Babək rayonunun Payız kəndindən şimalda, Cəhri kəndi ərazisində, əlçatmaz bir dağın üzərində salınmışdır. Qala şimal-cənub istiqamətində axan Cəhri çayının qərbində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşmişdir. Odur ki, müdafiə baxımından olduqca əlverişlidir. Belə ki, düşmənə birbaşa qalaya hücum etmək imkanı verilməmişdir. Qalanın giriş yolu dik yamaclar və qayalıqlardan keçdiyindən, düşmənin hücumunu xeyli çətinləşdirir. Lakin qalanın içərisində yaşayış binasına aid tikinti qalıqları olduqca azdır. Onun mərkəzi hissəsində mədəni təbəqəyə və arxeoloji materiallara rast gəlinmir. Qalanın yerləşdiyi ərazi bütün Cəhri çayı vadisini nəzərdə saxlamağa və hücum təhlükəsinin qarşısını almağa imkan verir. Çalxanqalaya Cəhri çayı vadisindən şərqdən və şimaldan qalxmaq mümkündür. Vayxır qalasında olduğu kimi, burada da arxeoloji materiallara rast gəlinməmişdir. Ehtimal ki, qaladan daimi yaşayış yeri kimi deyil, təhlükə yarandıqda müdafiə məqsədilə istifadə edilmişdir. Çalxanqala üzəri yastı olan sıldırım qayalığın cənub tərəfində tikilmiş, yalnız bir divardan ibarətdir. Son Tunc dövrünə aid müdafiə divarları da tikinti texnikasına görə fərqli xüsusiyyətlər göstərir. Bu baxımdan, Çalxanqalanın tikinti texnikası diqqəti cəlb edir. Qala divarlarının tikintisində qaba düzəldilmiş, dördkünc biçimli daş bloklardan istifadə edilmişdir. Divarlar yan tərəflərdə iri bloklardan inşa edilmiş, onların arası isə kiçik həcmli daşlarla doldurulmuşdur. Bəzi hallarda divarların hörgüsündə bərkidici məhluldan istifadə edilmişdir. Yaşayış yerinin bu hissəsi təbii cəhətdən müdafiə olunmadığından, müdafiə divarına ehtiyac duyulmuşdur. Şərq qərb istiqamətində olan bu divarın uzunluğu, təqribən 350- 360 metrdir. Divarın qərb ucu yüksək bir qayalıqla, şərq ucu isə sıldırım qayalıqla birləşir. Qala divarı düz biçimdə deyil, yerin relyefinə uyğun olaraq inşa edilmiş, içəridən və çöldən çıxıntılarla möhkəmləndirilmişdir. Divarın qalınlığı 2,3-2,7 metr, hündürlüyü isə 2,5-2,7 metr arasındadır. İlk dövrlərdə divarın daha hündür olduğu güman edilir. Çalxanqala müdafiə divarının ən mühüm xüsusiyyəti, divarların müəyyən məsafədə xaricə və içəriyə doğru çıxıntılı biçimdə inşa edilməsidir. Divarların müdafiə gücünü xeyli artıran bu tip texnikaya, indiyədək Azərbaycanın başqa abidələrində rastlanmamışdır. Ümumi planda, Çalxanqala düzgün olmayan çoxbucaqlıya bənzəyir. Qalanın biri cənub-qərbdə, digəri isə cənub-şərqdə olan iki qapısı vardır. Cənub-qərbdəki qapının eni 2,4-2,5 metr, hündürlüyü isə 3,1 metrdir. Qapının üzəri bütöv bir sal daşla qapalı olmuşdur. Qapı girişi hər iki tərəfdən kontrforslarla möhkəmləndirilmişdir. Qala divarının iç tərəfində divara birləşən üçotaqlı bir binanın qalıqları var. Düzbucaqlı formada olan binaların divarının qalınlığı 1- 1,2 metr arasındadır. Qala divarlarının cənub tərəfində, təpənin ətəyində də dördkünc planlı evlərin qalıqları vardır. Daş təməl üzərində tikilən bu binaların içərisi torpaqla dolmuşdur. Ola bilsin ki, onların üst hissəsi çiy kərpicdən inşa edilmişdir. Qala divarlarını e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar.
Vəli Baxışəliyev Azərbaycan arxeologiyası