Facebook Pixel Code
GoMap XƏRITƏ
Məmmədbəyli türbəsi (Zəngilan)
Baxış sayı:
  • Ünvan:
    Zəngilan, AZ6401
Avtobus

Zəngilan rayonunun ərazisində çoxlu müxtəlif tarixi abidələr vardır ki, bunların içərisində Məmmədbəyli kəndindəki türbəni göstərmək olar. Türbə binası kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Türbənin binası səkkiztillidir və səkkiztilli piramida çadırı ilə örtülmüşdür. Düzbucaqlı qapı yeri yer səthindən xeyli hündürə qaldırılmış və şimal-qərb tili üzərindədir. Türbə yonulmuş ağ daşdan tikilmişdir, lakin pərvazı tünd rəngli daşdan hörülmüşdür. Abidə haqqında ilkin məlumatı 40-cı illərdə İ.P.Şeblıkin vermişdir. Onun dərc etdiyi məqalədə o, Araz və Əkərəçay hövzəsindəki abidələrdən danışarkən, Füzuli rayonundakı Mir Əli, Qubadlı rayonundakı Dəmirçilər kəndi yaxınlığındakı türbəni və başqa abidələri təsvir edir, lakin Məmmədbəyli türbəsi özünün memarlıq quruluşu cəhətdən hərnin türbələrə bənzədiyi üçün onun təsvirini tam olduğu kimi verməmişdi.

Türbənin maraqlı və orijinal kitabəsi vardır: irili-xırdalı çökəkləri, bir-biri ilə kəsişən enli-ensiz cizgilər, dolaşıqlı tellər. adi sıradan çıxıb sətirdən yuxarı qaldırılmış kəlmələr, pozulub getmiş, lakin izi qalmış müəmmalı sözlər və i.a. hal-hazırda olduqca çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvari çatılmış bütöv bir daş üzərində həkk olunmuşdur. Ölçüsü belədir: 1,45x0,90 m. Daşın yuxarı hissəsi 21 sm enində kitabə motivi ilə haşiyələnmişdir. Altı sətirlik ərəbdilli kitabə oyma üsulunda yazılmışdır. Dörd sətirdə «Qurani-Kərim»dən ayələr verilir. İki sətirdə isə yazılmışdır ki, türbə Məhəmməd Əl-Hacın oğlu Yəhya üçün tikilmişdir və tarixi hicri 704-cü il, miladi 1305-ci il göstərilmişdir.

Binanın memarı-bənnası Əli Məcdəddindir. Kitabədə göstərilən «Ə1-Hac» ləqəbi bütün orta əsrlər dövründə dövlət xadimlərinə verilərdi.

Son xəbərlər