Facebook Pixel Code
GoMap XƏRITƏ
Beyləqan şəhərinin xarabalıqları (Örənqala)
Baxış sayı:
  • Ünvan:
    Kəbirli, Beyləqan, AZ1222
Avtobus

Mil düzündə Beyləqan rayonunun Kəbirli kəndinin ərazisində yerləşir. Bərdədən Ərdəbilə gedən ticarət karvan yolu üzərində yerləşən Beyləqan şəhəri, eyni zamanda, Kürlə Araz arasındakı əraziləri dağ rayonları ilə birləşdirirdi. Mil və Muğan düzənliklərindən Kiçik Qafqaza yaylağa köç edən əhali buradan keçirdi. Şəhərin xarabaları, kvadrat planda olan qala divarlarının qalıqları köbər şəklində düzənliyin adi səthindən 6-8 m hündürlükdə aydın görünməkdədir. Qala divarlarından içəridəki sahədə mədəni təbəqənin qalınlığı 3-5 m təşkil edir. Şəhərin yanı ilə orta əsrlərdə Arazla Qarqarçayı birləşdirən Govurarx axırmış. Onun izləri bəzi yerlərdə indi də aydın bilinir. Govurarxın suyundan şəhərin qala xəndəyini doldurmaq və ətraf əraziləri suvarmaq üçün istifadə olunurdu. Şəhər üç hissədən ibarət olmuşdur: 40 hektarlıq sahəni əhatə edən Böyük şəhər, onun cənub-şərq küncündə yerləşən 14 hektarlıq sahəsi olan Kiçik şəhər və Böyük şəhərdən cənub-qərb tərəfdə qala divarlarından kənarda yerləşən sənətkarlar məhəlləsi. Bu sahələrin hamısında çoxlu miqdarda saxsı qab, bişmiş kərpic, metal, şüşə, fayans və s. qırıqlarına və mis pullara rast gəlinir. Belə tapıntılara həm də şəhər yerini əhatə edən ərazilərdə, xüsusilə şimal-qərb tərəfdə yerləşən, adını düzənliyə vermiş Mil-Minarənin xarabalığına qədər olan sahələrdə təsadüf edilir. Örənqalada 1933 və 1951-ci illərdə kiçik həcmli qazıntılar aparılmış, 1953-1968-ci illərdə isə ardıcıl və sistemli olaraq böyük qazıntı işləri görülmüşdür (Q.M.Əhmədov, 1962; 1979). Böyük şəhərlə Kiçik şəhərin şimal-şərq qala divarının kəsişdiyi yerdə Böyük şəhərin qala divarının bir bürcünün hissəsi aşkara çıxarılmışdır. Həmin bürcü Kiçik şəhərin şimal qala xəndəyi kəsmişdi. Məlum olmuşdur ki, Böyük şəhərin ilk qala divarı və bürcləri 49x49x17 sm ölçüdə olan çiy kərpiclə hörülmüşdür. Xeyli şirli və şirsiz qab, fayans, şüşə qırıqları, pul və s. əldə edilmişdir. 1953-1968-ci illərdə Örənqalada 6 sahədə qazıntı aparılmışdır: şimal-şərq (II qazıntı), şimal-qərb (VI qazıntı) qala divarlarında, Kiçik şəhərin içərisində, onun şimal-qərb divarı yanında (I qazıntı), həmin qazıntı şimal-qərbə doğru genişləndirilərək qala divarı, xəndək kəsilmiş və Böyük şəhərin buradakı xəndəkyanı sahəsi əhatə olunmuşdur (V qazıntı) və sənətkarlar məhəlləsində (III və IV qazıntılar). I qazıntıda şəhərin VI-XIII əsrləri əhatə edən təbəqələri aydınlaşdırılmış, yaşayış binalarının qalıqları aşkar olunmuş, küllü miqdarda maddi mədəniyyət nümunələri əldə edilmişdir. Burada mədəni təbəqənin qalınlığı və stratiqrafiyası müəyyənləşdirilmiş, şəhərin tikintilərində tarixən əmələ gələn dəyişikliklər izlənmiş, təbəqələr üzrə əşyavi materialların dövrü müəyyənləşdirilmiş, şəhərin sənət istehsalı və mədəni həyatının inkişaf mərhələləri aydınlaşdırılmışdır. VI qazıntı sahəsində aparılan qazıntılar nəticəsində müəyyən edilmişdir ki, Böyük şəhərin şimal-qərb qala divarı da şimal-şərq divarı kimi eyni üslubda və eyni material ilə tikilmişdir. Bu divarın da üstündə yaşayış tikintiləri və müsəlman qəbirlərinin qalıqları aşkar olunmuşdur. Divarın qala xəndəyində, içərisində XIII əsrə aid şar-konusvari qablar olan dulus kürəsi tapılmışdır. Bu qazıntıda şəhərin şimal-qərb darvazasının müxtəlif inşaat dövrləri, kərpic kürəsi qalıqları və şəhərin kanalizasiya xəttinin bir hissəsi üzə çıxarılmışdır. V sahədəki qazıntılardan aydın olmuşdur ki, Kiçik şəhərin şimal-qərb qala divarı Əmir Teymurun dövründə inşa edilmişdir. Qazıntının şimal-qərbə davam edən hissəsində həmin divarın xəndəyi müəyyənləşdirilmiş, Böyük şəhər tərəfdə isə VI-XIII əsrin əvvəllərinə aid yaşayış evlərinin qalıqları aşkara çıxarılmışdır. Şəhər yerinin cənub-qərb qurtaracağında, Govurarxa yaxın olan yerdə, şəhərin sənətkarlar məhəlləsi yerləşmişdi. Buradakı təpə kimi yerdə (III sahə) XIII əsrin əvvəllərinə aid 7 ədəd dulus kürəsi, üstü örtülü olmuş su kəməri və XII-XIII əsrin əvvəllərinə aid təsərrüfat əhəmiyyətli böyük bir kompleks tikinti qalıqları üzə çıxarılmışdır III sahədə ətrafında onlarla müsəlman qəbirləri olan dörd dördkünclü türbə, IV sahədə isə içərisində dörd qəbir olan, mozaika və boyalı rəsmlərlə naxışlanmış səkkizguşəli türbənin qalıqları aşkara çıxarılmışdır. İkinci türbənin içərisində, mehrab yerində yazı qalığı və türbənin ətrafında isə iki müsəlman qəbiri olmuşdur. III və IV sahələrdəki qazıntıların şəhərin plan quruluşunu, sənətkarlar məhəlləsinin xüsusi ərazidə cəmləşməsini, dulusçuluq, metalişləmə, şüşə istehsalı və digər sənət sahələrinin inkişaf mərhələlərini, şəhərin dağıdılması tarixini və bir sıra başqa məsələləri öyrənmək üçün böyük əhəmiyyəti var. Ən alt mədəni təbəqə iri təsərrüfat quyularının çoxluğu ilə fərqlənmişdir. Qalınlığı 1,52 m olan bu təbəqədə yanıq izləri və ilk orta əsrlərə aid sönük, az miqdarda maddi-mədəniyyət qalıqları - əsasən saxsı qab qırıqları tapılmışdır. IX-X əsrlərə aid olan təbəqə 2 m qalınlığındadır, ilk abbası pulları və ilk şirli qab qırıqları ilə yaxşı müəyyənləşdirilir. Yaşayış, ictimai və təsərrüfat xarakterli tikinti qalıqları, külli miqdarda məişət və mədəniyyət əşyaları ilə zəngin olan XII-XIII əsrin əvvəllərinə aid mədəni təbəqə şəhərin iqtisadi və mədəni inkişafının çiçəklənmə dövrünü əks etdirir. Örənqala qazıntıları göstərdi ki, şəhərdə həyat ilk orta əsrlərdən başlayaraq ardıcıl surətdə davam etmiş, xüsusilə XII-XIIl əsrin əvvəllərində burada çox böyük canlanma olmuşdur. Ümumiyyətlə, bu şəhər özünün təxminən onəsrlik mövcud olduğu dövrdə Azərbaycanın və bütün Cənubi Qafqazın iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır (Q.M.Əhmədov, 1979).

Son xəbərlər