Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qaladır. Qala təxminən 1 ha sahəni əhatə edir. Təpə üzərində salınmış bu qalanın xarabalıqlarını hazırda meşə basmışdır. Qala şimal-cənub istiqamətində uzanan düzbucaq biçimdə olub küncləri yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Qalanın bünövrəsi daşdan, divarları 28x28x6 sm ölçülü bişmiş kərpiclərdən hörülmüşdür. Hündürlüyü 4-5 metr, eni 1,5 metrdir. Abidənin ərazisindən toplanmış arxeoloji materiallar əsasən IX-XII əsrlər üçün səciyyəvi şirli və şirsiz saxsı materiallarından ibarətdir. Qala ərazisindən həm də mis, gümüş və Bizans qızıl pulları tapılmışdır. Kvadrat formalı kərpicdən tikilmiş qaladakı yaşayış məskənlərinə çəkilən, gildən düzəldilmiş su boru sisteminin qalıqları aşkar edilib. Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkin sığınacağı olub. Bir zamanlar Xürrəmilərin sığındığı Bəlləbur qalası, bölgənin ən qiymətli tarixi abidələrindən biri sayılır.
Bəllabur yaşayış yeri Lənkəran rayonunun Bəllabur kəndi yaxınlığında, Lənkərançayın sol sahilində bir neçə hektar ərazini əhatə edir və meşə ilə örtülmüşdür. Yaşayış yerinin mərkəzindəki təpədə Bəllabur qalasının qalıqları yerləşir. 1983-cü ildə təsərrüfat işləri zamanı yaşayış yerinin şərqində 0,8-1 m dərinlikdə sıra ilə basdırılmış 6 küp aşkarlanmışdır. Abidənin mədəni təbəqəsinin dağıntıya məruz qalmış sahəsində 3x3 m ölçüdə, 9 kv.m sahədə yoxlama qazıntı aparılmış, burada mədəni təbəqə yatımının qalınlığının 2 m-dən artıq olduğu müəyyənləşdirilmişdir. Abidə birtəbəqəli olub XIV-XVII əsrlər üçün səciyyəvi şirsiz və şirli saxsı qab qırıqlarından ibarət maddi mədəniyyət nümunələri ilə zəngindir.
http://big.az/forum/index.php?s=dbb369534f62ead3ede9e2cf384e37b7&showtopic=15805&pid=318769&mode=threaded&start=#entry318769
Vəli Baxşəliyev Azərbaycan arxeologiyası