Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 aprel 2011-ci il tarixində Astara rayonunda Gənclər Evinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Astara şəhərinin Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış olub.
Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Ətrafda ən müasir tələblərə cavab verən park salınıb, müasir işıqlandırma sistemi qurulub və abadlıq işləri görülüb.
Dövlətimizin başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olub.
Burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Gənclər Çay Evində cənub bölgəsində yetişdirilən çay nümunələrindən dəmlənmiş çay içib öz istirahətlərini təşkil edə bilərlər.
Şahmat klubunda isə yeniyetmə və gənclər bu qədim oyunun sirlərinə yiyələnə, ərazidəki Dövlət Bayrağı Muzeyində Azərbaycan tarixinin şanlı səhifələri ilə tanış ola bilərlər. Muzeydə 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, bununla yanaşı, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş olunur. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilib.