Facebook Pixel Code
GoMap XƏRITƏ
Pənah xanın imarəti
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0232
Avtobus

Pənahəli xan imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan — Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. İmarətin bir-birinə perpendikulyar şəkildə qoyulmuş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. Bu evlər baş fasadları ilə həyətə açılırmış.

İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur. İç divarlarında çoxlu dərin tağçaları olan mərkəzi salonun 50 kvadrat metrə yaxın olan sahəsi səkkiztinli günbəzlə örtülüdür. Özümlü tromplar üzərində qurulan günbəzin təpəsində fənər şəklində işlənmiş işıq və hava bacası qoyulmuşdur. Salonun qapısı üç tağlı dərin eyvana açılır. Sivri eyvan tağları bütöv daşdan yonulmuş sütunlar üzərində qurulmuşdur. Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqdan ibarət həcmlər birləşmişdir. Otaqlar tağbəndlə örtülüdür. XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun cənuba yönəlmişdir. İmarətin ikinci binası planda uzunsov düzbucaq formada olub iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə — şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür.

Son xəbərlər