Hacı Ələkbər məscidi – Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayi Səfixanın ilkin işlərindəndir. Memarın minarəsiz məscidləri sırasına daxil olan Hacı Ələkbər məscidinin plan quruluşu kvadrat şəklində həll olunub. Bu məscidin ibadət zalında memar dörd ədəd səkkizbucaqlı sütun düzməklə onu üç nüfə ayırmışdır. Mehrab ilə üzbəüz olan tərəfin ikinci mərtəbəsində qadınlar üçün xüsusi şüşəbənd inşa etməklə o öz ənənəsinə sadiq qalmışdır. Həmin şüşəbənd baş fasadla sol tərəfdəki divarın kəsişdiyi küncün xarici divarından açılmış qapıdan daxil olduğu yolu ümumi girişdən tamamilə ayırmışdır. Məscidin ibadət zalını 9 ədəd sivri şəkilli günbəz örtür. Zaldakı aşırımları tamamlayan oxvari tağbəndlər də günbəzlərlə həmahənglik təşkil edir. Daxili divarlardakı plyastrlar mərkəzdəki ütunların oxu ilə bir istiqamətdə yerləşdirildiyindən onlar tağbəndlərin bir qanadını öz üzərinə qəbul edirlər. Beləliklə, həmin plyastrlar da ümumi konstruksiya həllinə xidmət edir. Memar Hacı Ələkbər məscidinin daxili memarlıq həllində bəzək məqsədilə heç bir dekorativ elementin işlədilməsinə yol verməmişdir. İbadət zalının sadə daş konstruksiyası və onun yüngül relyefli azacıq bəzədilmiş mehrabı bu məscidin daxili fəza həllinə bir sərinlik və sərbəstlik bəxş edir. Məscidin döşəməsi Qarabağ xalça palazı ilə bəzədilmişdir. Hacı Ələkbər məscidinin portalı qeyri-simmetrik şəkildə həll olunmuşdur. Bu da qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki şüşəbəndin və onun alt tərəfindəki – birinci mərtəbədəki köməkçi otağın böyük götürülməsinə nail olmaqdan irəli gəlmişdir. Məscidin ağ rəngli divar fonunda alaqaranlıq görünən oxvari çatmatağlı portalı Ağdam məscidinin girişini xatırladır. Məscidin arxa tərəfindən başqa, digər üç fasadın da divar səthindən nisbətən irəli çıxmış plyastrları onun daxili konstruksiyasının davamı kimi baxılır. Hacı Ələkbər məscidinin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayi Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – h.t. ilə 1307-ci il göstərilir. Bunu da miladi ilinə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bəs bu dini ocaq nə üçün Hacı Ələkbər məscidi adlandırılmışdır? Hacı Ələkbər xeyrilyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrdən birincisinin qənşərində dəfn etmişdir.
Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği