Məscid Masallı rayonunun mərkəzindədir. İnşa tarixi 1846-cı ilə aiddir. Məscid yerli sakin Mirabdulla bəy, oğlu Mircavad bəy və Masallı hacılarının təşəbbüsü ilə tikilib. Həyətyanı sahəsi 600 kv.metr, iç sahəsi 18x9 metrdir.
Məscid qırmızı kərpiclə hörülüb. Dam örtüyü qırmızı kirəmitlə işlənib. Güldəstə formasında olan günbəzinin üstü qırmızı kirəmitlə işlənib. Günbəz dördguşəlidir. Məscidin iki giriş qapısı var. Qapıların ön tərəfində eyvan yerləşib. Eyvan məscidə 1989-90-cı illərdə əlavə edilib. 1983-cü ildə məscidin dam örtüyü dəyişdirilib. Həmin bərpa işi dövlət tərəfindən yerinə yetirilib. Sovetlər dövründə bu məsciddən anbar kimi istifadə edilib. 1983-cü ildən sonra məscid Masallı rayonu Tarix Muzeyi kimi istifadə olunub. 1989- cu ildə şəhər sakinlərinin təşəbbüsü ilə məscidin fəaliyyəti bərpa edilib. 1997-ci ildə şəhərin hacı və kərbəlayılarının təşəbbüsü ilə məsciddə təmir-bərpa işləri aparılıb. Bərpa zamanı məscidin ön divarına irandan gətirilmiş mərmərdən üz çəkilmiş və iç divarlarında bəzək işləri görülmüşdür.
Məscidin heyətyanı sahəsi asfaltla örtülüb. Döşəmədən tavana qədər hündürlüyü 6 metrdir. Döşəmə kərpic, tavanı isə taxtadandır. Minbər beşpilləli taxtadan düzəldilib. İç divarlar gəclə suvanıb. Tavan düzbucaqlı formada olub, 4 ədəd taxta sütun üzərində dayanıb. Məscidin ibadət zalı taxta arakəsmə ilə iki hissəyə - qadınlar və kişilər şöbəsinə ayrılıb. Məscidin tağvari formalı mehrabı divarın içindədir. Hündürlüyü 5 metrdir.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası