Mirzə Ələkbər Sabir adına parkMəhşur satirik şairimiz Mirzə Ələkbər Sabir adına park Bakının Sabail rayonunda yerləşən parklardan biridir. Park cənub tərəfdən "İçərişəhər"in qala divarıyla, şimal tərəfdən İstiqlaliyyət küçəsiylə, şərqdən Konstitusiya məhkəməsiylə, qərbdən isə daha çox İsmailiyyə adıyla tanınan Azərbaycan Milli Elmlər Akademiyasının əlyazmalar institutunun binasıyla sərhəddir. Park keçən əsrin 20-ci illərində "Kaspi" nəşriyyatının yerində salınmışdır. Parkın formalaşması mərhələli şəkildə baş tutub. 1922-ci ildə qala divarının yaxınlığında Mirzə Ələkbər Sabirin heykəli qoyulmuşdur. Bu heykəlin heykəltaraşı Yakov Keylixis, memar isə Sirişev olmuşdur. 1950-ci illərdə parkın ərazisi xeyli genişləndirildi, abadlaşdırıldı və yaşıllaşdırıldı. Bununla əlaqədar olaraq, şairə daha təkmil və yeni heykəlin qoyulması məsələsi aktuallaşmışdır. Beləliklə də, parkda 1958-ci ildə Mirzə Ələkbər Sabirin yeni heykəli ucaldılmışdır. Bu dəfə heykəl parkın mərkəzində qoyulmuşdur. Son illərdə parkda yenidən yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.