Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Milli Xalça Muzeyi
Baxış sayı:

Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.
Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Milli Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.
Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, “Azərbaycan xalçası” adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.
Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidinin binasında açılmışdır. Ekspozisiyanın açılış mərasimində muzey yarandığı gündən böyük dəstəyini əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Həmin illərdə muzey üçün Azərbaycan xalça sənətinin inciləri alınd.
1992-ci ildə Azərbaycan Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürüldü. 1991-ci ildə SSRİ-nin süqutundan sonra prezident sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində yerləşən 13 geniş zalda yerləşirdi.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və YUNESKO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.

Avtobus
Son xəbərlər