Üzeyir Hacıbəyovun abidə kompleksi - Sumqayıtda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Sumqayıt şəhərindəki adını daşıyan küçədə 2009-cu ildən inşa edilən abidə kompleksində aparılan tikinti işləri 2010-cu ildə yekunlaşıb. Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. Ümumilikdə 1 340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv. m hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılır. Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib. Üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşdirilib.
http://sumqayit-ih.gov.az/content.php?page=news&id=1034&n=33