Qazax şəhərində yerləşən bu məscid 1901-ci ildə Hacı Axund Zeynalabdin Cəfər oğlunun başçılığı, eləcə də yerli hacılar və digər sakinlərin köməkliyi sayəsində tikilmişdir. Məscidin həyətyanı sahəsi 1500 kv.metr, iç sahəsi isə 17x17 metrdir. Qazax şəhər Cümə məscidinin binası, habelə qoşa minarələri bişmiş kərpicdən inşa edilmişdir. Həyətyanı sahə asfaltla döşənmiş və bişmiş kərpicdən tikilmiş hasara alınmışdır. Minarələrin qülləsi dəmir təbəqə ilə işlənmişdir. Məscidin günbəzi və eləcə də damının örtüyü ağ dəmir təbəqə ilə işlənmişdir. Döşəmə daş plitə ilə döşənmişdir. İbadət zalı 8 tağdan ibarətdir. Tağların bir-birinə birləşdiyi divarların qalınlığı 2,30 metr, orta divarların qalınlığı isə 1 metrdir. Minbər taxtadandır və səkkizpilləlidir. Mehrab (hündürlüyü 3 metr) tağvari formadadır. Məscidin 3 giriş qapısı və 12 pəncərəsi vardır. Onlar taxtadan düzəldilib və tağvari formadadır. Minarələrə giriş ibadət zalındandır və onların hündürlüyü 18 metrdir. Günbəzin diametri 13 metrdir. Məscidin yaxınlığında vaxtilə tikilmiş hamamın bir hissəsi indi mədrəsə qismində istifadə olunur. Burada təxminən 30-35 qız təhsil alır.
Sovetlər dövründə məscid bağlı qalmışdır. Həmin müddətdə yeməkxana, anbar, əczaxana və kitabxana kimi istifadə olunmuşdur. 1990-cı ildə isə dövlət tərəfindən bərpa və təmir edilmişdir. Bərpa dövründə həyətyanı sahədə yardımçı otaqlar - iki sinif otağı, mürdəşirxana, dəstəmazxana və s. tikilınişdir.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası