Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyi 1968-ci ildə Mədəniyyət Şöbəsinin müdiri Süleyman Rüstəmovun Əmri əsasında yaradılmışdır. Mədəniyyət işçilərinin iki günlük seminar müşavirəsində rayonun tarixini öyrənmək və yaşatmaq məqsədilə Qubadlı rayon Tarix Ölkəşünaslıq muzeyinin yaradılması bəyənilmişdir. Mədəniyyət işçiləri öz ərazilərində keçmiş tarixi əşyaları toplayaraq muzeyə təhvil vermişdirlər. Muzey üçün Mərkəzi kitabxanada bir otaq ayrılmışdır. Bu iş kitabxananın müdiri Telli xanım Qafarovaya həvalə edilmişdir. Muzeyə daxil olan eksponatlar Mədəniyyət Şöbəsi tərəfindən möhürlənmiş və səhifələnmiş kitaba qeyd olunurdu. Eyni zamanda yerlərdə guşələr yaradılırdı. Rayonda Mədəniyyət evi tikiləndən sonra Mədəniyyət evində muzey üçün iki otaq ayrılmış eksponatlar Mərkəzi kitabxanadan ora köçürülmüşdür. 1972 –ci ildə Mədəniyyət evində muzeyə rəhbərliyi Avtoklubun müdiri Əvəz Hüseynquliyev edirdi. Qubadlı rayonTarix-diyarşünaslıq muzeyi 1980-ci il may ayının 6-da Ulu Öndərimiz Heydər Əliyevin Sərəncamı ilə Qubadlı şəhərində yaradılmışdır. Muzeyin eksponatları əsasən rayon Mədəniyyət Şöbəsində vaxtı ilə yığılan eksponatlardan ibarət idi. Həmin dövrdə Qubadlı rayon Partiya komitəsinin I katibi işləmiş Zöhrab Məmmədovun yaxından köməkliyi sayəsində əhalidən qısamüddətdə minlərlə eksponat toplanmış və muzeyə hədiyyə edilmişdir. Muzeyin eksponatları bölmələrdə yerləşdirilmişdir. İşi daha yaxşı təşkil etmək üçün Bakı şəhərindən muzey işini bilənlər Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyinə dəvət edilmişdirlər. Bu şəxslərdən biri də əslən Qubadlıdan olan Sərraf Kərimov idi. O, heç bir əziyyətə baxmayaraq yorulmadan rayonda əsl muzey yaradılması üçün var-qüvvəsini əsirgəmirdi. Muzeyin yaradılmasında Rayon Mədəniyyət evinin direktoru işləyən Fəxrəddin Allahverdiyevin də əməyi az olmamışdır. Bu işdə bütün rayon sakinləri yaxından iştirak edirdi. Muzey dövrün muzeylərinə xas olan qədim dövr, Sovet dövrü, fauna və floravə s. bölmələrdən ibarət idi. Təbiət bölməsində rayonun fauna və florası haqqında geniş və hərtərəfli məlumatlar verilirdi.
Qədim dövr bölməsi ən qədim dövrlərdən b.e.ə. və b.e -nın ilk əsrləri və orta əsrləri əhatə edirdi. Eksponatların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri- taxta və mis qablardan ibarət idi. Müxtəlif etnoqrafik alətlər-xış, vəl, qədim, milli formada olan kişi və qadın geyimləri və s.fərqli ekspozisiyalar sırasında idi.
Sovet dövrü bölməsində 1920-ci ildən sonrakı dövrlər kollektivləşmə, kolxoz qurulucuğu 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi, müharibədən sonrakı dinc quruculıuq illərinə aid stendlər, fotolar, sənədlər və s. əşyalar nümayiş etdirilirdi. 1993-cü ilə qədər muzeydə üç mindən artıq eksponat toplanmışdır. Bu eksponatların toplanmasında muzey əməkdaşlarının böyük əməyi var idi. 1980-ci ildən 1992-ci ilə qədər muzeyə rəhbərliyi Məmməd Salayev edirdi. 1992-ci ildən muzeyə Vaqif Babayev rəhbərlik edir.
Bu kimi əşyalardan ibarət ekspozisiyalar 13 il öz qapılarını müsafirlərin üzünə açdı. 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olundu. Muzeyin eksponatları işğal zonasında qalaraq ermənilər tərəfindən vəhşicəsinə talan edildi.
Məcburi köçkünlük dövründə də muzey işçiləri öz işlərindən ayrılmır yeni eksponatlar toplayaraq muzeyin fəaliyyətini bərpa etmək istəyirdilər. 1998-ci ildə muzey Sumqayıt şəhərində yerləşən “ 28 May Mədəniyyət evi”ndə öz işini bərpa etdi. Qısa müddətdə muzeyin fonduna xeyli eksponat toplandı. Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqovun qayğısı və diqqəti sayəsində muzey 2013-cü ilin avqust ayında Qubadlı Rayon İcra Hakimiyyətinin binasında müasir standartlara cavab verən geniş və işıqlı otağa köçürülmüşdür.Muzeyin fondu qədim və müasir dövrə aid eksponantlarla daim zənginləşdirilir. Hal hazırda muzeyin fondunda 948 eksponat vardır.
Muzeyin eksponatlarla zənginləşdirilməsində muzey əməkdaşlarının , o cümlədən rayon sakinlərinin əməyi danılmazdır.
İcra Başçısının əhali arasında maarifçilik və təbliğat fəaliyyətinin nəticəsində 2017-ci ilin aprel-may aylarında rayon əhalisinin muzeyə təqdim etdiyi qiymətli əşyalar arasında xüsusilə rayon əhalisinin toxuduğu əsasən xalça, palaz, kilim, şəddə və xalça məmulatları, məişətdə istifadə olunan gildən və misdən hazırlanan əşyalar üstünlük təşkil edir. Həmin əşyalardan təşkil edilən sərgi ziyarətçilər arasında daha çox marağa səbəb olur.
Müstəqillik dövründə uğurla addımlarını atan Respublikamızın, eləcə də rayonumuzun inkişafı muzeyin stend və sərgilərində öz əksini tapır.