Facebook Pixel Code
GoMap XƏRITƏ
Məlik Əjdər türbəsi
Baxış sayı:
  • Ünvan:
    Cicimli kənd yolu, Laçın, AZ4100
Avtobus

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olanının — Məlik Əjdər türbəsinin planı içəridə dairə, bayırda səkkizbucaqlı formadadır. İçəridə türbənin iç divar səthi 1,5 metr yüksəkliyəcən vertikal qalxır və sonra əyilmiş qabarıq səthə çevrilir. Döşəmə səthindən 7,5 metr yüksəklikdə divar səthindən bir az irəli çıxmış sadə profilli karnizin üzərində qurulmuş parabolik formalı günbəz interyeri qapayır. İç divarın cənub hissəsində, giriş qapısı ilə üz-üzə dayaz kiçik mehrab tağçası var. İç divarlar üzərində müxtəlif təsvirləri olan suvaqla örtülü olmuşdur. Türbənin iç döşəməsi ilə bayır kürsülüyünün səviyyəsİ eynidir. Türbənin interyeri günbəzin əsasındakı dörd kiçik pəncərə İİə işıqlanır. Azərbaycanın səkkizbucaqlı türbələrində korpus adətən təmiz prizmatik həcm kimi həll edilir. Onlardan fərqli olaraq Cicimli türbəsinin səkkizüzlü korpusu qabarıq kəsik piramida formasındadır. Belə ki, onun bayır həcminin üzləri yuxarıya doğru əyilərək iç karnizlə bir səviyyədə olan sadə karnizlə qapanır. Bu karnizin üstündə isə hündür profilli parabolik günbəz yüksəlir. M. S. Bulatovun qrafik təhlilinə görə bu abidəni ucaldan memar “tikilinin siluetini çəkmək üçün ellipsdən yararlanmışdır”. İç məkanı kimi türbənin bayır həcmi də bütöv olub korpus ilə günbəz örtüyü arasında keçid zolağı yox dərəcəsindədir. Bu səbəbdən türbənin silueti tamamilə köçəri çadırını təkrar edir. Türbənin səkkizüzlü korpusunun tinləri çadır karkas konstruksiyalarının əsasını təşkil edən çubuqlara bənzər incə daş sütuncuqlar şəklində həll edilmişdir. Korpusun bütün üzləri yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir. Sütuncuqların oyma bəzəkli kvadrat kapitelləri karnizə dirənir. İzlərdən bəlli olur ki, əvvəllər karnizin üstündə sıralanan daş dişlər günbəzi dövrələyirmiş. Türbəyə düzbucaqlı açırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur və araşdırıcılar Cicimli türbəsinin XII–XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında — Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.

Son xəbərlər