Facebook Pixel Code
GoMap XƏRITƏ
Bülbülün Ev-Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Lətif Kərimov, Şuşa, AZ5800
Avtobus

1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır. Burada Bülbülün uşaqlıq illərindən bəhs edən şəkillər saxlanılırdı. Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Ekspozisiyada Bülbülün Azərbaycanda 20-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı «Arte Nostra»da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi. İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilmişdi. Vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi. Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirak və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri göstərilmişdi. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Həmin otaqda Bülbülün əmək adamları, sərhədçilər, uşaqlarla görüşlərinin fotoşəkilləri nümayiş etdirilirdi.

Muzeyin fasadında vurulan memorial lövhələrin arasında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən yaradılmış uşaqlıq illərinin portreti əks olunmuş və üzərində azərbaycan və rus dillərində yazılmışdı: «Bu evdə Azərbaycan Sovet professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbül anadan olmuş və uşaqlıq illərini keçirmişdir».

Hazırda Bülbülün Şuşadakı muzeyini və bütövlükdə yaradıcılığını təbliğ edən mərkəzdə, yəni Bakı muzeyində müzakirələrin, müşavirələrin, Bülbülün çıxışlarının stenoqramları, deputat nişanları, elmi əsərləri, parlament qeydləri, seçici məktubları və digər zəngin materiallar nümayiş etdirilir. Muzeydə Bülbülün yaradıcı elmi tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmış və geniş ictimaiyyətin müzakirəsinə verilmişdir. Əfsuslar olsun ki, Bülbülün Şuşadakı memorial muzeyi hal hazırda erməni işğalı altındadır. Bütün bu ekspozisiyalar Bülbülün vətəni Şuşada xeyli ətraflı nümayiş etdirilirdi.

Şuşada Bülbülün evi "Qoçarinov" rayonunun mərkəzində yerləşir.

http://www.azerbaijanarcheology.com/2008/12/memorial-museums-of-karabagh-occupied-by-armenia/

Son xəbərlər