Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Neftçilər, Bakı, Səbail, AZ1000
Avtobus

Qarabağ muzeyləri

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyət göstərib. Hazırda 103 minlik eksponat fondu erməni quldurlarının işğalı altında qalıb.

Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında bilgiləri gənc nəslə çatdırmaqla yanaşı, həm də beynəxalq təşkilatları itkilərimiz barədə dürüst məlumatlandırmaqdır.

 

Cəbrayıl rayonunda Tarix-Diyarşünaslıq müzeyi  II Dünya Müharibəsindən əvvəl təsis olunmuşdu. İ.V.Stalinin  adını  daşıyan muzey 1953-ci ildə  ləğv edildi və eksponatları arxivə verildi. Az müddət sonra onun yerində yenidən Tarix-Diyarşünaslıq Muzeyi yaradılaraq, iyirmi ildən artıq bir müddətdə ictimai əsaslarla fəaliyyət göstərdi.

 

Muzey 1980-ci ilin dekabrında rəsmi status aldı və ştat cədvəli təsdiqləndi. Həmin ildə Cəbrayıl rayon Partiya Komitəsinin təşəbbüsü ilə şəhər orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verilmiş və qısa müddət ərzində təmir edilərək dekabrın 8-də ilk ziyarətçilərini qarşılamışdır. Muzeyin sığındığı internat binası şəhərin “Sağ sahil” küçəsində yerləşirdi.

Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları,  dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənirdi.

 

 

Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə əldə olan materialların xronolojı ardıcıllığı və dövrlərə görə düzülməsi, habelə tərtibat işləri həyata keçirilmişdir. Muzeyin təşkilində rayon ziyalısı Şəhriyar Quliyev də yaxından  kömək göstərib.  Ş.Quliyev sonradan muzeyin ilk direktoru təyin olunur.

Təlimata uyğun olaraq muzey ekspozisiyası üç bölmədən ibarət idi: təbiət bölməsi,  qədim dövr və sovet dövrü.

Təbiət bölməsi ənənəvi olaraq rayonun florası – bitki örtüyü, faunası – heyvanlar aləmi haqqında geniş və hərtərəfli məlumat verirdi. Burada ayrı-ayrı bitki növlərindən qurudulmuş nümunələr, toxumlar, müxtəlif yazılı informasiyalar, o cümlədən rayon ərazisində vəhşi heyvan və quşların müqəvvaları, onların qidalanması və sair sərgilənirdi.

Qədim dövr bölməsi ən qədim dövrlərdən – b.e. əvvəlki cəmiyyətin müxtəlif inkişaf dövrlərindən tutmuş bizim eranın ilk əsrləri və orta əsrləri əhatə edirdi. Bu materialların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri, müxtəlif sirli qalıqlar,  taxta və mis qablardan ibarətdir. XIX və XX əsrin əvvəllərində Qarabağ  xalça məktəbinin  Cəbrayıl qrupuna  aid xovlu və xovsuz xalça nümunələri, dekorativ tətbiqi sənətin digər bir qolu olan gümüş qadın və kişi kəmərləri, qadın döş və baş bəzəkləri, müxtəlif etnoqrafik alətlər – xış, araba, kotan, vəl, qədim  geyimlər və s. muzeyin dəyərli eksponatları sırasında idi.

İki otağı əhatələyən sovet dövrü eksponatları muzeyin ən geniş bölməsi idi. Azərbaycanda Sovet hakimiyyətinin yarandığı vaxtdan - 1920-ci ildən sonrakı dövrdə kollektivləşmə, kolxoz qurulucuğu, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərinə aid ayrı-ayrı stendlər, fotolar, sənədlər və digər qiymətli əşyalar nümayiş etdirilirdi.

23 avqust 1993-cü ilə - Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri  tərəfindən işğal olunana qədər rayon tarix-diyarşünaslıq muzeyinin kollektivi işlərini davam etdirməklə müxtəlif tədbirlər keçirirdi.

1993-cü ilə qədər  muzeydə 19 mindən artıq eksponat toplanmışdı.

Muzeyin ilk direktoru Şəhriyar Paşa oğlu Quliyev ilyarım bu vəzifədə çalışdı. 1981-1988-ci illərdə Fazil  Quliyev, 1982-ci ildən muzeydə kiçik elmi işçi kimi fəaliyyət göstərən Tariyel Abbaslı isə 1988-ci ildən sonra  muzeyin direktoru vəzifəsini icra edir.

1993-cü ildə erməni təcavüzü zamanı T.Abbaslının şəxsi təşəbbüsü ilə muzeyin əmlakının məhvinə imkan verilməmiş, eksponatları işğal altından çıxarmağa nail olmuşlar.

17 mindən çox eksponatın təxminən 16 mini beləcə xilas edilmişdir. Bu sıraya xalça və xalça məmulatları, gümüş və qızıl qadın bəzəkləri, gümüşdən kişi və qadın kəmərləri, gümüş xəncərlər, tariximizin müxtəlif dövrlərini əks etdirən tarixi və etnoqrafik materiallar, rayonun tarixi ilə bağlı fotolar, sənədlər aiddir. Muzeyin daşınması çətin olan bir sıra əşyaları, ümumilikdə 2 mindən artıq eksponat erməni işğalçıları tərəfindən talandı.

Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı İstiqlal muzeyində davam etdirir.

 

Son xəbərlər