Məscid Göyçay şəhərinin mərkəzindədir. Həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi 360 kv.metr, hündürlüyü isə 7 metrdir. Məscidin layihəsini mülki mühəndis Zivər bəy Əhmədbəyov vermişdir. Layihə Nəcəf şəhərindən getirilib. Tikilmə tarixi 1902-ci ilə aiddir. Məscidin günbəzi dəyirmi formada olub, hündürlüyü 2 metrdir. Günbəzin üstü dəmir təbəqə ilə işlənmişdir. Minbəri taxtadandır və doqquzpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 2 metrdir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və açıq yaşılı rənglə işlənib. Divarlarda isə ərəb dilində Quran ayələri yazılıb. Dam dəmir təbəqə ilə örtülüb. Məscidin fasad tərəfdən divarları bişmiş kərpiclə işlənib. Divarlarda "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn" sözləri yazılıb.
1996-cı ildə məscidin yan tərəfində ikimərtəbəli daha bir bina tikilib. Məsciddə ibadət üçün bütün şəraitlər mövcuddur.1921 -ci ildə məscidin bağlanılması barədə göstəriş verilib. Bundan sonra anbar kimi istifadə edilib. 1930-cu ildə məscid yenidən açılıb. 1944-cü ildə rəsmi olaraq məscidin fəaliyyətinə icazə verilib. Qeyd edək ki, bu məscidin yerində vaxtilə də palçıqdan tikilmiş məscid olmuşdur. Lakin həmin məscid 1896-cı ildə dağıdılıb.
Bu məsciddə Axund Hacı, Qazi Hacı Xanməhəmməd, Molla Şirəli, Kərbəlayı Ağasəlim, Kərbəlayı Ağa Nuh, Mirfazilağa, Molla Bülbül, Axund Hacı Mirqəzənfər ağa kimi məşhur adamlar axundluq etmişlər.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası