"Əbədi Məşəl" abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə bu faciəyə qiymət verilərkən şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə yaradılması qərarı da qəbul olunur. Heydər Əliyev şəxsən bu məsələni diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir. Bir il sonra, faciənin beşinci il dönümündə keçirilmiş sərgidə iki layihə Prezidentə təqdim olunur. Həmçinin Heydər Əliyev heykəltaraş Ömər Eldarovun emalatxanasında onun hazırladığı eskizə də baxır. Hazırlanmış layihələr yalnız faciəni göstərdiyindən Prezident Heydər Əliyev daha bir neçə layihənin verilməsini tapşırır.Bildiyimiz kimi o dövürlərdə ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi. Buna görə Heydər Əliyev həmin mərhələdə çox böyük xərc aparan abidə yaratmağa imkanın olmadığını da bildirir. Digər tərəfdən memar və heykəltaraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq böyük olmayan bir abidə yaratmağı tapşırır. Prezidentin digər bir tövsiyəsi ondan ibarət olur ki, yaradılacaq abidədə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də göstərmək lazımdır.Sonrakı müddətdə layihələr hazırlanır. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Prezident Heydər Əliyevin 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılması haqqında sərəncam verir. Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə "Əbədi məşəl" abidə kompleksinin tikintisinin təmin edilməsi, Nazirlər Kabinetinə isə abidə kompleksinin tikintisinə 2 milyard manat məbləğində vəsaitin ayrılması barədə təklif verməsi tapşırılır. Beləliklə, abidə kompleksinin tikintisinə başlanılır."Əbədi məşəl" abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olmuşdur. Şəhidlər xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən ibarətdir. Sərdabənin divarlarını bəzəyən zərif şəbəkə monumental tikiliyə müəyyən xəfifliyi, hava kimi şəffaflığı bağışlayır. Gecə səmasında parlayan qızılı rəngli günbəz şəhər üzərində uçan Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən "Əbədi Məşəl" abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.