Bakının Bayıl burnu yaxınlığında zaman-zaman dənizə batıb-çıxan kiçik adadakı abidə qalıqları müxtəlif adlarla ("Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl", "Karvansara", "Xanəgah") anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır ki, bu da hələlik tarixi gerçəkliyə daha yaxındır. Memarı Zeynəddin Əbdürəşid oğlu Şirvanidir.
Bakı buxtasında - Bayıl daşlarında aparılan qazıntılar xüsusi əhəmiyyətə malikdir. Orta əsr Bayıl qəsrinin qeydə alınması XVIII əsrin 20-ci illərinə təsadüf edir. 1723-cü ildə, rus hərbi donanması Bakı buxtasında olarkən, F.İ.Soymanov su altında qalmış tikinti qalıqlarını müşahidə etmiş, onlar haqqında məlumat verərək bu abidənin karvansara xarabalıqları olması ehtimalını irəli sürmüşdür. 1807-ci ildə Bakı buxtasının xəritəsini tərtib edən coğrafiyaçı Mixaylov ilk dəfə olaraq su altında qalmış tikinti qalıqlarının istehkam qalıqları olmasını bildirmişdir. Burada 1938-1940-cı illərdə Xəzərin suyunun enməsi və qala divarları olan tikinti qalıqlarının görünməsi ilə əlaqədar, həmin abidənin tədqiqinə başlanılmış, 1946, 1962, 1969-cu illərdə davam etdirilmişdir. Tədqiqatlar nəticəsində suyun altından üzərində ərəb əlifbası ilə yazı olan 800-dək daş lövhələr aşkara çıxarılmışdır. Abidənin 1234-1235-ci illərdə tikildiyi tarix daşlarda aydın yazılmışdır. Abidənin nə məqsəd üçün tikilməsi haqda müxtəlif mülahizələr söylənmişdir. Bəziləri onu "karvansara", başqaları "sualtı şəhər". "Bayıl daşları", "Səbail daşları", "Yunan şəhər" və s. hesab etmişlər. Abidənin cənub hissəsində qazıntılar aparılmış, az yonulmuş daşdan hörülmüş kvadrat planda olan tikinti qalığı aşkara çıxarılmış, qazan, çıraq, bardaq, boşqab qırıqları tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində belə bir fikir söylənilmişdir ki, bu abidə Bakını qorumaq üçün dənizdə tikilmiş qala olmuşdur. Həm də gömrükxana rolunu oynamışdır. İ.M.Cəfərzadə belə hesab edirdi ki, bu tikinti kompleksi sitayiş obyektidir, əvvəllər atəşpərəstlərin sitayiş yeri olmuş, sonra islam dininə uyğunlaşdırılmışdır. Bəzi tədqiqatçılar onun Şirvanşahların saray kompleksi olduğunu bildirirlər.
V.A.Kvaçidze Bayıl qəsrinin inşaatının tamamlanmadığını, XIII əsrin sonu - XIV əsrin əvvəllərində Xəzər dənizinin səviyyəsinin qalxması ilə abidənin su altında qalması ehtimalını irəli sürmüşdür.
Bayıl qəsrini dövrələyən, daş lövhələrindən tərtib olunmuş yazılı qurşaq Azərbaycan orta çağ monumental xəttatlığının incilərindən hesab oluna bilər. Həmin qurşaqda oyma üsulu ilə işlənmiş kitabələrdə həm də canlıları təsvir edən çoxlu rəsmlər də vardır. Qabartmaları tədqiq edən mütəxəssislər burada pələng, dəvə, at, öküz, quş və insan başı təsvirlərinin varlığını bildirirlər. Oturaq, ayaq üstə, qaçan vəziyyətdə təsvir edilmiş həmin rəsmlər, söz yox ki, bədii xarakter kəsb etməklə yanaşı həm də rəmzi məna, ideya yükü daşıyırdı. Burada həmçinin mifik təsvirlər də verilmişdir. Sfinks (aslan bədənli, qadın başlı, qanadlı məxluq), qrifon (qartal başlı, aslan gövdəli məxluq) və vaq-vaq adlı təsvirləri (gövdəsi bitki, budaqlarından canlıların baş hissəsi asılmış təsvir) əfsanəvi-mifik xarakter daşıyır.
Vəli Baxşəliyev Azərbaycan arxeologiyası
http://big.az/forum/index.php?s=dbb369534f62ead3ede9e2cf384e37b7&showtopic=15805&pid=318769&mode=threaded&start=#entry318769