XI-XIII əsrlərdə Şirvanşahların Abşeronda möhkəmlənməsindən sonra yarımadanın ərazisində böyük tikinti işləri aparıldı. Tikililərin arasında qala və qüllələr əsas yer tuturdu - onlar feodal çəkişmələri üçün etibarlı istinadgah, həmçinin yadelli işğalçılarının hücumlarından qorunmaq üçün sığınacaq idi. XII əsrdə rus quldurlarının dənizdən Abşerona hücumu zamanı bu məsələ daha qabarıq şəkildə gündəmə gəldi. Beləliklə, 1175-ci ildə Şirvanşah I Axistan 73 gəmi ilə hücum edən rus işğalçılarının bir neçə hücumunu dəf etdi. Abşeron yarımadası boyunca yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmamışdı. Abşerondakı qalalar Qərbi Avropanın eyni dövrə aid qalalarından fərqlənir - onların içərisində yaşayış və xidməti tikililəri olan geniş həyət yoxdur. Belə tikililər qala divarlarından xaricdə yerləşirdi. Qullələr yalnız hücum zamanı feodalın və onun vassalının passiv müdafiəsi üçün müvəqqəti sığınacaq rolunu oynayırdı. Abşeronun bütün qalaları vahid müdafiə sisteminə daxil idi. XVII-XVIII əsrlərdə qüllələr xəbərdarlıq rolunu oynayırdılar - düşmən yaxınlaşarkən qalaların başında neft yandırılırdı və bununla əhali təhlükədən xəbər tuturdu. Abşeronun qalaları çox oxşardır. Onların çoxu kəndlərin qurtaracağında və ya ümumiyyətlə onlardan kənarda yerləşir. Formalarından - dairəvi və ya dördkünc - asılı olmayaraq, Abşeron qüllələri, demək olar ki, eyni planla tikilirdi. Onların hamısı dördkünc qala divarları ilə əhatə olunmuşdu. Daş divarla dövrələnmiş bütün qüllələrin həyətinin sahəsi 20-25 metr idi.Hündürlüyü boyunca qüllə ikidən səkkizədək müxtəlif sayda mərtəbələrə bölünürdü, onların arasında əlaqə qalanın içərisindəki pilləkənlər vasitəsilə qurulurdu. İkinci mərtəbəyə pilləkən yoxdur, görünür, ora qalxmaq üçün asma nərdivanlardan istifadə edilirdi. Bütün qalaların birinci mərtəbəsinin hündürlüyü 6,5-7 metr, yuxarı mərtəbələrin hündürlüyü - 3,5-4,5 metrdir. Eyni zamanda dəyirmi qüllələrin diametri (3,5-5,5 m), dördkünc qüllələrin tərəflərinin uzunluğu və divarların qalınlığı (2 metrədək) oxşardır. Qüllələrin müdafiəsi üçün bütün vasitələr üst meydançada mərkəzləşir və orada yerləşdirilən oxlu dişləri olan pilləli sipərlə örtülürdü. Birinci mərtəbə istisna edilməklə qalanın bütün mərtəbələrində içəridən genişlənən ensiz, zolaq şəkilli çıxıtılar əsasən işıqlandırma və ventilyasiya üçün nəzərdə tutulmuşdu. Məhdud ölçüləri onlardan hərbi məqsədlə istifadəsinə imkan vermirdi. İbtidai kanalizasiya xətləri - dirəklər və su ilə dolu quyular həm də mühasirə zamanı burada müvəqqəti yaşayışdan xəbər verir. Ramanadakı, Nardarandakı qüllələr və Mərdəkandakı iki qala dövrümüzədək yaxşı vəziyyətdə gəlib çıxıb, Bilgəh, Şağan və Qaladakı qalalar dağınıq vəziyyətdədirlər. Maştağa, Şüvəlan, Keşlə, Hövsan, Buzovna kəndlərində də qüllələr vardı. Beləliklə, Abşeron ərazisində 30-dək qala mövcud idi. Mərdəkandakı dördkünc qala XVI əsrdə ucaldılıb. Daxili həyətinin ölçüsü 28x25 metrdir. Qalanın hündürlüyü 22 metrdir, 5 mərtəbədən ibarətdir.