XVII əsrin monumental abidələri sırasına daxil edilməyə layiq olan memarlıq nümunələrindən biri də Şamaxı yaxınlığında Kələxana kəndindəki türbələrdir. Təxminən 250x150 m sahədə yerləşən bu türbələrin sayı vaxtilə 9 olmuşdur, hazırda isə 8-i qalır. Bunların yeddisi yaxşı qalmışdırsa, səkkizinci türbə dağınıq haldadır.
Üçüncü türbənin qarşısında, onu əhatə edən divar və divarın bir tərəfində giriş portalı şəklində düzəldilmiş tikintilər vardır. Kələxana türbələri Azərbaycan üçün səciyyəvi olan səkkizbucaqlı türbələrdir. Türbələrin gövdəsi səkkizbucaqlı prizma, örtükləri isə səkkizbucaqlı piramida şəklindədir. Türbələrin hamısına səliqə ilə yonulmuş ağ daşdan üz çəkilmişdir. Kələxana türbələri bir-birinə çox oxşamır, onlann hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Türbələrin fərdi xüsusiyyətlərini, əsasən, onların giriş qapısında görmək mümkündür. Burada hər türbənin qapısı müxtəlif şəkilli çərçivəyə alınmış, bəzi qapıların yuxarısında lövhələr yerləşdirilmişdir. Türbələrdən birinin üzərində kitabə vardır ki, burada binanın 1663-cü ildə Sərkər Əbdülün rəhbərliyi ilə tikildiyi göstərilmişdir.