Ağdam şəhərində olan, Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilmişdir. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilmişdir. Ağdamın cümə məscidi olan bu abidəni 1868–1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaltmışdır. Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır. İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır. Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə kvadrat forma vermişdir. Məscidin klassik sadəliyi, həndəsi forma təmizliyi ilə seçilən və funksional tələblərə mükəmməl cavab verən planı var. İç yerləşgələri günbəz, tağ və tağbəndlərlə örtülü olan məscidin daşdan tikilmiş kubik tutumu Qarabağ zonası üçün ənənəvi olan dördenişli bütöv çardaqla örtülmüşdür. Çardağın şimal fasada çıxan uclarından kərpic minarələr yüksəlir. Minarələrin incə silindrik tutumları üfüqi kəmərlərlə hissələrə bölünmüş və hər hissənin səthi kərpic hörgüsündən yaranmış sadə naxışlarla üzlənmişdir. Belə bir bədii dekorativ üsulla minarələrin məscid kompozisiyasında oynadığı dominant rol daha da gücləndirilmişdir. Bütövlükdə plan quruluşu kimi, Cümə məscidinin həcm kompozisiyası da sadə və ciddidir. Memar Kərbəlayi Səfi Xan Qarabaği* orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq — inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır.