Filarmoniya parkıİçərişəhərin qala divarına bitişik ərazidə salınan və uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan Filarmoniya bağı 1830-cu ildə salınmışdır. XIX əsrin 60-70-ci illərində bu bağın ərazisi xeyli genişləndirilib. Ötən əsrin əvvəllərində isə Şəhər Dumasının qərarı ilə bu ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırıb. Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanıb. O vaxtlar da bu bağa digərlərindən daha çox diqqət və vəsait ayrılırdı. Çünki bağdakı sıx yaşıllıq Şəhər Dumasının fəxri idi. Bağ salınandan sonrakı dövrdə ilk dəfə burda abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib. 2007-ci ilin mayında əraziyə gələn prezident İlham Əliyev burda abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlarını verib. Aparılan işlər nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. Bağın özünəməxsus bitki örtüyü olduğu kimi qorunub saxlanıb, yenidənqurma mərhələsində yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Fransanın “İnter Art” şirkətinin layihələndirdiyi bağda orijinal formada fəvvarə tikilib. Eyni zamanda, Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndirilir. Bağda əsasən Türkiyə və İtaliyadan gətirilən qızılgül kolları var ki, onlar ağaca yaxın əkilir və ağacın gövdəsinə bağlanılır. Bu halda gül kolları ağaca dolanaraq 7-8 metr hündürlüyədək böyüyür və sarmaşığa bənzəyir. Belə qızılgülə yalnız Filarmoniya bağında rast gəlmək olar. Güllər mayda açır. Ağaclara yaxın əkilən xrizantemalar (payızgülü) isə oktyabrda açır və 2-3 ay solmur. Filarmoniya bağında bitən liliya, qardeniya və palmalara qış aylarında xüsusi qulluq göstərilir, soyuqdan qorumaq üçün onları bükürlər. Bağda bitən ən qədim ağaclardan biri də Xan çinarıdır. Bundan başqa burada pixta, iliks, qarağac, daş palıd, kedr, sidr, maqnoliya, yuka, aliyandr, sukas, quşalması, söyüd və başqa bitkilər də mövcuddur.