu qurğuların ətrafından şlak qalığı, görük ucluğu, metal çubuqlar tökmək üçün formalar tapılmışdır. Qazıntının mərkəzi hissəsində qoşa spiralla naxışlanmış daş stela aşkar olunmuşdur. Ola bilsin ki, bu stela ritual ocaqla vahid bir kompleksə daxil olaraq ziyarətgah rolu oynamışdır. Yaşayış yerində qeydə alınmış xeyli tikinti qalıqları, çiy kərpic qırıqları, suvaq parçaları, çay daşları və s. burada dairəvi formalı, yerüstü tikintilərin mövcud olduğunu göstərir. Tikinti qalıqları arasında rast gəlinən iki ocaq qurğusu xüsusilə diqqətəlayiqdir. Bu qurğuların içəridən çıxıntıları və yarımşar şəkilli qulpları vardır. Yaşayış yerindən aşkar edilmiş keramika məmulatı müxtəlifdir. Onların bir qrupu arxaik formada olub, kobud hazırlanmışdır. Digər qrupa isə qara cilalı, naxışlı qablar daxildir. Ehtimal ki, abidədə Kür-Araz mədəniyyətinin bütün mərhələlərində yaşayış olmuşdur. Мədəni təbəqənin az yığılması, onun mövsümi yaşayış yeri kimi istifadə edilməsini göstərir. Yaşayış yerində, həmçinin insan və heyvan fiqurları, daş çəkiclər, baltalar, dən daşları, həvənglər, dəstələr, toxa parçaları, bıçaqşəkilli plastinkalar, ox ucluqları, toppuz başlıqları, asmalar, sümük bizlər, iynələr, balıq qarmağı, dəlici və cilalayıcı alətlər aşkar edilmişdir. Мədəni təbəqədə rast gəlinən xeyli istehsal tullantıları, xüsusilə daş çıxarları, alətlərin yerli istehsala aid olduğunu göstərir.

Son xəbərlər