Ağdam bölgəsinin daş plastikası tarixi baxımdan çox zəngindir. Onun ən qədim nümunələri 1973 ildə rayonun Boyəhmədli kəndində aşkar edilmişdir. Söhbət daşdan yonulmuş antropomorf (insana bənzər) fiqurlardan gedir. İndiyə qədər təxminən on ədəd belə fiqur aşkarlanmışdır. Fiqurların hündürlüyü 1–3 metrdir. Onların gövdəsi çox şərti və kobud işlənmiş, sifətləri isə lakonik və bir qədər abstrakt şəkildə ifa olunmuşdur. Fiqurların gövdəyə bitişdirilmiş əlləri relyeflə işlənərək müəyyən sitayiş durumundadır. Bütun bu əlamətlər həmin abidələrin ayin xarakterli olduğunu söyləməyə əsas verir. Azərbaycan ərazisində bu cür abidələrin mövcudluğu barədə məlumatlara orta əsr bədii ədəbiyyatında, tarixi səlnamələrdə və səyyahların qeydlərində də rast gəlinir. Tədqiqatçılar sözügedən abidələri ilkin orta əsrlərə aid edirlər. Qeyd etmək lazımdır ki, həmin abidələrin oxşarları respublikanın Bərdə rayonunda da aşkar edilmişdir. Bu fakt həmin daş plastikası nümunələrinin vahid mədəni ənənəyə və vahid mədəni məkana aid olduğunu söyləməyə əsas verir. Digər plastika nümunələrinə xatirə xarakterli qəbirüstü daşları aid etmək olar. Onların başlıca hissəsi son orta əsrlər dövrünə (XVI–XVIII yüzilliklər) təsadüf edir. Belə tipli abidələrə həm süjetli qabartmalar, həm də ənənəvi olaraq nəbati naxışlarla epiqrafik yazıların vəhdətindən yaranmış kompozisiyalar (Uğurlu bəyin qəbri, XIX yüzillik) daxildir.
Ağdam heykəllərinin üzərində heç bir yazı yoxdur. Hələ bizdən əvvəl 1973-cü ildə həmin heykəlləri yerindəcə tədqiq etmiş bir qrup arxeoloq da onların səthində hər hansı bir yazı nümunəsini aşkar etməmişdir. Əslində bu heykəllər Boyəhmədli kəndindən deyil, Boyəhmədli kənd inzibati – ərazi vahidliyinin Mollalar kəndi yaxınlığından tapılmışdır.
http://zerrintac.azeriblog.com/2008/10/18/medeniyyet-2